27 Fevral 2020 14:13
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çin birinci dəfə ABŞ-la yola getməyəndə “atipik pnevmoniya”, ikinci dəfə özünü itirib, “ticrət müharibəsi”nə girişəndə isə koronavirus ortaya çıxdı. Al, bu da sənə “ticarət müharibəsi!” Yadınıza salım ki, atipik pnevmoniya zamanı da dünya böyük təlaşa düşmüş, Çinə ciddi ziyan dəymişdi. Nəticə nə oldu? Aydınlaşdı ki, qorxulu heç nə yox imiş”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Sosial şəbəkədəki paylaşımınızda indiyə qədər dünyada koronavirusa təxminən 80.000 adamın yoluxduğu, bunlardan cəmi 3.000-ə yaxınının öldüyü, 25.000 adamın artıq sağaldığına diqqəti çəkmisiz. Adi bir virusa isə hər il 4 milyona yaxın adamın yoluxduğunu, bunun da təxminən 350-400 mininin öldüyünü deyirsiniz. Belədirsə, o zaman koronavirus ətrafında yaranmış bu böyük təşvişin səbəbi nədir?

- Məsələ elə ondadadır ki, bu təşvişə səbəb yoxdur. Koronavirusa yoluxan hər 27 nəfərdən biri ölür. Bu, o deməkdir ki, virusun öldürücü qüvvəsi o qədər də böyük deyil. Ölənlər də əsasən orqanizmi hansısa səbəbdən zəifləmiş insanlardır – qocalar, digər xəstəliklərin daşıyıcıları, immun sistemində problem olanlar və sair. Yoluxma/ölüm nisbəti təxminən 3 faizdir. Bu, çox kiçik göstəricidir. Adi mövsümi qripdə bu faiz daha çox ola bilir. Amma biz qripdən nəinki qorxmur, çox vaxt eləcə, ayaq üstə, iş başında keçiririk.

Mən həkim deyiləm, mənim işim informasiya və rəqəmləri təhlil etməkdir. Təhlil edəndə isə yaranan mənzərə onu göstərir ki, sadəcə olaraq, dünyada koronavirusun yaxşı “PR”-ı gedir.

- Koronovirus, əvvəllər isə donuz və quş qripləri, Ebola və s. Sizcə, son illərdə ard-arda bu kimi qəribə virusların ortaya çıxması təsadüfdürmü?

- Əlbəttə, yox. Çin birinci dəfə ABŞ-la yola getməyəndə “atipik pnevmoniya”, ikinci dəfə özünü itirib, “ticrət müharibəsi”nə girişəndə isə koronavirus ortaya çıxdı. Al, bu da sənə “ticarət müharibəsi!” Yadınıza salım ki, atipik pnevmoniya zamanı da dünya böyük təlaşa düşmüş, Çinə ciddi ziyan dəymişdi. Nəticə nə oldu? Aydınlaşdı ki, qorxulu heç nə yox imiş.

Meksika özünü ABŞ-a qarşı pis apranda “donuz qripi”nə yoluxmuşdu. Axtarsaq, hər bir virusun belə maraqlı siyasi və iqtisadi xəstəlik tarixçəsi var. Bəzən isə səbəb çox banal da ola bilir, məsələn, Ümumdünya Səhiyyə Təşkilatının maliyyə ehtiyacı kimi. Yaxud, böyük əczaçılıq şirkətlərinin istehsal etdikləri vaksini sata bilməməsi də bu cür apokaliptik PR kampaniyalarının kökündə dura bilir.

- Niyə burada İsrail və ABŞ-ın adı daha çox hallanır, bunun əksi ola bilərmi?

- Niyə Çin və İran, məsələn, Hindistan yox? Axı Hindistanda epidemiyanın yayılması daha asan olardı, xarici turistlərə də daha tez keçərdi. Sadəcə olaraq, Hindistanı “xəstələndirmək” heç kimə lazım deyil – Çindən və İrandan fərqli olaraq. Hərçənd, əminəm ki, real epidemioloji vəziyyət araşdırılsa, Hindistan, yaxud xeyli başqa ölkələr xarici turistlər üçün daha təhlükəli bir yer olardı.

- “İsrail niyə virusa yoluxmur?” - bu iddia da oradan gəlir?

- Bir tərəfdən İsrailin səhiyyə sistemi çox yaxşı inkişaf edib, digər tərəfdən isə, dünyada ona qarşı belə bir kampaniya aparılmayıb. Əgər beynəlxalq mediada aparılan kampaniya nəticəsində yaradılan vəziyyəti kənara qoysaq, Çində dəhşətli heç nə baş vermir. 3 ayda 2800 nəfər sətəlcəmdən ölüb – bu, çox adi bir haldır. Təxminən 5 il əvvəl Afrikada Ebola epidemiyası zamanı yaranan vəziyyət daha faciəli idi. Amma onda biz heç bu qədər narahat olmurduq, çünki dünya mediası mövzu ətrafında informasiya fırtınası qoparmırdı.

- XXI əsr, hər şey çılpaqlığıyla ortada, elmi-texniki tərəqqi, internet resursları, öyrənməyin ən asan yolları var və s. Belə bir təəssürat yaranır ki, müasir insan özündən əvvəlkilərdən daha tez təbliğata uyur və daha tez inanır. Niyə proses bu yönə gedir?

- Çünki müasir insanın beyni 100 min il əvvəl mağarada yaşayan insanın beynindən praktik olaraq, çox da fərqlənmir. Düşüncə tərzimiz müəyyən qədər dəyişib, amma beyin həmin beyindir. Sürü instinkti başda olmaqla, bütün əsas instinktlərimiz olduğu kimidir. Kütləni idarə edən qanunlar da həmçinin, dəyişməyib. Ona görə də insanların manipulyasiyalara belə asanlıqla uymasında təəccüblü heç nə yoxdur.

- Koronavirusun tüğyan etdiyi bu günlərdə belə bir xəbər yayıldı ki, Çində bu virusun müsəlmanlara yoluxmadığını düşünən minlərlə çinli islamı qəbul edib. Nə düşünürsünüz?

- Nə deyim, vallah. Yəqin, İranda yoluxanlar əsl müsəlman olmayıblar və koronavirus əsl müsəlmanı münafiqdən ayırmağı bacarır. Əlhəmdülillah. İlk dəfə eşidən paylaşsın, bəyənməyən qalmasın.


Müəllif: Mənsur Rəğbətoğlu