28 Mart 2020 16:21
3 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qaydalara riayət etməmək əhalinin mentaliteti ilə bağlı problemdir. Genetik quruluşumuz belə tədbirlərə heç vaxt düzgün əməl etmədiyimizi göstərir. Düşünürəm ki, əhalimiz bundan nəticə çıxarmalıdır. Laqeydliyin aradan qalxıb-qalxmayacağını zaman göstərəcək".

Bunu Teleqraf.com-a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri infeksionist Vasif Əliyev deyib.

O ölkədə tətbiq olunan karantin rejimini zamanında atılan və qəti tədbir kimi qiymətləndirib:

"Əhalimizin öhdəsinə buraxaraq arxayın olsaq, xəstəliyin yayılması davam edəcək. Karantin rejiminə ciddi şəkildə əməl etmək lazımdır. Təklif edirəm ki, nəinki yaşlı insanlar, işi olmayan, gəzinti üçün evdən çıxanların da çölə çıxması məhdudlaşdırılsın. Bu belə davam etdikcə, xəstəlik hamıya yayılmağa davam edəcək".

Vəziyyətin ciddiliyini başa düşən insanlardan danışan həkim epidemiyaya məhəl qoymayanlardan da söz açıb:

"Ölkədə bu cür ciddi addımlar atılır. Ola bilər ki, ölkədə fövqəladə vəziyyət də elan olunsun. Görülən tədbirlərdən sonra məsələyə qeyri-ciddi yanaşanlar varsa, bu, artıq başqa problem deməkdir. Yəqin ki, yaxın insanları həyatda olmadıqda, vəziyyətin ciddiliyini başa düşəcəklər".

Vasif Əliyev maska və əlcəklərdən düzgün istifadə mövzuzuna da toxunub:

"Maskalardan xəstələrin istifadə etməsi lazımdır. Maska bizi qorumur. Ən yaxşı izolyasiya tədbiri xəstə insanlarla təmasdan qaçmaqdır. Ümumiyyətlə, xəstəlik simptomu olan və olmayanlardan uzaq qalmaq məsləhət görülür. Tibb işçiləri olmadığı təqdirdə, əlcəklərin istifadə edilməsini tövsiyə etmirəm. Əlcəkdə olan viruslar başqa əşyaya toxunduğu zaman yenidən yoluxmaya səbəb olacaq".

Koronavirusdan qorunma yolları haqqında danışan Vasif Əliyev əhaliyə xüsusilə sosial izolyasiya tədbirlərinə əməl etməyi tövsiyə edib:

"Əllərin mütəmadi olaraq sabunla yuyulması və dezinfeksiya edilməsi vacibdir. İnsanlarla təmasdan qaçınmaq lazımdır. Ehtiyac olmadığı təqdirdə evdən çıxmayın. Marketdə ən azı bir metr məsafəni qorumaq, asqırarkən ağızı dəsmalla tutmaq, xəstə insanlardan uzaq olmaq lazımdır. Xəstə olduğunuz təqdirdə 103-ə xəbər verməyiniz tövsiyə olunur. Hazırkı vəziyyətə görə ictimai nəqliyyatdan istifadə etməyin".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər