Hindistanın milli geyimləri, təbii ipəkdən şərflər, zinyət əşyaları, qab-qacaq, təbii daşlar, suvenirlər, xalçalar... Artıq 16 ildir paytaxtımızda Hindistan sərgisi keçirilir. Ənənəvi hal alan sərgiyə baş çəkmək üçün üz tutduq Bakı İdman Mərkəzinə.
Girişdə öyrəndik ki, bu gün həm də Holi bayramı qeyd olunur. Bayram Hindistan rəqs qrupunun ifasında rəqs nömrələri ilə açıq elan olundu. Xarici qonaqlarımızla yanaşı, həmyerlilərimiz də hind musiqi sədalarının altında rəqs edirdilər.
Sərgidə Hindistanın əl işi olan çantalar, ayaqqabılar, dəri kəmərlər və bir çox əşyalar satışa çıxarılmışdı. Səhər saatları olmasına baxmayaraq, paytaxt sakinlərinin sərgiyə gediş-gəlişinin ardı-arası kəsilmirdi. Hindistandan gələn qonaqların sərgidə satışa çıxardıqları zinət əşyaları, əl işləmələri, qadın, kişi və uşaq geyimləri sərgiyə gələnlərin ürəyincədir.
Müsahibimiz Sevinc Şıxəliyeva ilk dəfədir səridə iştirak etsə də, məmnun qaldığını deyir: “Çox gözəl əl işləri satırlar. Hər zövqə uyğun bol çeşidlər var. Özümlə yanaşı, ailəmə də hədiyyələr aldım”.
Sərgidə ən çox diqqət çəkən Hindistanın milli geyimləridir. Rəngarəng parçalardan hazırlanan geyimlər və digər məhsulların qiymətləri də kifayət qədər münasibdir.
Satıcı Arzu Abdullayevanın sözlərinə görə, alıcı marağı kifayət qədər yüksəkdir: “Mən bu sərgidə üçüncü dəfədir iştirak edirəm. Hindistanın adət-ənənələrini sevirəm. Burada qonaqlarımıza həmyerlilərimizlə ünsiyyət qurması üçün kömək edirik. 100 faiz ipək şərflər, parçalar satırıq.
Qadın geyimləri ilə yanaşı, kişilər üçün 100 faiz pambıqdan geyimlərimiz var. Sakinlər daha çox hədiyyəlik olaraq alamağa üstünlük verirlər”.
Sərgidə iştirak edən şəhərimizin qonaqları Bakıda olan ab-havanı çox bəyəniblər. Hindistanın Racistan vilayətindən gələn Hamid Parviz artıq üçüncü dəfədir sərgidə iştirak edir: “Gətirdiklərimin hamısı əl ilə hazırlanan məhsullardır. Bakı çox gözəl şəhərdir. İnsanlarınız çox mehribandırlar. Ümid edirəm ki, növbəti sərgilərdə də yenə buraya gələcəm”.
Sərgi iştirakçılarından olan Gülsüm Məmmədova ötən illə müqayisədə bu il qiymətlərdə artım olduğunu deyir: “Demək olar ki, hər il sərgiyə gəlib, ailəmə hədiyyələr alıram. Bu il nisbətən bahalaşma var”.
Sərgidə 30 ildən artıqdır fala baxmaqla məşğul olan hindli falçı Qauri Pratyuşa ilə də söhbətləşdik. Bir fala 20 manat müqabilində baxan Qauri həmyerlilərimizi hindistanlılara bənzətdiyini deyir: “Azərbaycan xalqını çox sevirəm. Onlar çox yaxşı insanlardılar. İllərdir astrologiya ilə məşğul olduğum üçün Azərbaycan xalqına kömək edə bilirəm. Mənim dualar vasitəsilə etdiyim müalicə onları daha da xoşbəxt edir”.
Sərgidə geyim və məişət əşyalarının satışı ilə yanaşı, Hindistan mətbəxinə məxsus yeməklər hazırlanır. Eyni zamanda, dünyada məşhur olan hind xınası, hind çayını da burada görə bilərsiniz.
Sərginin keçirilməsində məqsəd Bakı sakinlərini Hindistan məhsulları və mədəniyyəti ilə tanış etməklə yanaşı, iki xalqın mədəni inteqrasiyasına töhvə verməkdir.
Qeyd edək ki, sərgi səhər saat 11:00-dan axşam saat 19:00-dək fəaliyyət göstərir. 2004-cü ildən bəri Bakıda keçirilən Hindistan sərgisi Martın 6-dan 15-dək davam edəcək.