27 Fevral 2020 22:37
2 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox adam elə bilir ki, koronavirus yeni virusdur, halbuki yeni deyil. Ötən ilin dekabrından etibarən xəstəliyin yeni dalğası baş qaldırıb ki, buna da COVID-19 adı verilib.

Bunu Teleqraf.com-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

O qeyd edib ki, koronavirus özündə 40 cür virusu birləşdirən toxumadır:

“Virus ilk dəfə 1965-ci ildə kəskin rinit olan bir xəstədə aşkar edilib. İnsana pişiklərdən, quşlardan, itlərdən, iribuynuzlu heyvanlardan (mal-qara), donuzlardan, dovşanlardan və dəniz məhsullarından yoluxur. Əlamətləri kəskin respirator xəstəliklərin və qripin əlamətlərinə oxşardır. Yəni, əsasən öskürək (quru bəlğəmli ola bilər), qızdırma, təngnəfəslik, ümumi halsızlıq, əzələ və oynaq ağrılarından ibarətdir. Koronavirus ciddi təhlükəli deyil. İndiyədək hər qrip mövsümündə mövsümi qriplə bir yerdə rast gəlinir. Sadəcə, diaqnostika olmadığı üçün bunun diaqnozu qoyulmur. Mövsümi qrip kimi gedir. Hər bir insan ömründə ən azı bir dəfə koronavirusa yoluxur. Amma ciddi hallar 2012-2013-cü illərdə rast gəlinib. Bilirsiniz ki, həmin vaxt SARS və MERS sindromları oldu. Dünyanın bir sıra ölkələrində yayıldı, bu da koronovirusla əlaqəli idi. Sonuncu rast gəlinən Çinin Vuhan şəhərində rast gəlinən koronavirusdur”.

İnfeksionist-hepatoloq qeyd edib ki, COVID-19 virusu sürətlə yayıla bilir. Amma ölüm göstəriciləri həm mövsümi qripdən, həm də bundan qabaq SARS və MERS sindromlarından daha azdır – 2 faizdir:

“Yəni, 100 yoluxmuş insandan 2 nəfərində ölüm halları verir. İmmun sistemi zəif, yaşlı, xroniki ağciyər xəstəlikləri, bronxit olan insanlarda daha çox ölüm hallarına rast gəlinir. Ölümün səbəbi də pnevmoniyalar olur”.

Hələlik Azərbaycanda xəstəliyə yoluxma halının rast gəlinmədiyini deyən Mərdan Əliyev xəstəliyin mövsümünün artıq sona yetdiyini vurğulayıb:

“Mart ayının sonları koronovirusun sönmə ərəfəsidir. Artıq apreldən böyük ehtimalla olmayacaq. Çünki mövsümi sona yetir. Bildiyiniz kimi kəskin respirator xəstəliklərin mövsümi dekabr-mart aylarıdır. Bundan sonra isə sona çatır”.

Həkim bildirib ki, vətəndaşlarımız ilk növbədə COVID-19-un yayıldığı ölkələrə getməkdən çəkinməlidirlər:

“İlk növbədə bu tələbə əməl etmək lazımdır. İkinci, bu xətəlik hava-damcı və kontakt yolu ilə yoluxur, ona görə də açıq havada daha çox olmaq, otaqların havasını gündə iki dəfə dəyişmək lazımdır. Əlləri sabunla tez-tez və yaxşı-yaxşı yumaq lazımdır. Qapalı yerlərdə olmaqdan çəkinmək, xəstəliyə yoluxmaqda şübhəli və ya yoluxmuş insanla yaxın təmasda olmaqdan çəkinmək lazımdır. İmkan daxilində həmin şəxslə təmas zamanı maskalardan istifadə etmək lazımdır”.


Müəllif: Səxavət Həmid