Dövlət başçısının Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki sözsüz ki, məzmunu və motivləri ilə bərabər ölkəmizin və bütün dünyanın başının üstünü almış yeni növ koronavirus təhlükəsinə qarşı aparılan mübarizə kontekstində də bir sıra əhəmiyyətli, yönəldici və maarifləndirici fikirlərlə zəngindir. Prezident xüsusilə ilk gündən Azərbaycanda həyata keçirilən tədbirlərin qabaqlayıcı xarakter daşıdığını və səmərəli nəticələr verdiyini Azərbaycan ictimaiyyətinə açıqladı.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi təhlilçi Aydın Quliyev bildiirb.
O qeyd edib ki, dövlət başçısı həyata keçirilən tədbirlərin təkcə dövlət işi olmadığını və onun daha çox uğur qazanması üçün bütün cəmiyyətin görülən tədbirlərə dəstək verməli olduğu fikrini bir daha cəmiyyətimizə təlqin etdi:
“Konkret desək, Azərbaycan Prezidenti həyata keçirilən tədbirlərin həm dövlətin borcu, vəzifəsi olduğunu cəmiyyətə göstərdi, eyni zamanda bunun təkcə dövlətin işi olmadığını, buna bütün cəmiyyətin, hər kəsin öz imkanları daxilində dəstək verməsinin labüd və əhəmiyyətli olduğunu bir daha göstərdi”.
Aydın Quliyev bildirib ki, biz bu çıxışdan bir sıra mühüm mesajlar aldıq:
“Bu mesajların ən əhəmiyyətlilərindən biri də ondan ibarətdir ki, dövlət koronavirusla mübarizəyə Azərbaycanın milli təhlükəsizlik məsələsi kimi baxır. Xüsusilə də bütün bu işlər dövlət başçısının şəxsən rəhbərliyi və təşkilatçılığı altında həyata keçirilir və dövlət, şəxsən prezident ölkənin bütün resurslarını bu təhlükənin qarşısının alınmasına yönəltmək üçün yetərli iradəyə malikdir və sona qədər bunu davam etdirəcək. Mənim çox önəm verdiyim bir məsələ də bundan ibarətdir ki, Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinin həyata keçirilən tədbirlərin gücünə, əhəmiyyətinə inandığını bilir və cəmiyyətin həm sabaha inamını, həm də sağlam gələcəyə inamını qoruyub saxlamaq üçün öz tərəfindən dövlətdən asılı olan bütün addımları atacağı barədə cəmiyyətə mühüm mesajlar verdi. Dövlət başçısının Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki həm də cəmiyyəti yönəltmək və cəmiyyətdə ruh yüksəkliyi yaratmaq notlarına malikdir”.