Bu gün Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, ölkənin ən stajlı hüquq müdafiəçisi Novella Cəfəroğlu doğum gününü qeyd edir.
Bu xoş günündə Teleqraf.com-a danışan hüquq müdafiəçisi bildirib ki, xüsusi bir ad günü məclisi təşkil etməyəcək:
“Əslində, bu gün mənə görə elə də əlamətdar deyil. Getdikcə yaşımın üzərinə yaş gəlir. Nə əlamətdar gün?Açığını sizə deyim ki, bu günü xüsusi bir formada qeyd etmək, məclis açmaq niyyətim yoxdur. Bizdə belədir ki, cəmiyyətimizin daxilində qızlarla qeyd edirik. Onlar da sağ olsunlar ki, vardırlar”.
Hüquq müdafiəçisi “ailə üzvlərinizin hamısı İsraildə yaşayır, nədən doğum gününüzü onlarla birlikdə qeyd etmirsiniz” sualına maraqlı cavab verib:
“Övladlarımın, ailə üzvlərimin vətəni İsrail, mənim vətənim isə Azərbaycandır. Mən Azərbaycanla nəfəs alır, doğum günlərimi burada qeyd edirəm. Azərbaycanı, vətənimi, insanlarımızı sevirəm”.
Dünəndən başlayaraq çox sayda təbrik zəngləri aldığını və indi də bu zənglərin davam etdiyini deyən hüquq müdafiəçisi bildirib ki, məhz bu səbəbdən Azərbaycanda nahaq yerə doğulmadığını düşünür:
“Bir daha anladım ki, nahaq yerə Azərbaycanda doğulmamışam, nahaq yerə vətənimi və insanlarımızı sevmirəm. Ən vacibi odur ki, mən insanları sevdiyim kimi insanlar da məni sevirlər. Bu bir daha göstərir ki, həyatı yaxşı yaşamışam və bu səbəbdən də minlərlə dostum var, məni bu gündə yad edir, təbriklərini bildirirlər”.