10 Mart 2020 22:39
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin əvvəlində dostlarımızın vasitəsilə Almaniyadan şəxsi arxivimiz üçün nadir bir kitab əldə etdik. 1930-cu ildə Berlində çap olunan kitabın üzərində alman dilində “Hilal Munschi. Die Republik Aserbeidschan” (Hilal Münşi. Azərbaycan Cümhuriyyəti) yazılıb. Kitabın içərisində isə müəllifin ithafı var: “Az görüşdüğüm, çok sevdiğim, Türklük ve Türkçülük idesine sadık kardeşim Tuğrul Eyup Beye samimiyetle takdim. Hilal Münşi. Berlin. 2.7.35”.

85 il öncə Berlində imzalanan bu kitabı Azərbaycan Cümhuriyyətinin Avropada təhsil almağa göndərdiyi 100 tələbədən biri olan Hilal Münşi yazıb.

***
1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra kadr çatışmazlığı ciddi problemə çevrildi. Dövlət idarəetmədə islahatları həyata keçirməli, milli kadr ehtiyacını təmin etməli idi. Bunun tək yolu isə dövlətin yeni kadrları yetişdirmək üçün üzərinə öhdəlik götürməsi idi. Bu öhdəlik götürüldü: Hökumət xaricə təhsil almağa tələbə göndərməyi qərara aldı! Bu məsələ bir müddət qeyri-rəsmi şəkildə müzakirə edildi, mətbuatda bir sıra yazılar dərc edildi. Məhəmməd ağa Şahtaxtlı layihəyə qarşı çıxdı, dövlət üçün ağır bir yükə çevriləcəyini yazdı. Amma hökumət artıq qərarını vermişdi.

Nəhayət, 1919-cu ilin iyul ayının sonunda qanun layihəsi təqdim edildi: 1919-1920-ci dərs ilində abituriyent və tələbələrin əcnəbi ali məktəblərə göndərilməsi üçün Dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına dörd yüz on min frank buraxılsın. Bunun ardınca tələbə olmaq istəyənlərin hökumətə müraciəti başladı. 1919-cu ilin 4 avqustunda “Azərbaycan” qəzeti ilkin siyahı təqdim etdi: “İsveçrəyə 51 nəfər, Fransaya 13 nəfər, Türkiyəyə 4 nəfər, İtaliyaya 1 nəfər, Rusiyaya 17 nəfər, İngiltərəyə 3 nəfər, Almaniyaya 11 nəfər. Cəmi 100 nəfər…”.

Avqustun 10-da nazir Rəşid xan Qaplanov yüz nəfər tələbənin xaricə göndərilməsi üçün nəzərdə tutulan 410 min frank pulun təsdiqlənməsi üçün parlamentə qanun layihəsini təqdim etdi. Tələbələrin xərcliyi belə nəzərdə tutuldu: Hər birinin xərcliyinə 3600 frank və yol xərcləri üçün 500 frank.

Parlament təklif olunan layihəni müzakirəyə başladı. Layihə maliyyə-büdcə komissiyasının müzakirəsinə göndərildi. Əhmədcövdət Pepinov məruzəsində layihənin qəbul edilməsini təklif etdi. 20 avqustda baş tutan iclasın protokolunda belə yazıldı: “… Layihədə göstərilən 410 min frank əvəzinə 7 milyon rubl ayrılması qəbul olunsun”.

Komissiyanın bu qərarı layihənin parlamentdə təsdiqi üçün olduqca yetərli idi. Ona görə də Azərbaycan Milli Şurasının sədri, parlament üzvü Məhəmmədəmin Rəsulzadə 21 avqustda baş tutan iclasda qəti şəkildə bildirdi: “Əlbəttə, biz daha ixtisaslı və bilikli adamlar yetişdirmək üçün Avropaya tələbələr göndərəcəyik”.

Rəsulzadənin bu bəyanı layihənin parlamentdə təsdiq olunacağının qarantı idi. Parlament bu məsələni bir neçə dəfə təxirə saldıqdan sonra, nəhayət, 1 sentyabr 1919-cu ildə tələbələrlə bağlı qərar çıxardı. Qərara görə: dövlət xəzinəsindən maarif nazirinin ixtiyarına 7 milyon rubl ayrılır; Hökumətin təqaüd verəcəyi tələbələr təhsillərini bitirdikdən sonra hökumətin göstərdiyi yerlərdə 4 il qulluq etməyə borcludurlar.

Qərardan sonra Parlament tələbə işləri üçün xüsusi komissiya təşkil etdi. Məhəmmədəmin Rəsulzadə komissiyanın sədri seçildi. 15 sentyabr 1919-cu ildə Rəsulzadənin sədrliyi ilə komissiyanın geniş iclası keçirildi. Məlum oldu ki, komissiyaya 280 ərizə daxil olub. Komissiya tələbələrin seçimində türk dilini və gedəcəyi ölkənin dilini bilənlərə, attestat qiymətləri yüksək olanlara, eləcə də kasıblara üstünlük verdi. Göndəriləcək tələbələrin Azərbaycan vətəndaşı olması şərti olduğuna görə 10-a yaxın tələbə Azərbaycan vətəndaşlığına qəbul edildi. Dekabrın 12-də komissiya dövlət təqaüdçüləri sırasına 100 nəfər götürməyi qərara aldı. 6 gün sonra isə “Azərbaycan” qəzeti 100 tələbənin siyahısını dərc etdi.

Təqaüdçülərin vizaları hazır edildi, onlara xarici pasportlar verildi. Tələbələrdən iki iltizamnamə alındı: Tələbələr qayıtdıqdan sonra hökumətin göstərdiyi yerlərdə 4 il qulluq edəcəklər; getdikləri ölkələrdə heç bir siyasi və partiya işlərinə qarışmayacaqlar.

14 yanvar 1920-ci ildə təqaüdçülərin 24 nəfərlik ilk dəstəsi Bakıdan yola salındı. Həmin gün Azərbaycanda qeyri-iş günü idi. Çünki yanvarın 10-da Azərbaycanın müstəqilliyi Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən de-fakto tanınmışdı. Hökumət tanınmanın şərəfinə 14 yanvarı qeyri-iş günü elan etmişdi.

Tələbələri yola salmağa Məhəmmədəmin Rəsulzadə, Əmək naziri Əhmədcövdət Pepinov, Salman Mümtaz, Abbasqulu Kazımzadə və başqaları gəlmişdilər. İlk çıxışı Rəsulzadə edir. Təqaüdçülərin ikinci və böyük dəstəsi iki gün sonra, yanvarın 16-da yola salındılar. Bu zaman onların sayı artıq 102 nəfər idi.
102 tələbə bu ölkələrdə təhsil aldılar:

Türkiyə - 9 tələbə (İstanbul Universiteti)
Almaniya - 52 tələbə (Göttingen Universiteti, Leypsiq, Darmştadt, Berlin, Bonn, Frayberq, Münxen və s.)
Fransa – 25 tələbə (Paris, Nansi, Lion)
İtaliya – 3 tələbə (Peruca)
Ukrayna - 8 tələbə (Kiyev Kommersiya İnstitutu, Novorossiya Universiteti, Xarkov Universiteti, Xarkov Texnologiya İnstitutu)
Rusiya – 5 tələbə (Moskva Ali Texniki Məktəbi, Don Universiteti, Don Politexnik İnstitutu, Sankt-Peterburq)
Tələbələrin ən çox Almaniyanı seçmələrinin səbəbi gəlincə: Almaniya qədim ali məktəbləri, ali təhsil sisteminin mükəmməlliyi ilə məşhur idi; Almaniya Türkiyə ilə müttəfiq olduğuna görə azərbaycanlılar oranı daha doğma bilirdilər; Almaniya Fransa və İtaliyaya nisbətən daha ucuz idi.

Rəsulzadənin silahdaşı

Almaniyada oxuyan tələbələr arasında Məhəmmədəmin Rəsulzadənin silahdaşı mövqeyinə yüksələn Hilal Münşizadə də olur.

