29 Fevral 2020 08:37
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

1960-cı ildə İstanbulda çap olunmuş “İstanbul Ensiklopediyası”nın (İstanbul Ansiklopedisi) üçüncü cildində “Azərbaycanlılar. İstanbulda” başlıqlı bölmə var. Bu bölməni azərbaycanlı mühacir Əli Gəncəli hazırlayıb.

Müəllif məqaləsində son iki əsrdə müxtəlif səbəblərə görə İstanbula köç etmiş məşhur azərbaycanlı ailələr haqqında məlumat verib. Məqalədə Gəncədən, İrəvandan, Təbrizdən, Qarabağdan, Şirvandan, Bakıdan gələn ailələrin adları qeyd olunub, qısa şəkildə fəaliyyətlərindən bəhs edilib.

Məqalənin girişində Əli Gəncəli İstanbulun fəthindən sonra Azərbaycan torpaqlarından buraya gələnlər barədə yazıb: “İstanbulun fəthindən günümüzədək müxtəlif dövrlərdə müxtəlif vasitələrlə, fərqli yollarla İstanbula xeyli azərbaycanlı türklər gəlib, burada yerləşib, böyük bir qismi bir-iki nəsil sonra istanbullularla qaynayıb qarışıblar. Fateh hələ uşaq ikən Mövlanə Şirvani vasitəsilə “Gülüstan”ı oxuyub.

Fateh dövrünün şairlərindən Mövlanə Kabulinin də Şirvandan gəlməsini divanından öyrənirik. Birinci Dünya Müharibəsindən əvvəl İstanbulda 25 min azərbaycanlı vardı; heç bir dövlətin pasportunu daşımayıb başıboş gəzənlər buraya daxil deyildir. İstanbulda azərbaycanlılar hər işdə, hər yerdə, hər sənətdə görünürlər”.

Əli Gəncəli qeyd edib ki, bir neçə sənət sahəsi var ki, İstanbula gələn azərbaycanlılar arasında daha geniş yayılıb, bu da onların gəldikləri şəhərlərlə bağlıdır. Məsələn, təbrizlilər xalı ticarəti, kağız və dəftərxana işləri ilə, salmaslılar və xoylular çuvalçılıq, sandıqçılıq, gömrük hamballığı, vasitəçiliklə, şirvanlılar xalı, ipək, qumaş ticarəti, pambıq parça, dəsmal və başqa işlərlə məşğul olublar. Şirvandan gələnlərin çoxu alim və fazil insanlar olduqları üçün yaxşı vəzifələrə, xocalığa və ziyalı zümrəyə məxsus işlərə qədər yüksəliblər. Gəncəlilər xalı, qumaş, çay və qəhvə işləri ilə daha çox məşğul olublar.

Qarabağdan gələnlər isə çay ticarəti, qızıl-gümüş, əntiq əşyaçılıq, səbüştərlilər qəhvəçilik, hotelçilik, tütünçülük, sələmçilik işləri görüblər.

Əli Gəncəli məqaləsində İstanbulda yaşayan məşhur ailələrin adlarını çəkib, onların hansı bölgələrdən gəldiyini qeyd edib.

Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra siyasətçilərin, hərbçilərin bir qismi güllələndi, bir qismi isə Ənzəli və Batum üzərindən Türkiyəyə mühacirət edə bildilər. Əsasən, İstanbul şəhərində məskunlaşan bu şəxslər yaşadıqları ölkədə Azərbaycanın istiqlal mübarizəsini apardılar. İstanbulla yanaşı, Ankara, Trabzon, Qars, Iğdır, Amasiya kimi şəhərlərdə də mühacirət həyatı yaşayanlar oldu. Həmin ailələrdən birinci və ikinci nəsil Türkiyədə vəfat etdikləri üçün burada dəfn olundular. Sovet Azərbaycanı dönəmində bu şəxslərin fəaliyyəti vətəndaşlardan gizlədildi, uzun müddət onlardan xəbərsiz qalındı.

İstanbulda yaşayan azərbaycanlılar Fəriköy, Qaraca Əhməd, Zincirliquyu, Ədirnəqapı kimi məzarlıqlarda dəfn olunublar. Qaraca Əhməd qəbristanlığının “İranlılar məzarlığı” və ya “Seyid Əhməd dərəsi” adlanan hissəsi isə şiə məzhəbli müsəlmanların dəfn edildiyi yerdir. Biz həmin məzarlıqdakı məzarların əksəriyyətinin siyahısını tərtib etmişik. Məzarlıqda tədqiqat apararkən qəribə bir məzara rast gəldik… Əvvəlcə, məzarlığın tarixinə nəzər salaq.

1853-cü ilin dekabrın əvvəlində 74 iranlı tacir Osmanlı hökumətinə ərizə ilə müraciət edib. Ərizədən məlum olur ki, həmin dönəmdə Qacar dövlətindən İstanbula gəlmiş tacirlər, burada yaşayan türklər və farslar Seyid Əhməd Dərəsi adlanan məkanı məzarlıq olaraq seçiblər. Ərizəyə imza atanların əksəriyyəti Təbriz, Xoy və Şiraz şəhərlərindəndir. Məzarlığın da həmin il salındığı ehtimal olunur.

XIX əsrin ikinci yarısından etibarən bu məzarlıq Qacar dövlətinin təbəələrinin, eləcə də, Qafqazdan köçən İslamın cəfəri qoluna məxsus müsəlman əhalinin dəfn edildiyi yerə çevrilib. Burada dəfn edilənlərin böyük əksəriyyəti Azərbaycan türkləridir. Bu məzarlıqda dəfn olunanlar arasında Azərbaycan Cümhuriyyətinin Tehran səfiri Adil xan Ziyadxan və onun ailə üzvləri də var.

Məzarlıqda dolaşdığımız zaman İrəvandan, Şamaxıdan, Bakıdan, Gəncədən olan həmyerlilərimizin məzar daşlarına rast gəldim. Bu şəxslərin bəziləri haqqında məlumatımız yoxdur. Bu məzarlıqda məni ən çox təəccübləndirən məzar daşı irəvanlı bir şəxsə aid oldu. Təsadüfən iki məzar arasında torpağa batmış və yox olmaq üzrə olan məzar daşınının torpaq dolu üst təbəqəsini təmizlədikdən, su ilə yuduqdan sonra bu yazını oxuya bildim:

“Huvel Baki.
Zair bu mezar bir abide-i yesi kederdir.

Bir genc güzelin göz yumarak yattığı yerdir.

Bir gönçe iken açmadı bir gün soluverdi.

Anne-babanın matemi ta göğlere erdi.

Tevellüdü 1907. Azeri Türk mühacirlerinden erivanlı Celil mahdumu nakam Asger efendinin ruhuna fatiha”.



Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər