4 Mart 2020 17:00
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Azərbaycan mediası koronavirus, onun dünyadakı təsirləri, ölkəmizdəki vəziyyət barədə məlumatlara daha çox üstünlük verməkdədir və bu təbiidir. Mətbuat Şurasının müşahidələri göstərir ki, aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrimizin mövzuya yanaşması peşəkarlıq standartlarına ümumən cavab verir. Bununla belə media məkanımızda virusla bağlı təşviş, qorxu, həyəcan yaradan çoxsaylı əsassız mülahizələrə də rast gəlinməkdədir.

Bu barədə Mətbuat Şurasından Teleqraf.com-a daxil olan məlumatda bildirilib.

Mətbuat Şurası hesab edir ki, bəzi media orqanlarının, xüsusən də xəbər saytlarının koronavirusla bağlı təqdimatları peşəkarlıqdan tam uzaqdır:

“Onların reytinq qazanmaq naminə həyata keçirildiyi şübhə doğurmayan fəaliyyətlərində real vəziyyət nəzərə alınmır. Belə yanaşma cəmiyyəti yanlış yönləndirmək cəhdidir. Buna qarşı isə müvafiq hüquqi addımların atılması mütləqdir. Xəstəlik epidemiyasıyla əlaqədar kütləvi çaşqınlıq, hansısa idarəolunmaz durumun yarandığına dair fikirlərin təqdimatı yolverilməzdir. Media məsələyə münasibətdə həssas davranmalı, yalnız həqiqətləri işıqlandırmalı, müxtəlif sosial şəbəkələr vasitəsilə dövriyyəyə buraxılmış mülahizələrin reallıq kimi insanlara çatdırılmasından uzaq durmalıdır. Jurnalistlər nəzərə almalıdırlar ki, yayılmış yalanın mənfi təsiri xəstəliyin özünün neqativ təsirlərindən daha güclüdür”.

Mətbuat Şurası qeyd edib ki, KİV-lərin belə durumlarda nümayiş etdirdiyi həssaslıq, soyuqqanlılıq ən böyük peşəkarlıq göstəricisidir:

“Peşəkarlıq rəsmi qurumların məlumatlarına istinad, müxtəlif yollarla əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır. Azərbaycan Mətbuat Şurası bunları bəyan edərək bildirir ki, koronavirusla bağlı xəbər olaraq yayılmış materiallar ciddi şəkildə diqqətdə saxlanılacaq. Qurum rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş materialların hüquq çərçivəsində qiymətləndirilməsi üçün səlahiyyətləri daxilindəki bütün tədbirləri görəcək.

Mətbuat Şurası KİV təmsilçilərini indiki şəraitdə cəmiyyət üçün həssas olan mövzunun işıqlandırılmasında obyektivlik nümayişinə, tələskənliyə yol verməməyə, yalnız həqiqətləri qələmə almağa çağırır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər