10 Mart 2020 13:35
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstənilən aksiya öz hədəfinə istiqamətlənməli, kimisə qıcıqlandırmamalı, vəziyyəti gərginləşdirməməlidir. Ola bilsin, martın 8-də keçirilən aksiyada gənclər mahiyyətcə zorakılıqla bağlı hər hansı fikir səsləndirmək istəyiblər, amma ifrata varıblar. Sosial şəbəkələrdə mənə irad tutdular ki, gənclərə diktə edəcəksən? Mən heç kimə heç nəyi diktə etmirəm, amma bir şey digərinə ziyan vurmamalıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun fikrincə, aksiya qadınlar üçündürsə, qadınların hamısına əlçatan olmalıdır: “Ola bilsin, bu 100 ildən sonra adi aksiya təsiri bağışlasın. Amma bu gün cəmiyyətdə qadına qarşı münasibət daha da qatılaşıb. XXI əsrdə qanunlar bizi qorusa da, istədiyimiz məqamda özümüzü müdafiə etmək üçün alətlər olsa da, bəzən qadına şər qüvvə kimi də baxırlar.

Belə bir dövrdə bu cür plakatlar daha çox qadınların həyatını, guya əxlaq normalarını qorumaq üçün vasitəyə çevrilir. Digər tərəf deyir ki, gizli eləməkdənsə, aşkar eləmək yaxşıdır. Amma bunu hamı qəbul edirmi?

Elə qruplar var ki, heç vaxt buna yol vermir, ikili həyat yaşamır. O baxımdan aksiya hədəfli olmalı idi, hər kəsi həyəcanlandırsın, düşündürsün və təsir etsin, kimlərsə öyüd götürsün, qadınlar ictimai fəal olsunlar, kişilər zorakılıqdan əl çəksinlər.

Gənclər bir az fərqli düşünür, amma əksər gənclər də eyni düşünmür axı. Mənəviyyat mövzusunda o formada plakat mahiyyəti dəyişdi və aqressiya yaratdı”.

Mehriban Zeynalova qeyd edib ki, 8 Mart təməlindən hədiyyə qəbul etmək yox, müxtəlif problemləri qabartmaq mahiyyəti daşıyan gündür: “Həmin gün ölkədə hansı qadın problemi daha kəskindirsə, onu gündəmə gətirmək olardı. Bunu sakit marş, yürüş şəklində də eləmək, fərqli mesajlar ortaya qoymaqla gerçəkləşdirmək olardı. Diqqəti cəlb etmək üçün Fəvvarələr Meydanında bu cür qarşıdurma yaratmaq düz deyil.

Kənd qadınlarının problemini qabartmaq olardı, onlar müasir imkanlara çətin inteqrasiya olunurlar. Dul qadınların əmlak məsələləri hələ də qapalı gedir, bu barədə danışmırlar, eləcə də erkən nikahları müzakirəyə çıxarmaq, plakatlarda onları əks etdirmək daha obyektiv təsir bağışlayardı. “Mənimdir, özüm bilərəm” demək qıcıqlandırır, heç kim sənə qadağa qoymur axı”.

Mehriban Zeynalovanın sözlərinə görə, feminizmin mahiyyəti qadın-kişi bərabərliyini təmin etməkdir: “Mahiyyət elə də təhlükəli deyil. Amma feminizmi təhlükəli hərəkat kimi nümayiş etdirəndə, artıq qadın hüquqlarının gələcəyini təhlükə altında qoymuş oluruq. Qadın hüquqları deyəndə başlayırlar ki, feministsən. Halbuki qadın hüquqlarının özü feminizmdir.

Feminizmin qorxulu olmadığını təbliğ etmək gərəkdir. Konstitusiyada, qanunvericilikdə də var, mesaj vermək olardı ki, feminsitlərdən qorxmayın”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər