20 Mart 2020 23:14
1 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Yazı

1944-cü il may ayının 17-si.
Azərbaycan Milli Birlik Məclisinin sədri Əbdürrəhman Fətəlibəyli Berlinin “Esplanad” hotelində Almaniyanın reyxministri Alfred Rozenberqlə görüşür.

Görüşdə Fətəlibəylə Rozenberqə deyir: “Əgər biz bilsək ki, rusların yerinə almanlar Azərbaycanda ağalıq edəcəklər, sizinlə bir addım da atmayacağıq. Biz ancaq Azərbaycanın müstəqilliyi uğrunda vuruşuruq”.
Amma o, müharibəyə Azərbaycanın müstəqilliyi uğrunda deyil, SSRİ ordusunun zabiti olaraq qatılmışdı. Almanlara qarşı vuruşan bu zabit müharibənin gedişində bütün hərbi məharətini tək bir hədəfə yönəltdi: müstəqil Azərbaycan Cümhuriyyətini yenidən bərpa etmək.

Bu, necə baş vermişdi? Bir qədər əvvələ gedək.

Kim idi Fətəlibəyli?

Azərbaycan legionu haqqında ən geniş tədqiqatın müəllifi Nəsiman Yaqublunun yazdığına görə, silahdaşları tərəfindən Abo Düdənginski kimi tanınan Əbdürrəhman Əli oğlu Fətəlibəyli 1908-ci ilin iyun ayının 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində doğulub. Fətəlibəyli hərbi piyada məktəbini bitirib, Azərbaycan diviziyasında zabit olub. 1935-1936-cı illərdə Moskva Hərbi Akademiyasına oxumağa göndərilib.

1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyli xanım Qazıyeva ilə evlənib. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada aparıb, 1940-cı ilə qədər burada yaşayıblar. 1938-ci ildə Leninqradda ilk övladı Əli doğulub.

Sovet zabiti kimi Fətəlibəyli 1939-cu ildə Finlandiya müharibəsində iştirak edib, “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Mayor rütbəsi alan Fətəlibəyli Leninqrad hərbi dairəsinin qərargahında xidmət edib, 6-cı şöbənin rəisi olub. 1940-cı ildə Sovet ordu hissələri Pribaltika respublikalarını işğal etdikdən sonra Fətəlibəyli Riqada yerləşən hərbi qərargaha göndərilib. Lakin burada ikən almanlara əsir düşüb.

Almaniya 1941-ci ilin sonunda Moskva ətrafındakı uğursuzluğundan sonra siyasi mühacirlərin nüfuzundan istifadə etməyə, legionların təşkil edilməsinə qərar verib. 1942-ci ilin yanvarından etibarən isə Sovet İttifaqının qeyri-rus xalqlarının nümayəndələrindən ibarət Şərq legionlarının yaradılmasına başlanılıb. Almanlara əsir düşən SSRİ zabiti mayor Fətəlibəyli Azərbaycan legionunun rəhbəri olub.

1943-cü ilin noyabrın 6-sında Fətəlibəylinin sədrliyi ilə Berlində “Kayserof” mehmanxanasında Milli Azərbaycan Qurultayı keçirilib. Qurultay 5 maddədən ibarət qərar qəbul edib, əsas qayənin 1918-1920-ci illərdə mövcud olan milli Milli Azərbaycan hökumətini bərpa etmək olduğu bildirilib.

Qısa müddət sonra SSRİ ABŞ-ın dəstəyi ilə müharibədə dönüş yarada bilib. 1945-ci il mayın 9-da Almaniya təslim olub. Bununla da, başda Fətəlibəyli olmaqla legionerlərin taleyində yeni mərhələ başlayıb.

Fətəlibəyli ailəsi ilə birlikdə yenidən mühacirət həyatı yaşamalı olub. Bir il İtaliyada, iki ilə qədər Misirdə qalıblar, sonra Qərbi Almaniyaya gediblər, bir ara Türkiyəyə gəlib bir neçə ay qaldıqdan sonra təkrar Münhenə qayıdıb, orada yaşayıb. Ailəsi isə Türkiyədə yaşayıb, daha sonra Amerikaya yola düşüblər.

Müharibədən sonra Fətəlibəyli mücadiləsini davam etdirib. Ceyhun Hacıbəyli ilə birlikdə Münhendə “Azərbaycan” jurnalını çap edib. Daha sonra “Azadlıq” radiosunun “Azərbaycan redaksiyası”na bir müddət (1953-1954-cü illər) rəhbərlik edib. 1954-cü ilin noyabrın 20-də “Münhenin “Alpenplate-6” meydanındakı bir mənzildə qətlə yetirilib.

Qatil 1920-ci il təvəllüdlü Mikayıl İsmayılov idi.

Fətəlibəyli Münhen yaxınlığında Nyu-Ulm şəhərindəki qəbiristanlıqda qardaşı Seyfullanın məzarı yanında dəfn edilib.

Fətəlibəylinin ölümü Türkiyə mətbuatının da diqqətini çəkib. Çünki 1947-ci ildən sonra legionerin bir qismi Türkiyəyə gələ bilmişdi. Türkiyənin “Vətən” qəzetinin müxbiri həmin legionerlərdən bəziləri ilə görüşərək Fətəlibəyli haqqında məlumat toplayıb.

Qəzetin müxbiri Sadun Tanjunun topladığı materilların birinci hissəsini təqdim edirik:

***

Münhendə öldürülən Fətəlibəyli kimdir?

Bu azərbaycanlı türk əvvəlcə Türkiyəyə gəlmiş və Sovet cəbhəsindəki azərbaycanlıların almanlara qatılmasında rol oynamışdı.

İkinci Dünya müharibəsindən bəri antikommunist fəaliyyətlə məşğul olan radiolarda çalışan, ən son Münhen ətrafında “Liberation” adlı radioda işləyən, əslən azərbaycanlı bir türk, keçmiş zabit Fətəlibəylinin öldürülməsi hadisəsi ilə alman polisi yaxından məşğul olmaqdadır. İlk təhqiqat cinayətin siyasi bir məqsədlə işlənmədiyi qənaətini oyandırmışsa da, polisin getdikcə dərinləşən araşdırmaları hadisənin siyasi cəbhəsini meydana çıxarmağa başlayıb.

Polis Fətəlibəylinin cəsədinin olduğu evin sahibi İsmayılovu tapa bilməyincə bütün şübhələr ona yönəlmişdi. Fətəlibəylinin paltarlarının, pasportunun və digər sənədlərinin oğurlanması bu şübhələri gücləndirmişdi. Cinayəti törədən olaraq qəbul edilən İsmayılov alman polisi tərəfindən axtarılarkən digər tərəfdən də məqtulun kimliyi mövzusunda təhqiqata başlanmış və çox qəribə məlumat əldə edilmişdir.

Azərbaycanlılar tərəfindən “Abo” deyə tanınan Fətəlibəyli İkinci Dünya müharibəsi əsnasında Rusiya cəbhəsində çarpışan Azərbaycan birliyinin Almaniya tərəfə keçməsində baş rollardan birini oynamış və sonradan Hitlerin SS-ləriylə işbirliyi edərək Azərbaycan legionunu qurmuş və birliyin komandanlığını üzərinə götürmüşdür.

Müharibədən sonra Almaniyanı tərk edən və bir müddət İtaliyada qaldıqdan sonra Türkiyəyə də gələn Fətəlibəyli orta boylu, təvazökar, fəqət qatı millətçi və rus düşməni bir azərbaycanlıdır. Amerikalılar tərəfindən maliyyələşdirilən “Liberation” adlı antikommunist radio mərkəzində iki ilə yaxın bir müddətdən bəri davamlı olaraq Sovet İttifaqı əleyhində təbliğat aparır, olduqca ağır ittiham və hücum edirdi. Gərək bu işlərinin, gərəksə də hərb içində ruslara qarşı fəaliyyətinin kommunistlər tərəfindən unudulmadığı Fətəlibəylinin əsrarəngiz ölümü ilə meydana çıxmışdır.

***

Münhendə rusların öldürtdüyü türkün dostları danışır

“Fətəlibəyli kommunistlər üçün bir “ölüm qasırğası” idi və rus casusları onu addım-addım təqib edirdilər”.

İki gün əvvəl Münhendən verilən bir xəbər şəhərimizdəki azərbaycanlılar arasında böyük bir təəccüb və o dərəcə böyük bir təəssür oyandırdı. Xəbər Münhendə antikommunist bir radioda iki ildir çalışan Fətəlibəyli adlı azərbaycanlı bir türkün əsrarəngiz şəkildə öldürüldüyündən bəhs edirdi. Ertəsi gün, yəni dünən qəzetimizdə ikinci bir xəbər çıxdı. Xəbərdə Fətəlibəyli haqqında məlumat verilir. Xüsusilə, ruslara qarşı amansız bir mücadiləyə girişdiyi qeyd edilirdi.

Cinayətin siyasi olduğu və rus casusları tərəfindən edildiyi bu xəbərlə açıq şəkildə meydana çıxırdı.

Fətəlibəylinin İkinci Dünya müharibəsi əsnasında alman cəbhəsinə keçərək bir Azərbaycan legionu təşkil etməsi və ruslara hücumu diqqətimi çəkdi. Çünki bu legiona mənsub bir neçə yüz azərbaycanlı hələ də İstanbuldadırlar və müxtəlif işlərdə çalışırlar... Dərhal fəaliyyətə keçdim və Fətəlibəylinin şəhərimizdə olan bir çox dostları ilə görüşdüm. Onlardan Əflan Muğan hələ də YapıKredi bankının Bahçekapı mərkəzində məmur olaraq çalışır.

Müharibə dövründə Azərbaycan legionunda tabor komandanı olmuş, Fətəlibəylinin tabeliyində çalışıb. İbrahim Hür də yenə Fətəlibəylinin Baş leytenantlarından biri olub. Dr. Kazımbəy Cahangirdə Süngü küçəsində yaşayır.

Hərb sona çatdıqdan sonra legionun bir qismi İtaliyada düşərgədə saxlanıldığı zaman Fətəlibəyli Milanda Kazımbəyin evində qalıb, kommunist casuslardan gizlənmək üçün Kazımbəy ona əlindən gələn yardımı göstərib.

Sonra Fətəlibəyli Münhenə gedib “Liberation” radiosunda işləməyə başlayıb, Kazımbəyi də oraya çağırıb. Bir müddət bərabər çalışıblar.

Münhendəki cinayətin qurbanı olan Fətəlibəylinin şəxsiyyəti haqqında istər bu şəxslərdən, istərsə də daha uzaq tanıyanlardan aldığım məlumat məqtulun siyasi bir cinayətə qurban getdiyini göstərməkdədir.

Məmləkətimizdə yaşayan azərbaycanlı türklər beləcə Azərbaycan davası üçün canla-başla çalışan Fətəlibəyli ilə rusları daima narahat edən bir milli liderin itirildiyinə ağlamaqdadırlar. Fətəlibəyli istər şəxsi məziyyətləri, istərsə də yeri çətin dolan təşkilatçılığı və liderliyi ilə bütün azərbaycanlılar tərəfindən qiyməti təqdir edilən bir şəxsiyyətdi.

Topladığım məlumata görə Fətəlibəylinin həyat hekayəsi belədir: Özü rus hərbi akademiyasında yetişib və 1941-ci ildə Latviya cəbhəsində vuruşarkən yoldaşı, qayınanası, uşağı və tabeliyindəki Azərbaycan qüvvələrinin böyük bir qismi ilə alman səflərinə keçib. Rus cəbhəsində qərargahda çalışdığı üçün alman tərəf keçişi almanlar tərəfindən məmnuniyyətlə qarşılanmış və qısa zamanda göstərdiyi müvəffəqiyyətlə Hitlerin ali komandan heyətinin diqqətini çəkib.

Müxtəlif ləyaqət medalları ilə təltif edilən Fətəlibəyliyə alman səflərindəki bütün azərbaycanlıların bir legion halına gətirilməsi vəzifəsi verilib və Fətəlibəyli qısa zamanda Azərbaycan legionunu təşkil edib. 63 min nəfərlik bu qüvvə Milli Birlik Məclisi tərəfindən idarə edilirdi və sədri Fətəlibəyli idi.

Fətəlibəyli 1944-cü ilin sonuna qədər Şərq cəbhəsində legionu ilə ruslara qarşı vuruşub və ayrıldığı rus ordusu üçün bir “ölüm qasırğası” olub. Sonradan hərbin taleyi dönməyə başlayınca vəziyyətin tamamilə əleyhinə olduğunu görən Fətəlibəyli dərhal Berlinlə təmas qurub, qüvvələrinin Qərb cəbhəsinə nəql edilməsinə müvəffəq olub. Düşüncəsi hərb məğlubiyyətlə də nəticələnsə, ruslara əsir düşməməkdi. Çünki aqibətinin nə olacağını çox yaxşı bilirdi.

Hər şey Fətəlibəylinin düşündüyü kimi olmuş, hərb məğlubiyyətlə sona çatmış və Qərb cəbhəsindəki Azərbaycan qüvvələrinin bir qismi İsveçrəyə keçmiş, bir qismi də İtaliyada düşərgədə qalmışdı. Berlin ətrafında olan bir neçə alay isə rusların əlindən qurtula bilməmişdi. Fətəlibəyli buna çox üzülüb və İtaliyadakı legionerlərinin ruslara təslim edilməməsi üçün bütün imkansızlıqlara rəğmən mücadilə edib. Bir tərəfdən kommunist casuslardan gizlənir, bir tərəfdən də əsgərlərini qurtarmağa çalışırdı. Sonunda müvəffəq olub, azı 25-30 min nəfəri ölümdən qurtarıb.
Fətəlibəyli rus dilini bir rusdan da mükəmməl bilirdi. Həm də ingiliscə, fransızca və almancaya vaqifdi.

Ortaboylu, 45-46 yaşlarında çox enerjili bir zabitdi. Bariz xüsusiyyətləri xariqüladə intizamlı və təşkilatçı olmasıdır.
Azərbaycanlılar tərəfindən tam imanlı, idealist bir milliyyətçi olaraq tanınmaqda və sevilməkdə idi. Legionda əsgərləri ilə çox yaxından maraqlanırdı.

Hər kəsin dərdinə şərik olur, hər kəsin yarasına məlhəm tapmağa çalışırdı.
Azərbaycan legionuna mənsub əsgərlər və zabitlər onun haqqında belə bir dillə danışırlar.

Fətəlibəyli iki ildir Münhendə “Amerikanın səsi” radiosunda çalışırdı. Özünü tamamilə antikommunist təbliğat fəaliyyətlərinə həsr etmişdi. Gündə 18 saat çalışırdı. Hərbdən sonra ruslara təslim edilən bir qism legionerin ağrısını unutmur, unutmaq üçün bir az çox içirdi. Daha doğrusu, içkini çoxlu iş görə bilmək üçün bir enerji maddəsi imiş kimi istifadə edirdi. Ruslar tərəfindən yaxından təqib etdirilən Fətəlibəylinin içkiyə olan düşkünlüyünü qatilin yaxşı bildiyi və bundan istifadə etdiyi təxmin edilir.

Fətəlibəylini öldürməklə ruslar həm intiqam alıblar, həm də rus ordusu və xalqı ətrafında çox şey bilən və söyləyən bir düşməndən qurtulublar.
Fətəlibəylinin yoldaşı hələ də Ankarada Toprak Ofisdə rəssamdır. Oğlu Əli Ankara oğlan liseyində 10-cu sinifdə oxuyur.

(Davamı var)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər