25 Mart 2020 14:50
3 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması gözlənilən idi. Fonda yığılan vəsaitdən daha çox, insanların mənəvi dəstəyi məsələsi önəmlidir. Hesab edirəm ki, bu məsələdə hər kəs gücü çatan səviyyədə öz dəstəyini göstərməlidir".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib:

"İlk olaraq, İlham Əliyev və Mehriban Əliyevanın bu prosesdə comərd addım atmaları ardınca insanları da buna təşviq etdi. Keçmiş millət vəkili Elxan Süleymanov təqaüdünü fonda ianə etdi. Digər millət vəkilləri öz imkanları daxilində vəsait ayırdılar. Bunların hamısı onu göstərir ki, cəmiyyətdə bu istiqamətdə ciddi bir həmrəylik var. Bu həmrəyliyi də beləcə davam etdirmək lazımdır. Çünki biz ancaq bu halda vəziyyətdən çıxmağı bacaracaq və az itkilərlə bu prosesi qapada biləcəyik".

Millət vəkili hesab edir ki, mövcud vəziyyətlə bağlı ölkə ərazisində daha sərt qərarlar qəbul edilməlidir:

"Əksər yerlərin bağlanması vacibdir. Əgər hazırda bu addımları atmasaq, daha sonra çətinliklər yaranacaq. Hökümət tədricən mümkün variantları müzakirə edib, məhdudlaşdırmaları tətbiq edir".

Fazil Mustafa əhalinin vəziyyətə biganəliyini də vurğulayıb: "Vətəndaşlar bu məsələdə üzərinə düşəni lazımı səviyyədə yerinə yetirmir. Hələ də dərs çıxarmırlar, başqa ölkələrdən aldıqları informasiyalar onlara təsir etmir. Bunu zarafata salaraq vəziyyəti çətinləşdirirlər. Bunun əziyyətini daha çox özləri çəkəcəklər, amma hələ də başa düşmək istəmirlər.

Vəziyyəti başa düşən, maarifləndirmək istiqamətində çalışan insanları da təqdir etmək lazımdır. Çünki hamının borcudur ki, bilməyənə təhlükənin nə olduğunu, bu təhlükədən necə sovuşa biləcəyimizi başa salsın".

Millət vəkili ölkədəki vəziyyətin qənaətbəxş hesab edildiyini, lakin arxaynlaşmamağı tövsiyə edib:

"Rəqəmlər də göstərir ki, ölkədəki vəziyyət normaldır. Bu addımlar vaxtında atılıb. Prezident də vurğuladı ki, biz başqa ölkələrin səhvlərindən nəticə çıxarırıq. Səhvləri görür və onu təkrar etməməyə çalışırıq. Hər gün bu addımları atmalı və daha ciddi yanaşmalıyıq ki, bu prosesdən təhlükəsiz ötüşə bilək".


Müəllif: Aysel Azad