(Hilal Məşədi Mirzə Məhəmməd oğlu Münşizadə 1899-cu ildə Şuşada anadan olub. 1918-ci ildə Şuşa real məktəbini bitirib. Bir müddət Cümhuriyyətin Ziraət və Dövlət Əmlakı Nəzarətinin dəftərxanasında dəftərxana qulluqçusu vəzifəsinə işləyib)

H.Münşi Berlində yol mühəndisliyi ixtisası üzrə ali təhsil alır. Azərbaycan Cümhuriyyətinin işğalından sonra Münşi ağır maddi çətinliklərlə üzləşir. Onun da daxil olduğu bir qrup tələbə 1921-ci ildə Berlində olan Osmanlı hökumətinin keçmiş Baş naziri Tələt paşa və digər siyasi mühacirlərə yardım üçün müraciət edirlər. Paşa yardıma söz versə də, erməni terrorçuları tərəfindən qətlə yetirilir. Münşinin bu əlaqələrinə görə bolşeviklər onu qara siyahıya salırlar. Beləliklə, onun da həyatına mühacirlik yazılır.

Münşi 1927-ci ildə ali təhsilini tamamlayır.

Bu illərdə Hilal Münşinin yolu gələcəkdə Avropanın məşhur yazıçısına çevriləcək Məhəmməd Əsəd bəylə kəsişir. Hilal Münşi Rəsulzadənin redaktoru olduğu “Odlu Yurd” jurnalının 1930-cu il mart sayında ““Şərqdə neft və qan” ünvanlı əsərin müəllifi kimdir?” adlı məqalə yazır, Əsəd bəylə olan bir neçə görüşündən bəhs edir: “Heç bir vaxt Qafqaz Azərbaycanı “Əsəd bəy Nussimbaum” adlı vətəndaşa malik olmayıb. Bu şəxs əsərində Azərbaycan türk ləhcəsindən bəhs etdiyi halda, heç bir vaxt türkcə danışmayıb. Onun bildiyi yeganə dil əvvəl rusca, indi isə almancadır”.

1930-cu ildə Münşi Berlində “Azərbaycan Cümhuriyyəti” adlı kitab çap etdirir. Azərbaycan İstiqlal Komitəsinin Berlin nümayəndəsi kimi fəaliyyət göstərir. Eləcə də Berlindəki Azərbaycan İstiqlal Cəbhəsinin başqanı olur. Mühacirət mətbuatında Münşinin 28 may istiqlal, 27 aprel istila günləri ilə bağlı müxtəlif tədbirlərdə çıxışlar etdiyini görürük.

Münşi 1934-cü ildə Almaniyada Azərbaycan İstiqlal Komitəsinin sədri seçilir. Həmin il Rəsulzadənin himayəsi ilə Berlində çap edilən “Qurtuluş” dərgisinin redaktoru olur. II Dünya müharibəsi illərində daim sadiq qaldığı Rəsulzadənin yanında yer alır. Krım mücahidlərindən Müstəcip Ülküsal 1942-ci il 21 fevral, şənbə günü qeydində yazır: “... Məhəmmədəmin bəygilə getdim. Günorta yeməyini birgə yedik. Hilal Münşiyə çatdırmağım üçün bir məktub və iki cüt corab verdi”.

Ülküsal 1942-ci il 7 mart qeydində isə yazır: “Günortadan sonra Edige ilə birlikdə Hilal Münşi bəyə getdik. Məhəmmədəmin bəydən gətirdiyim məktub və hədiyyəni verdim. Saat 19:30-a qədər qaldıq. Gürcülər və ermənilər haqqında danışdıq. Qırmızı ordudakı azəri əsgərlərinə atılmaq üçün hazırladığı və Şərq Nazirliyinə verdiyi iki bəyannaməni oxudu. Yaxşı yazmışdı”

Hilal Münşinin İkinci Dünya müharibəsindən sonrakı fəaliyyəti haqqında yetərli məlumat yoxdur. Uzun ömür yaşayan Münşi 1990-cı ildə Bonn şəhərində vəfat edir.

Qaynaq:
1. Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli. Azərbaycan Cümhuriyyəti tələbələri: tarixi arayış, bəlgələr, yaşamlar. Bakı, TEAS Press, 2016.
2. “Odlu Yurd” jurnalı. 1930-cu il, mart sayı.
3. Müstəcip Ülküsal. Krım yolunda bir ömür. Ankara, 1999.



Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər