Bu gün “Gündəlik Teleqraf” media qrupunun fəaliyyətə başlamasının 8-ci ili tamam olur.
2012-ci ildə təsis edilən media qrupunun eyni adlı qəzeti martın 1-də çapdan çıxıb. Daha sonra qəzetin saytı – Teleqraf.com, bundan başqa, Publika.az və Axar.az saytları oxucuların görüşünə gəlib. Qısa müddətdə media qrupuna daxil olan saytlar ölkənin ən populyar media resurslarına çevrilib.
Peşəkar komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan Teleqraf.com ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, mədəniyyət və incəsənət xadimləri ilə müntəzəm əməkdaşlıq edir. Siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, toplum, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edən Teleqraf.com eyni zamanda müxtəlif layihələri ilə məşhurdur.
Bu layihələrdən “Brifinq”, “Hadisə yerindən...” “Məşhur məktublar”, “Muzeydə bir gün”, “Danışan şəkillər”, “Avtoportret”, “Cinayət işi”, “Üçü birində...”, “Tozlu xatirələr” və s. qeyd etmək olar.
Ölkənin ən tanınmışları – ictimai xadimləri, siyasətçiləri, elm və mədəniyyət adamları, ən aktual mövzularla gündəmə gəlmiş yerli və xarici qonaqları, diplomatları redaksiyanın ofisində qonaq olub, əməkdaşlarla tanış olub, sualları cavablandırıb, özəl foto çəkdiriblər.
“Teleqraf” Media Qrupuna daxil olan Teleqraf.com saytı ilə yanaşı, bu gün Publika.az xəbər portalının da ad günüdür. Saytlar 8 il ərzində özünü yetərincə təsdiqləyib, ölkənin ən çox oxunan saytlarına çevrilib.
Bu müddət ərzində Teleqraf.com-la əməkdaşlıq edən bütün təşkilatlara və oxucularımıza təşəkkür edir, saytımızın daimi izləyicilərini təbrik edirik!