Martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla Görədil dayanacağına yola düşdü.
Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.
Sonra Prezident İlham Əliyev Görədil dayanacağına gəldi.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi. Burada Görədildə yaşayan əhalinin dəmir yolu xidmətlərindən yüksək səviyyədə istifadə etməsi və onların rahatlığı üçün hər cür şərait yaradılıb. Bina bütün zəruri infrastrukturla təchiz olunub. Buradakı platformalar da ən müasir səviyyədə yenidən qurulub.
Görədil-Novxanı-Sumqayıt sərnişin xətti boyu, ümumilikdə, 15 stansiya və dayanacaq inşa edilib və əsaslı təmir olunub. Yenidən qurulan Görədil dayanacağının ümumi sahəsi 6300, Novxanı dayanacağının ümumi sahəsi isə 8 min kvadratmetrdən çoxdur. Xətt boyu yerləşən bütün dayanacaqlarda yeni platformalar, yeraltı piyada keçidləri, avtomobillər və velosipedlər üçün dayanacaqlar inşa edilib. Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin dəmir yolu xətti istiqamətində 3 avtomobil tuneli və 8 piyada keçidi layihələndirilib.
Daha sonra dövlətimizin başçısı Görədil dayanacağından Novxanı dayanacağına yola düşdü.
Qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə xətt üzərində 10 yeraltı avtomobil tuneli tikilib, ikisinin isə inşası davam edir. Piyadaların təhlükəsizliyini təmin etmək üçün, ümumilikdə, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Sürətli qatarın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün zəruri işlər görülüb.
Dövlətimizin başçısı Novxanı dayanacağına gəldi.
Novxanı dayanacağında da sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait var. Bu dayanacaq da yenidənqurmadan sonra ən müasir səviyyədə fəaliyyət göstərəcək. Ətrafda geniş abadlıq-quruculuq, yaşıllaşdırma işləri görülüb, işıqlandırma sistemi yaradılıb.
Prezident İlham Əliyev burada Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra rəmzi açılışını bildirən lenti kəsdi.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv layihələr barədə məlumat verdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial məsələlərinin həllinə, onların sosial rifahının daha da yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır və bununla bağlı ardıcıl layihələr icra olunur. Ölkəmizdə, ümumilikdə, sosial infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən işlər dünyada bu sahədə tətbiq olunan ən müasir standartlara cavab verir. Son illərdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda dəmir yolunun müasirləşdirilməsi istiqamətində də çox mühüm və ardıcıl layihələr həyata keçirilib. Bu, ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir.
Görülən işlər nəticəsində Azərbaycanda yaradılan ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edir. Bu layihələr sırasında Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması böyük əhəmiyyət daşıyır. Bu layihənin reallaşması paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlərin rahat və təhlükəsiz şəkildə şəhər istiqamətinə və geriyə, mənzil başına çatmasına hərtərəfli imkan yaradır.
Dövlətimizin başçısı burada dəmiryolçularla görüşdü.
Qarşıdan gələn bayram münasibətilə dəmiryolçuları təbrik edən Prezident İlham Əliyev dedi:
-Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Bakı şəhərinin ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi dəmir yolu xətti Novruz bayramı ərəfəsində istismara hazırdır. Bu, həm Bakı sakinlərinə, eyni zamanda, Sumqayıt şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət göstərəcək. Ümumiyyətlə, bu imkandan milyonlarla insan istifadə edəcək. Beləliklə, şəhərimizin və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi xətt tamamlanıbdır.
Bu xəttin bir tərəfə uzunluğu 91 kilometrdir, amma bütövlükdə 200 kilometrə yaxın dəmir yolu çəkilişi təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti belə böyük layihələri həyata keçirməklə öz sosial siyasətini davam etdirir. Çünki bu dairəvi yolun tikintisinə qoyulan xərclər bəlkə də 100 ildən sonra ancaq büdcəyə qayıda bilər. Çünki bizdə dəmir yolu tarifləri çox aşağıdır. Bizim əsas məqsədimiz insanlar üçün gözəl imkanlar, rahat şərait yaratmaqdır.
Bu dəmir yolunun tikintisi, eyni zamanda, şəhər nəqliyyatına da müsbət təsir göstərəcək, tıxaclar, avtomobil yollarına düşən yük azalacaq, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ekoloji vəziyyəti yaxşılaşacaq. Çünki havanı çirkləndirən ən böyük amil nəqliyyat vasitələridir. Avtobuslara tələbat azalacaq, indi müəyyən marşrutlarda fəaliyyət göstərən avtobuslar digər marşrutlara köçürüləcək.
Bütövlükdə Bakı şəhərinin avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, ən müasir avtobuslar alınır. Bu il 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulur. Keçən il də 300 avtobus gətirilmişdir. Əlbəttə ki, bütün şəhərimizin və Abşeron yarımadasının nəqliyyat problemləri koordinasiyalı şəkildə həll olunur. Metro, dəmir yolu, avtobuslar, taksilər və bu gün bu baxımdan Azərbaycan qabaqcıl ölkələr sırasındadır.
Vətəndaşlar üçün çox rahat, ikimərtəbəli vaqonlar alınıb gətirilib. Bu vaqonlar dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Ən inkişaf etmiş ölkələrin paytaxtlarında bu vaqonlardan istifadə olunur. Deyə bilərəm ki, bu baxımdan biz bir çox ölkələri qabaqlamışıq. Yəni, kompleks tədbirlər nəticəsində və dövlət investisiya proqramı çərçivəsində aparılan bu işlər artıq tamamilə başa çatıb və dairəvi yol tam istifadəyə verilib.
Şadam ki, dəmiryolçular bu mühüm vəzifənin öhdəsindən şərəflə gəldilər. Dairəvi dəmir yolunun tikintisi ilə bağlı mən iki il bundan əvvəl Sərəncam imzalamışam və bu işlər qısa müddət ərzində görülüb. Yolun tikintisi ilə bağlı mənə müntəzəm olaraq məlumat verilirdi. Özüm şəxsən bir neçə dəfə bu yolun tikintisinin müxtəlif mərhələlərində vəziyyətlə maraqlanmışam, işin gedişinə nəzarət etmişəm. Bu, mənim bu yolun müxtəlif mərhələlərdə açılışında altıncı iştirakımdır. Müxtəlif dövrlərdə bu xətt boyunca altı dəfə getmişəm - Pirşağı stansiyası, Sabunçu dəmir yolu vağzalı, Sumqayıt dəmir yolu vağzalı, Bakı dəmir yolu vağzalı və bu gün. Bütün bu qısa açılışlar bir məqsədi güdürdü ki, biz Novruz bayramına qədər xalqımızı sevindirək. Bu, Abşeron yarımadasında yaşayan insanlara bayramqabağı verilən ən böyük hədiyyələrdən biridir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti sosial sahədə öz sözünü deyir. Baxmayaraq buna böyük vəsait tələb olunur, biz bunu edirik ki, insanlar rahat yaşasınlar, iş başına, mənzil başına daha tez çatsınlar və insanların təhlükəsizliyi təmin edilsin. Çünki bəzi hallarda avtomobil yollarında baş verən qəzalar əfsuslar olsun ki, çox ağır fəsadlar törədir. Ona görə təhlükəsizlik, ekoloji tarazlıq, vaxt, rahatlıq baxımından bütün bu amilləri tam təhlil edərək hər kəs bir daha görür ki, bu xəttin nə qədər böyük əhəmiyyəti var.
Bundan sonra da işlər davam etdiriləcək. Mənə bu gün təqdim edilən xəritədə “Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək planları göstərilir. Digər qəsəbələrə, kəndlərə dəmir yollarının çəkilişi nəzərdə tutulur, layihələr hazırlanır. Biz tədricən bu işləri görəcəyik ki, Abşeron yarımadasının əksər qəsəbələri rahat dəmir yoluna sahib olsunlar.
Bütövlükdə nəqliyyat sahəsində işlər yaxşı gedir. Keçən il də yaxşı uğurlarımız olub, bu il də. Həm dəmir yollarının, həm də avtomobil yollarının çəkilişi – bütün bu işlər hesab edirəm ki, ən yüksək səviyyədə aparılır. İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir. Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.
Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır.
Sizi bir daha ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun.
***
Cavid Qurbanov: Cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə dəmiryolçular adından Sizə təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun.
***
11:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.