29 Mart 17:02
418

Koronavirus elə düşməndir ki, ona laqeyd yanaşmaq olmaz. İtaliyada məsuliyyətsizlik oldu, görün nə qədər adam həyatını itirdi. Sağ olsun, möhtərəm prezidentimiz İlham Əliyevin sayəsində ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar kəskin mübarizə gedir. Bütün qaydalara riayət edir, Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarını pozmur, 65 yaşından yuxarı olan bir insan kimi "evdəqal" çağırışına əməl edirəm. Buna görə də Milli Məclisin martın 30-da keçirilən iclasında iştirak etməyəcəm.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldar İbrahimov deyib

Onun sözlərinə görə, virus infeksiyasından qorunmağın əlacı təcrid olunmaqdır:

"Mən özüm həmişə işləyən adamam, darıxsam da, evdə qalmalıyam ki, sağlamlığımı qoruyum. Söhbət təkcə öz sağlamlığımdan getmir, xəstələnsəm, digərlərini də yoluxduracağam. Digərlərinin, nəvələrimin, nəticələrimin, xalqımın xatirinə gərək özümü qoruyum".

Deputat gigiyena qaydalarına əməl etməyin vacib olduğunu vurğulayıb:

"Dünyanın 190 ölkəsində bu virus var, deməli məsələ ciddidir və ona məsuliyyətli yanaşmaq lazımdır. Gərək kimlərləsə təmasda olmayasan, insanlarla ən azı 2 metr məsafə saxlayasan. Bunlar söz xətrinə deyilmir, insanları qorumaq üçün çağırış edilir. Gəlin, özümüzü qoruyaq, bir olaq, koronavirusa qarşı mübarizə apararaq bütövlükdə Azərbaycanımızı qoruyaq".


Müəllif: Nərgiz