20 Mart 2020 08:41
2 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Teleqraf.com-un suallarını cavablandırıb:

- Dünyanın koronavirus epidemiyası ilə mübarizə apardığı bir vaxtda Azərbaycan cəmiyyətində bir qisim insanlar bu infeksiyanı ciddiyə almır, bəzi şəxslər təşviş içərisindədir, başqa qisim isə gigiyenik normalara riayət etməklə onun tezliklə sovuşacağı qənaətindədir. Ölkəmizdəki mövcud situasiyanı necə qiymətləndirirsiniz?

- Ən inkişaf etmiş ölkələrdə də panika yaşanır, həm dövlət ciddi işlər görür, həm də insanlar qaydalara riayət etməklə özlərini təcrid edirlər. Bizdə də o proses gedir. Amma bununla bərabər biz Şərq adamlarıyıq, fikirləşirlər ki, bunlar hay-küydür, bəziləri deyir, adi qripdən, xərçəngdən nə qədər adam ölür, daha təhlil etmirlər ki, koronavirus hava və damcı yolu ilə yayılan yoluxucu xəstəlikdir. Özü də hələ vaksini bilinməyən təhlükəli virusdur. Televiziya, elektron resurslar vasitəsilə əhaliyə kifayət qədər məlumat çatdırılmalıdır. Səhiyyə Nazirliyinin üzərinə indi daha ciddi iş düşür, hər gün nazirliyin rəsmi nümayəndələri televiziya kanallarında çıxış etməlidir. Müəyyən dərəcədə olur, amma daha da fəallıq nümayiş etdirilməlidir ki, əhali bu infeksiyasının ciddiliyini başa düşsün. Bəzi ölkələrdə, o cümlədən Fransada ordu əhaliyə küçəyə çıxmağı qadağan edir. Ona görə də bizdə də qabaqlayıcı tədbirlər davam etdirilməlidir.

- Koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən tədbirləri necə dəyərləndirirsiniz?

- Dünyada olduğu kimi bizdə də dövlət lazımi tədbirləri görür. Əks halda nəticələri çox acı ola bilər. Çünki bu, qeyri-adi dərəcədə təhlükəli virusdur. Qonşuluqda İran, bir az o tərəfə İtaliyanın vəziyyətinə düşə bilərik. Çinin misalı göstərir ki, ciddi tədbirlər görüləndə nəticələr əldə etmək olur. Orada artıq uğur qazanıblar, infeksiyanın kütləvi yayılması prosesi durdurulub, bu gün Çində yayılmağa başlayandan bəri ilk dəfə koronavirusa yoluxma qeydə alınmayıb. Çindən müəyyən mütəxəssislər çağırıb mələhətləşmələr aparmaq olar. Onların bu istiqamətdə güclü təcrübəsi var.

- Vaksinin hələ də tapılmaması fonunda elmə inamın itdiyinə dair fikirlər səslənir. Vurğulanır ki, elm iddia olunduğu qədər inkişaf etməyibmiş...

- Elmə inamın itməsi çox qəribədir. Çünki gözümüzün qabağında yoluxucu və dəhşətli xəstəliklərin müalicəsi tapılıb. Vaxtilə insanlar vərəmdən və digər xəsətliklərdən kütləvi surətdə qırılırdı, koronavirus isə yoluxucu virusdur. Viruslara canlı demək mümkündürsə, ən kiçik canlılardır, onları gözlə görmək mümkün deyil, xarakterlərini də bilmək olmur. Yüz minlərlə virus növü var, bunların hamısını tədqiq eləmək olmur. Bir hissəsi meydana çıxdıqca tədqiq etməyə başlayırlar. Naməlum bir xəstəliyin çarəsini tapmaq, törətdiyi əməlləri öyrənmək üçün vaxt lazımdır. Tibb elmi təcrübi elmdir, bir xəstəliyin dərmanını tapmaq üçün onun mexanizmini öyrənəndən sonra sınaqlar keçirilir. Bu da uzun zaman tələb edir. Çində və ABŞ-da vaksin hazırlanıb. Hazırda onları təcrübədən keçirirlər. Elə şeylər var ki, onun adi həlli yoxdur, elmi günahlandırmaq mənasız bir şeydir.

- Çin bir müddət əvvəl ABŞ-ı qəsdən bu virusu yaymaqda ittiham edirdi, belə versiyalar da irəli sürülür ki, əslində Çinin özü düşünülmüş plana əsasən koronavirusuməxsusi olaraq yayır, vaksinini də qabaqcadan hazırlayıb. Belə iddialara münasibətiniz necədir?

- Ömrü boyu dedi-qodu olub. İndi də müəyyən hadisələr yaşananda deyirlər Amerika Çin üçün, yaxud Çin Amerika üçün törədib. Bunlar boş söhbətlərdir, dedi-qodudan başqa bir şey deyil. Virus infeksiyası və onun ziyanları tarix boyu olub. Onu kimsə etmir, yayılır və xətər yetirir. Bəzi viruslar insanı, bəziləri bitkini məhv edir, bəzi viruslar isə heyvan növlərini sıradan çıxarır, insan üçün təhlükəli deyil. Biologiya haqda monoqrafiyalarda bəzi alimlər 100 səhifəlik bir fəsildə virus və törətdiyi əməllər, tarixindən bəhs edib. Bu deyilənlər isə ciddi və elmi söhbətlər deyil, onlara ara söhbət kimi yanaşıram. Virusların yaranması və çoxalmasını əvvəlcədən proqnozlaşdırmaq olmur. Yeni növü yaranır və bu, heç birinin təkrarı deyil, külli miqdarda meydana çıxır və anlamaq olmur, onun öyrənilməsi vaxt tələb edir.

- Koronavirus epidemiyası ilə əlaqədar ölkəmizdə təhsil müəssisələrində tədrisin dayandırılması distant təhsilin zəruriliyini ortaya çıxardı. Artıq video-dərslərə start verilib. Bu proses barədə qənaətiniz necədir?

- İnternet, personal kompüter, telefon var, uzun zamandır dünyadakı təhsil müəssisələri distant təhsili tətbiq edir, bunun vasitəsilə magistr dərəcəsi alanlar, bakalavr pilləsini bitirənlər, treninq keçənlər var. Xəzər Universiteti də bir neçə ildir distant təhsili tətbiq edir. Orta məktəblərdə daha asan “zoom” sistemi tətbiq olunur, Təhsil Nazirliyi distant təhsil barədə tələb və tövsiyə edir, hesabat istəyir. Bütün universitetlər və orta məktəblərin distant təhsil sistemini uğurla tətbiq elədiyini söyləmək yanlış olardı. Amma bir sıra ali və orta məktəbləri tətbiq elədi. Bu, müsbət hadisədir. Təbii ki, distant təhsil üz-üzə, auditoriyadakı tədrisi tam əvəz edə bilməz. Amma bu cür fövqəladə hadisələr zamanı, eləcə də savaş, qaçqınlıq dövründə distant təhsil müəyyən dərəcədə kömək olur və ondan istifadə etmək lazımdır.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər