"Hər bir satılan malın qiymətində 18 faiz əlavə dəyər vergisi var. Tibbi vasitələrin ölkəyə gətirilməsindəki əlavə dəyər vergisinin ləğvi qiymətlərin dəyişməsinə səbəb ola bilər. Onların qiyməti heç olmasa 18 faiz düşməlidir. Əgər kimsə qiyməti aşağı salmasa, artıq ona ölçü götürmək lazımdır".
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib.
O, yaxın günlərdə ölkəmizdə başlanacaq maska istehsalının iqtisadiyyata təsirindən də söz açıb: "Tibbi maskalar elə də baha deyil. Lakin hazırda bütün ölkələrin buna ehtiyacı var. Bir sıra ölkə başçıları da maska istehsalı ilə bağlı təlimatlar veriblər.
Məndə olan məlumata görə, artıq Gürcüstanda bu prosesə başlanılıb. Düşünmürəm ki, biz bunu ixrac edə bilək, çünki hazırda özümüzün buna ehtiyacımız böyükdür, apteklərdə maska tapılmır. Lakin öz tələbatımızı ödəməyimiz müəyyən qədər qənaət etməymizə səbəb olacaq. Maska bahalı olmadığına görə iqtisadiyyatımıza elə də ciddi təsir etməyəcək. Amma hər bir halda yaxın aylarda ən azı bir neçə milyona qənaət etmiş olacağıq".
Ekspert mövcud şəraitdə bazarlarda baş qaldıran süni qiymət artımına da münasibətini bildirib. O hesab edir ki, bahalaşma davam edə bilər: "Bunun bir neçə səbəbi var: nəqliyyat məsələsində, logistikanın fəaliyyətində problemləri qeyd etməliyik. Şəhərlərarası gediş-gəliş dayandırılıb, müəyyən ərzaq, kənd təsərrüfatı malları gətirilməlidir. Həm xaricdən, həm də daxildə az gətirildiyinə görə qiymətlər artır. Hazırda ciddi problem görmürəm, çünki kifayət qədər ehtiyatımız var. Amma karantin dövrü bir neçə ay çəksə, ehtiyatların azalma ehtimalı gündəmə gələ bilər".
Əkrəm Həsənov təklif edir ki, zəruri ərzaq məhsullarının qiymətinin dövlət tənzimləsin: "Xüsusi zərurət olan çörək, qənd, ət kimi məhsullar buraya daxildir. Bu proses uzun müddət davam etsə, qiymət artımın qarşısını almaq mümkün olmayacaq. Dövlət buna qarışdıqda isə qara bazara yer açılacaq, məhsullar piştaxtalardan yığılacaq, gizli satış həyata keçiriləcək. Bu isə arzuolunan deyil".