4 Mart 2020 14:56
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gündəlik xəttə çıxan 2100 avtobus dezinfeksiya olunub. Axşam saatlarında həmin avtobuslar təkrar şəkildə, xüsusi dərman məhlullarından istifadə olunmaqla təmizlənir. Eyni zamanda, avtobuslar son dayanacaq məntəqəsinə çatdıqda müəyyən dərman məhsulları vasitəsilə sərnişinlərin daha çox təmasda olduğu oturacaqlar, tutacaqlar dezinfeksiya olunur”.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında operativ qərargahın tapşırığına əsasən BNA koronavirusla bağlı qərargah yaradılıb: “Qərargahın 404 79 95 nömrəli qaynar xətt fəaliyyət göstərir. BNA-nın “Alo 141” ənənəvi çağrı mərkəzinə də koronavirusla bağlı sərnişinlərdən məlumat gələrsə, müraciətlər qərargahın qaynar xəttinə yönləndiriləcək”.

Mais Ağayev ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sağlamlığının bu cür epidemik vəziyyətlərdən qorunması ən vacib məsələlərdən olduğunu vurğulayıb: “BNA bütün daşıyıcı şirkətlərə qabaqlayıcı dezinfeksiya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verib. Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırığa nəzarət etmək üçün BNA-nın xüsusi mobil qrupları ayırılıb. Onlar əsasən gecə saatlarında dezinfeksiya işləri aparırlar. İstehsalat bazalarında monitorinqlər davam etdirilir”.

Agentlik rəsmisi bildirib ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində də qabaqlayıcı tədbirlər görülməkdədir: “Soyuq aylar başlayandan mərkəzdə dezinfeksiya işləri başladılmışdı. Əvvəllər yalnız şənbə günü gecə saatlarında təmizləmə işləri aparılırdısa, hazırda bu tədbirlər həftədə iki dəfə olmaqla həyata keçirilir. Nəqliiyat Mübadilə Mərkəzinin sərnişinləri, sürücüləri və digər personalı mütənmadi olaraq əllərini gigiyenik spirtlə dezinfeksiya edəbilməsi üçün xüsusi qutularda gigiyenik spirt məhsulları qoyulub”.

Mais Ağayev bildirib ki, koronavirusdan qorunma yollarının sərnişinlərə çatdırılması üçün ictimai nəqliyyatda maarifləndirmə işləri aparılması ilə bağlı bəzi göstərişlər verilib: “Epidemiyanın ölkəmizdə yayılmasının qarşısını almaq üçün gigiyenik olaraq marifləndirilmə vacibdir. “Baku Bus” və “Xaliq Faiqoğlu” avtobuslarında ictimai nəqliyyatda belə vəziyyətlərdə necə davranmaq lazım olduğu barədə müvafiq təlimatlar səsləndirilir. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində TƏBİB tərəfindən layihə həyata keçirilir. Burada TƏBİB tərəfindən hazırlanan broşurlar, bukletlərdə epidemiyanın əlamətləri, ondan qorunmağın yolları izah olunur”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər