Artıq bir neçə aydır dünyada koronavirusa yoluxanların və pandemiya qurbanlarını sayı artır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), habelə ayrı-ayrı ölkələrin müvafiq dövlət qurumlarının, rəsmi orqanlarının məlumatları belə deməyə əsas verir.
Elə Ümumdünya Səhiyyə Təşkilatının son məlumatında Yer üzündə bir gün ərzində virusa yoluxanların daha 60 min nəfər artdığı bildirilir. Qeyd edilir ki, koronavirusa yoluxanların ümumi sayı 570 min nəfəri ötüb. Xəstəlikdən ölənlərin sayı isə 26,5 minə çatıb.
Hətta bəzi təşkilatlar bu rəqəmlərin fərqli olduğunu, dünyada 600 mindən çox insanın COVID-19 infeksiyasının daşıyıcısı olduğunu, virusdan ölənlərin sayının isə 30 min nəfəri ötdüyünü iddia edirlər.
Açıqlanan rəqəmləri orta statistika ilə əvəzləsək, dünyada koronavirusun yayılması baxımından ən təhlükəli ölkələr hansılardır?
Teleqraf.com həmin ölkələrin adlarını tədim edir.
Qəribə də olsa, bir zamanlar ayrı-ayrı ölkə vətəndaşlarının, turistlərin daha çox maraq göstərdikləri ABŞ bu siyahıda ilk yeri tutur. Belə ki, son vaxtlar COVID-19 infeksiyasına ən çox məhz bu ölkənin vətəndaşları yoluxurlar. Təkcə son iki gündə Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan bir sakin vəfat edir. Nyu-York koronavirus qurbanlarının sayına görə ABŞ şəhərləri arasında liderdir.
O ki qaldı ümumi vəziyyətə, hazırda Birləşmiş Ştatlarda 121 117 nəfər koronavirusa yoluxub. ABŞ-da COVID-19 qurbanlarının sayı 2 010 nəfərə çatıb.
Qitə olaraq yeni növ koronavirusun yayılması səbəbindən ölüm və yoluxma halları Avropada yüksəkdir – 286 mindən çox yoluxma, 16 mindən çox ölüm.
İtaliya insan itkisinə görə bir zamanlar koronavirusun “beşiyi”i sayılan Çini ötüb. Elə təkcə ötən gün ərzində bu ölkədə koronavirusdan 889 nəfər ölüb, minlərlə italiyalı yeni virusa yoluxub. Bununla yanaşı, qədim köhnə aparıcı dövlətlərindən birinin 12 384 vətəndaşı virusdan sağalaraq yenidən həyata qayıdıb. İtaliyada 92 mindən çox insan virus daşıyıcısıdır. O ki qaldı, həkimlərin qarşısında çarəsiz qaldığı xəstələrə, onların da sayı yüksəkdir - virusdan ölənlərin sayı 10 023 nəfərə çatıb.
Koronavirusa yoluxma hallarının ən çox yayıldığı ölkələr arasında İspaniyanın da adı var. Son 1 gündə bu ölkədə daha 832 nəfər infeksiyanın qurbanı olub, virusdan ölənlərin sayı 5 690 nəfərə çatıb. Krallıqda son 24 saatda virus daşıyıcılarının sayı daha 8, 2 min nəfər artaraq 72 240 nəfəri ötüb.
Fransada koronavirusa yoluxanların sayı 37,5 min nəfərdən çoxdur. Son sutka ərzində bu ölkədə pandemiyadan 319 nəfər ölüb. Hazırda Fransada 2 314 nəfər pandemiyanın qurbanları sayılır.
Son məlumatlara görə, Almaniyada koronavirusa yoluxanların sayı 26 000 nəfəri ötüb. Ölkədə pandemiya xəstələrinin sayı artır. Ölənlərin sayı ilə bağlı rəqəmlər isə müxtəlifdir.
Koronavirusun sürətlə yayıldığı ölkələr siyahısına Böyük Britaniyanı da əlavə etmək olar. Son bir gündə bu ölkədə koronavirusa 2 510 nəfərin yoluxması qeydə alınıb, 260 nəfər COVID-19-un qurbanı olub. Ölkədə ümumilikdə 1 019 pasiyent ölüb.
Qeyd etdiyimiz kimi, koronavirusun yaylma mərkəzi olan Çində vəziyyət ABŞ və İtaliya ilə müqayisədə nisbətən qənaətbəxşdir. Son gün ərzində bu ölkədə yeni koronavirusa 45 nəfər yoluxub. Ölkədə daha 5 nəfər virusun qurbanı olub. Bununla da ötən ilin dekabrından Çində təhlükəli virusa yoluxanların sayı 81 439-a çatıb, 3 300 nəfər COVID-19-un qurbanı olub.
Сənubi Koreyada bir gün ərzində koronvirusa 105 yeni yoluxma hadisəsi qeydə alınıb, 222 nəfər sağalıb. Ölkədə virusa yoluxanların ümumi sayı 9 583 nəfərə çatıb, daha 152 nəfər pandemiyanın qurbanı olub.
Qeyd edək ki, siyahıya Avropanın və Asiyanın digər ölkələri də daxildir.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 infeksiyası indiyədək 192 ölkə və regionda qeydə alınıb.