Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” adlı yeni rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatları təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Fransada yaşayır, dünya kinosunun ən məşhur simalarından biridir. Azərbaycan kökənli Rober Osseyndən danışırıq.
Rober Osseyn Azərbaycan əsilli fransız aktyor və rejissordur.
Osseyn 1927-ci ildə Parisdə musiqiçi ailəsində doğulub, atası Əminulla Hüseynov (Andre Osseyn) Səmərqənd azərbaycanlılarındandır, 1917-ci Bolşevik İnqilabından sonra Avropaya mühacirət edib, skripkaçı və bəstəkar olub. Anası anna Markovna Minkovska rusiyalı aktrisa idi.
Rober Osseyn ilk evliliyini 1955-ci ildə Marina Vladi, ikincini 1964-cü ildə 34 yaşında Fransuaza Jirunun qızı Karolin Elyaseflə, üçüncünü isə Kandiz Pato ilə yaşayıb. 1973-cü ildən bəri məşhur fransız aktrisa Paskal Rivo ilə evlidir.
Rober Osseyn sənət dünyasında Parisdə fəaliyyət göstərən “Qran Qinqol” teatrından atılır. Kino ekranlarında ilk debütü R. Kadenakın 1954-cü ildə mavi ekranlara çıxan “Sarışınların sahili” ilə baş tutur. 1955-ci ildə isə ilk filmi “Fırıldaqçılar cəhənnəmə gedir”i çəkir. Filmin çəkilişindən bir il sonra evlənəcəyi Marina Vladiyə bu ekran əsərində rol verir. Marina Vladi Osseynin sonrakı filmlərində də rol alacaq: “Günahlarımızı bağışla” (1956), “Sən zəhərlisən” (1958), “Casusun gecələri” (1959).
1956-cı ildə çəkdiyi film onun rejissorluq fəaliyyətinin ilk cəhdlərindən biri idi. Həmin il Lampenin Dostoyevskinin “Cinayət və cəza” romanı əsasında ərsəyə gətirdiyi filmdə (“Fransız Raskolnikov”) rol alır.
O, fransız aktyoru Rocer Vadimlə dost idi. Vadim dövrün məşhur aktrisası Bricit Bardonun həyat yoldaşıydı. Həmin illərdə “Kim bilir” (1957) və “Don Juan 73” filmlərində rol alır. Habelə “Bir qatilin ölümü” (1963), “Gözlər altındakı dairələr” (1964), “Düsseldorflu vampir”, “İp və kolt”, “Düşmə nöqtəsi” (1970) adlı ekran əsərlərində. 1967-ci ildə isə “Rasputini mən öldürdüm” filmini çəkir.
1982-ci ildə Viktor Hüqonun əsərlərinin motivləri əsasında yeni ekran işini əsərini ərəsəyə gətirərək, burada üçüncü həyat yoldaşı Kendis Patuna Eponina rolunu verir. Patuna Osseynin 1985-ci ildə ekranlara çıxan “Qırmızı kürü” filmində də rol almışdı.
Rober Osseyn karyerası ərzində 80-dən çox filmdə rol alıb, onlardan bəzilərinin rejissoru özüdür. 1970-80-ci illərdə Fransa və dünya kinosunun ən parlaq “ulduzlarından” biri olmasına baxmayaraq, Rober Osseyn həmişə teatrçı idi. Təsadüfi deyil ki, 1970-1979-cu illərdə Reimsdəki Milli Xalq Teatrına rəhbərlik etmişdi. Həmin illərdə “Danton və Robespyer”, “İsa adlı bir adam”, “Notr Dam Katedralı” və “Anjelika” kimi əsərləri səhnələşdirmişdi. Jan-Pol Belmondo üçün isə “Kina”nı səhnəyə çıxardı. Habelə Sartr üçün “Sirano de Berjeraka”nı…
Bakıya üç dəfə səfər edən Rober Osseyn sonuncu dəfə ölkəmizdə 2015-ci ildə olub. Həmin il Azərbaycanda keçirilən I Avropa Oyunlarının məşəldarlarından biri idi.
Bakıda olarkən jurnalistlər qarşısına keçən məşhur aktyor öz ata vətəni haqda xoş sözlər dedi:
“Azərbaycan dinlərə, başqa xalqlara olan münasibətə görə qəlbimdə fərəh hissi oyatdı. Düşünürəm ki, bu münasibət dünyanın heç bir yerində yoxdur. Fəxr edirəm ki, bu millətin bir hissəsiyəm”.
Rober Osseyn Avrasiya Akademiyasının üzvüdür.