19 Mart 2020 14:46
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Koronavirus epidemiyası gündəmi zəbt edib. Bütün sosial şəbəkələrdə, xəbər saytlarında bu virus haqqında məlumatlar yayılır. Virusun varlığını dana bilmərik, bu, sadəcə axmaqlıq olar. Mən də danmıram və qəbul edirəm ki, belə bir virus yayılıb. Lakin bundan da ölümcül olan Sars və digər viruslar da yayılmışdı, ancaq bu qədər qabardılmamışdı".

Bunu Teleqraf.com-a açıqlamasında psixoloq Gülnarə Əliyeva deyib.

Psixoloqun fikrincə, daha əvvəl yayılan viruslara insanların qalib gəlməsinin əsas səbəbi yüksək əhval-ruhiyyə olub: "Bu, bəzi qüvvələrə sanki sərf eləmirdi. Çünki insanları yalnız qorxu altında idarə etmək daha asandı. Son vaxtlar müharibələr, aclıq, böhran yox idi, insanların əhval-ruhiyyəsi yaxşı idi. İnsanlar azad düşünməyə başlayırdılar.

Belə vasitəsilərlə insanları daima qorxuda, təşvişdə saxlamaq, idarə etmək daha asandır. Virus var və təhlükəsizlik tədbirlərini əldən vermək lazım deyil. Karantinin tətbiqi, evdə qalmaq qərarına razıyam".

Psixoloq bildirib ki, koronavirusu həyatımızın mərkəzində tutmaq düzgün deyil: "Biz öz nikbinliyimizi qorumalıyıq. Nə qədər qorxuruqsa, bir o qədər yoluxma ehtimalımız artır. Qorxu yaşayan insanların immunitet sistemi aşağı düşür. İmmunitet sistemi aşağı düşən insan istənilən xəstəliyə yoluxa bilər. Qorxu koronavirusdan daha öldürücüdür".

Koronavirusla bağlı mütəmadi olaraq informasiyaların izlənməsini düzgün qəbul etməyən psixoloq düşünür ki, insan xəbərlərə baxmadan da bu bəladan xəbərdar ola bilir: "Bu, hər şeydən uzaq qalmaq demək deyil. Sadəcə beyni artıq informasiya ilə yükləməkdən qorumaq gərəkdir. Xəbərlərdə ancaq statistikala, yoluxma, ölüm halları qeyd olunur. İstər-istəməz insan təşvişə düşməyə başlayır ki, o insanların məndən fərqi yoxdur, onlara yoluxubsa, mənə də ola bilər".

İnsanları virusla mübarizədə pozitiv olmağa səsləyən Gülnarə Əliyeva, eyni zamanda vəziyyətin ciddiliyindən də söz açıb: "Şam yandırmaqla pozitivlik olmur. İş yerləri bağlanır, insanlar çörəksiz qalır. Bu, iki ay davam edəcək, aqibəti necə olacaq?

Pulu olan kəslərin lazım olmadığı təqdirdə marketdə əlinə keçən hər şeyi başqalarını düşünmədən alması məni daha çox qorxudur. Karantin qaydalarına əməl etməyib, virusu ətrafa yayan insanlar virusdan daha çox qorxuludur".

Psixoloq insanlara bu müddətdən daha səmərəli istifadə etməyi tövsiyə edir: "Bu müddəti sağlam şəkildə keçirmək lazımdır, bizim üçün şansdır. Evdə qalmaq, bir qədər istirahət etmək, ailə üzvlərimizlə vaxt keçirmək, uzun zamandır istədiyimiz filmləri izləmək, kitabları oxumaq, evin təmizliyi ilə məşğul olmaq, bahar bayramına başımızı qatmaq bizi bu bəladan daha çox uzaqlaşdıracaq.

Özünüzü, enerjinizi qoruyun. Korlanan əsəblərin, depressiv halların müalicəsi daha uzun və çətin olacaq. Fobiyanız varsa, buna qalib gəlməyin birinci yolu onu qəbul etməkdir. Koronavirusu qəbul etsək də, onu özümüzə yaxın buraxmalı deyilik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər