Vegetarianlıq qidalanmada ət və ət məhsullarından tamamilə imtina etmək deməkdir. Təkcə ət məhsullarından imtina edənlərə vegeterian, ət və heyvan mənşəli bütün qidalardan imtina edənlərə isə veqan deyilir.
Vegeterian sözünün mənşəyi latınca "vegetus" sözündəndir. Ət, balıq, quş əti, süd məhsulları və yumurta tələbata uyğun olaraq istehlak olunur. Qısacası, “ət yeməmək” mənasını verən bir qidalanma mədəniyyətidir.
“Food and Agriculture Organization of the United Nations”in araşdırmalarına görə, ən az ət yeyən ölkələr arasında ilk üçlüyü Banqladeş, Hindistan və Burundi tutur.
Azərbaycan ət yeməklərinə üstünlük verən ölkə kimi tanınsa da, vegeterian üsulunda qidalananlar da az deyil. Onlardan biri də müsahibimiz Səadət Ağayevadır.
Deyir ki, 2 ildən çoxdur vegetariandır. Bir ay veqan üsulu qidalansa da, yenidən vegeterianlığa qayıdıb. Qəribə də olsa, Səadət qayğıya ehtiyacı olan itlərin sığınacağına gedəndə bu qərara gəlib: “Oradakı itləri sığalladıqdan, onlarla oynadıqdan sonra həm uşaq ikən itlərə qarşı yaranmış fobiyama qalib gəldim, həm də düşündüm ki, spesizm etməyə artıq son qoymalıyam. İt və pişiklər üçün yem alıb onları bəsləməyə çalışıramsa, niyə inək, qoyun və digər canlılara eyni həssaslığı göstərmirəm? Artıq evdə bişirilən ət xörəəklərini sadəcə yemək olaraq yox, hansısa canlının cəsədi kimi görürdüm”.
Həmin gündən qida rasionundan əti çıxaran müsahibimiz deyir ki, yeni başlayanda az da olsa çətinlik çəkib: “Çünki siz radikal bir qərar verirsiniz və yeni həyat tərzinə uyğunlaşmalısınız. Əvvəlki vərdişlərinizi dəyişdirməlisiniz. Yemək alternativlərini çoxaltmalı, daha çox araşdırma aparmalı olursuz. Psixoloji olaraq buna hazırsınızsa və iradəlisinizsə, bu radikal dəyişim heç də çətin olmur”.
Səadət deyir ki, qidalanma üsulunu dəyişsə də, bu onun səhhətinə təsir etməyib: “Hər şey yaxşıdır. Tam əksinə özümü vegeterian olaraq daha sağlam hiss edirəm. Hazırda sevdiyim qeyri-ət məhsulları ilə qidalanıram. Meyvə-tərəvəzdən daha çox istifadə edirəm. Çalışıram ki, imkan və vaxt tapdıqca öz yeməyimi özüm hazırlayım”.
Əksəriyyət düşünür ki, yemək çeşidlərinin bolluğu ətdən asılıdır. Müsahibimiz isə bunun əksini iddia edir. Deyir ki, hətta ətlə bişirilən yeməklərin də vegeterian versiyasını hazırlamaq mümkündür: “Vegeterian alternativlər, yeməklər o qədərdir ki, saymaqla bitməz. Vegeterian biri üçün yeməyə nəsə tapmamaq heç vaxt bəhanə olmamalıdır. Kifayət qədər reseptlər, çeşidlər mövcuddur. Məsələn, dolmanı ətsiz, ancaq tərəvəzlərlə hazırlayanda çox dadlı olur. Əksər ət yeməklərini vegeterian versiyası ilə əvəzləmək əla alternativdir. Belə olduğu halda heyvanları istismar etmək üçün heç bir səbəb qalmır”.
Vegeterian olmaqla həm heyvanların, həm də təbiətin dostu olduğunu vurğulayan Səadət Ağayeva eyni zamanda, ət sənayesinin ekoloji baxımdan nə qədər zərərli olduğunun fərqinə vardığını da qeyd edir: “Vegeterian, veqan həyat tərzinin ekoloji aspektlərini də bildikdən sonra daha yaxşı həyat tərzinin bu olduğunu iddia edə bilərsən. Vegeterianlıq mənim üçün hansısa pəhriz növü deyil, bir yaşam tərzi, heyvanların istismarından boyun qaçırmağın, onlarla dost olmağın ən gözəl yoludur”.
Qida həhlükəsizliyi hərəkatının təsisçisi və sağlam qidalanma mütəxəsssisi Məhsəti Hüseynova isə düşünür ki, bəzi insanlar bu qidalanmanı pəhriz vasitəsi kimi seçirlər: “Bitkilərlə qidalandıqları üçün mədə-bağırsaq sistemi daha aktiv işləyir. Bitki mənşəli qidaların tərkibində lifli maddələri çox olduğuna görə bu insanlarda həzm problemləri olmur. Bu səbədən vegeterianlarda mədə-bağırsaq xəstəlikləri riski çox aşağıdır”.
Sağlam qidalanma mütəxəssisi vegeterianlığın faydası olduğu qədər zərərlərindən də söz açıb: “Adətən deyirlər ki, vegeterianlarda şiş xəstəliklərinə tutulma ehtimalı, xərçəng xəstəliyi riski çox az olur. Amma bu, birmənalı qarşılanmır. Statistikaya baxsaq, uşaqlıq xərçənginə tutulanlar arasında daha çox vegeterianlar yer alır. Lakin digər orqanlardan sidik kisəsi, mədə-bağırsaq xərçənginə tutulanlar arasında vegeterianlar azdır.
Eyni zamanda, heyvan mənşəli qidalardan uzaq qaldıqları üçün orqanizmlərində B12, sink, kalsium, D vitamini çatışmazlığı var, dəmir əskikliyi müşahidə olunur. Bunlar mərkəzi sinir sisteminin pozulması, nevroloji xəstəliklərin yaranmasına səbəb olur.
Beyin aktivliyi aşağı düşür, yaddaş zəifləyir. Eyni zamanda, vegeterianlarda autizm xəstəliyinə də rast gəlinir. Bu da daha çox azyaşlılarda müşahidə olunur. Vegeterian qızların cinsi yetişkənlik dövründə D vitamini çatışmazlığı özünü göstərir”.
Məshəti Hüseynova qeyd edib ki, vegeterianların qidalanmalarında amin turşuları, zülallar azdır. Bu səbəbdən orqanizmdə gücü balanslaşdırmaq üçün vitaminləri ya süni yolla, ya da paxlalı bitkilərdən bulqur, qarabaşaq yeyərək nisbətən tamamlaya bilərlər: “Vegeterianların qidalanmalarında yağ əskikliyi olduğu üçün qoz, fındıq, badam kimi çərəzlərdən istifadə edə bilərlər. Adətən, bəzi insanlar yağ əvəzinə soyadan istifadə edirlər. Soya dünya üzrə geni dəyişdirilmiş orqanizmlərdən biridir. Tərkibində GMO olduğu üçün bu məqamda diqqətli olmaları vacibdir”.
Mütəxəssis təkcə vegeterianlara deyil, hər kəsə tövsiyə edir ki, hansısa qidanı azaltdıqda və ya artıranda bunun miqdarına fikir versinlər: “Əti və ya tərəvəzi azaldıb-artırmağımız balanslı şəkildə olmalıdır. Orqanizmə bütün vitaminlər lazımdır. Hansınınsa əskikliyi müəyyən problemlərə səbəb olur”.