Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı yazıçı Ayxan Ayvazdır.
Onunla müsahibəni təqdim edirik.
- Eynşteyn deyirdi ki, iki şey sonsuzdur: kainat və insanın axmaqlığı, kainatdan əmin deyiləm. Az qala bütün filosoflar, ədəbiyyat nümayəndələri və adi adamların da insanlar haqda belə şikayət dolu fikirlərini tapa bilərik. Düşündürücüdür, niyə insanlar öz həmcinslərindən belə narazıdır?
- Mən şikayətlənməyi sevməyən biriyəm. Bu cür insanlar heç yerdə özünə yer tapa bilmir. Mütləq nədənsə giley-güzar edəcəklər. Əksinə, , mən insanları sevirəm, necə olduğunu araşdırmadan. Eynən təbiəti sevən Budda kimi… Onun çirkininliyini də sevirəm, gözəlliyini də. Onda nələrisə dəyişmək istəyirəmmi? Bəli. Arada olur. Lakin bu da çox çəkmir. Qaldı ki, insan axmaqlığına, nadanlıq bütün əsrlərdə var və mən bircə bu nadanlığa görə əzab çəkirəm. Öz qohumlarımda, tanış-tunuşumda, yaxınımda bunu görəndə istər-istəməz əsəbləşirəm. Bax, onda öz içimdə şikayətlənirəm. Ya da bu şikayəti hansısa bir yazıya tökürəm.
- Bəs insan niyə olduğu kimi olmaqdan və ya görünməkdən imtina edir? İndi ətrafımız başqası olmaq istəyənlərlə doludur.
- Çünki özü kimi olmaq maraqsızdır. Hər kəs özünü çox yaxşı tanıyır. Düşünür ki, özü kənardan çox itici, zövqsüz, sevilməyən bir tip kimi gəlir. Əslində insana özü kimi görünməyə eqosu mane olur. Özü kimi olanları hamı çox istəsə də, heç kim onu yaxınına buraxmır. Əslində biz hamımız özümüz olmaqdan qaçmaq istəyən adamlar deyilikmi? Eləyik. Özü olanlar isə möcüzə kimi gəlir bizə. Məsələn, Mövlud kimi. O, özü kimi idi və həmişə bunun əzabını çəkirdi.
- Konfutsi deyirdi ki, həyat bəsitdir, biz onu belə qarışıq hala gətirmək üçün israr edirik…
- Dostlara hərdən zarafatla deyirdim bunu, sonra “Evimizdən gecə reportajı” hekayəmdə də yazdım: “Həyat ciddi adamları sevmir”. Biz həyata məna qatmaq çabasından qurtulmalıyıq. Heç vaxt ağır suallarla özümü, ya da kənardakıları yükləməmişəm. Yazdıqlarımda isə sadəcə həyatın mənə göründüyü üzünün şəklini çəkmişəm. Düzü, başqa həyatlar arzusunda olanlar yazıçılıqla məşğuldurlar. Həyat bəsitdir, bəli, amma gözəldir. Onu gözəlləşdirən, bəsitlikdən çıxaran isə ədəbiyyatdır, kinodur, musiqidir, rəsm tablolarıdır, yəni sənətdir. Həyata bir də bu formaya çevriləndə baxın, görün necə möhtəşəm görünür.
- Belə bir fikir də var ki, biz oxuyaraq öyrənirik, amma sevərək anlayırıq. Kundera isə deyirdi ki, məhəbbət insanda süni özünüdərk şüuru yaradır.
- Sevgi haqda çox sözlər deyilib. Hamısı da subyektivdir. Düzü, sevginin elmi izahı da var. Ancaq yaradıcı adam üçün “iki vuraq iki” düsturu maraqsızdır. Sevgisiz hər şey quru informasiyadır. Bütün biliklərin arxasında nəhəng sevgi kölgəsi dayanır.
- Niyə qadınlar və kişilər anlaşa bilmədilər? Adəm və Həvvadan bəri cinslər arasında gedən “nüfuz savaşı”ndan danışıram.
- Qadınların haqlı olduğu çox tərəf var. Bu dünyada qadından daha çox zülm çəkən yoxdur. Həm yaşadığı yerə görə əzab çəkir, həm ona olan münasibətə, həm də daşıdığı cinsinə görə. Nüfuz davası deyil əslində bu. Qadının öz yerini bəlli etmək davasıdır. Qadın kişinin göstərdiyi yerdə yox, öz tapdığı və xoşbəxt olduğu yerdə qərar tutmaq istəyir.