12 Mart 2020 18:30
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Ukraynanın yüksək patogen quş qripi xəstəliyi qeydə alınan ərazilərində aparılan epizootiya əleyhinə tədbirlər nəticəsində yüksək patogen quş qripi xəstəliyinin yeni alovlanmaları qeydə alınmayıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Teleqraf.com-a verilən məlumata görə, bununla da Ukraynadan Avropa Birliyi dövlətlərinə quş əti idxalına və tranzitinə icazə verilib.

Bütün bunları nəzərə alaraq, AQTA tərəfindən Vinnitsa vilayəti istisna olmaqla, Ukraynanın digər ərazilərindən Azərbaycan Respublikasına idxal olunan diri quş və quşçuluq məhsullarının idxalına 30 yanvar 2020-ci il tarixindən etibarən tətbiq edilən məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib.

Qərar 1 mart 2020-ci il və sonrakı tarixlərdə istehsal edilən diri quş və quşçuluq məhsullarına şamil edilir.

Eyni zamanda Ukraynadan respublikamıza birbaşa gələn və ya tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər