30 Mart 2020 18:54
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı əsarəti altına alan koronavirus səbəbilə insanların gündəlik həyat tərzləri pozulub. Əksəriyyət epidemiyadan qorunmaq səbəbilə evdə qalır. Bu isə bəz ailələrdə münasibətlərin pozulmasına, münaqişlərə səbəb olur. Statistikaya görə, koronavirus səbəbilə dünya üzrə boşanaların sayı artıb. Ailəxaili münaqişələrə yol verməmək üçün nə etmək lazımdır?

Psixoloq Gülnarə Əliyeva Teleqraf.com-un mövzu ilə bağlı suallarını cavablandırıb.

- Gülnarə xanım, hazırda Çin və İtaliyada boşanmaların sayı artıb. Bu, nədən qaynaqlanır?

- Karantin rejimi elan olunduqdan sonra insanlar gündəlik həyat tərzlərindən uzaqlaşıblar. Günlük rejimdə səhər hər kəs işə gedirdi, bir-birini az görürdü. Müəyyən qayğı var idi - işi həll edib, pul qazanaq. Hazırda bu, belə deyil. Birlikdə vaxt keçirməkdən çox, gələcəyə ümidsizlik, qayğılı olmaq cütlüklər arasında anlaşılmazlıqlara və mübahisələrin baş verməsinə gətirib çıxarır. Hər insan özünü güvəndə hiss etmək istəyir. Bu gün dünyada heç bir insan özünü güvəndə hiss etmir. Bunun verdiyi stress nəticəsində insanlar bir-biri ilə mübarizə içindədir, hətta ər-arvad belə. Burada problem birlikdə vaxt keçirmək deyil.

Normal şəraitdə dünya əhalisini tətilə göndərsəydik, evdə qalıb, işləməmələrini tövsiyə etsəydik, onların heç biri bu stressi yaşamayacaqdılar. Onlar gündəlik həyatlarını istədikləri kimi davam etdirəcəklərdi. Həmişə etmək istədikləri, heç vaxt vaxt tapa bilmədikləri şeyləri edəcəkdilər. Amma bu gün elə deyil, stress, qayğı, gələcək qorxusu sanki bunu etməyə imkan vermir. Cütlüklər ən xırda mübahisələri belə böyüdə bilirlər.

- Bəs bu stressə düşməmək üçün nə etsinlər?

- Sadəcə, evdə birlikdə səmərəli vaxt keçirmək lazımdır. Elə bir aktivitlər təşkil etmək lazımdır ki, buna uşaqlar da qoşulsun. İnternetdə buna aid xeyli oyunlar var. Məsələn, domino, dama, şahmat, loto oynaya bilərlər. Müxtəlif tapmacalar da fikirləşmək olar. Yaxud da internetdə intellektual, düşündürücü oyunlar oynaya bilərlər.

- Nəzərə alaq ki, bütün ailələr belə deyil. Qoşulmaq istəməyənlər də olacaq...

- Əgər ailə üzvlərinin birinin və ya bir neçəsinin buna marağı yoxdursa, o zaman mübahisə yaranır, zorla təkid edilir. Daha çox analar atalara oyuna qoşulmaları üçün zorla təkid edirlər. Əgər oyuna qoşulmaq istəmirlərsə, burada məcuriyyət lazım deyil. Nəzərə alsaq ki, gərgin vəziyyətdə olan insanı sevmədiyi məşğuliyyətə daxil etdikdə, o daha da gərginləşir. Olduğu mühitdən daha çox uzaqlaşmağa çalışır.

- Bəs bu gərginliyi azaltmaq üçün nələr etmək olar?

- Sadəcə, insanları bir az sərbəst buraxmaq lazımdır. Sizi əmin edirəm ki, biz 5 gün əvvəl darıxdığımız qədər indi darıxmırıq. Artıq burada da uyğunlaşmağa başlayırıq. İnsanlar evdə qalamağa da öyrəşəcəklər. İnsan birdən günlük rejimini dəyişdiyi üçün boşluq içərisində qalır. Bu o demək deyil ki, mütləq şəkildə evdə hansısa bir işlə məşğul olmaq lazımdır. Düşünürəm ki, bir həftə sonra insanlar bir qədər də uyğunlaşacaqlar. Çünki yeni vərdişə beynimizin uyğunlaşma müddəti 21 gündür. Bu müddət ərzində insanlar işlərini qaydaya salacaqlar.

- Gülnarə xanım, hazırda insanlarda bir təşviş var. Hətta bəziləri bu təşvişin səbəbini belə bilmir...

- Biz o panikaya düşməməliyik. Bunu fürsətə çevirməliyik və həqiqətən fürsətdir. Kitab oxusunlar, 21 günlük marafonlar olur, onlara qoşularaq özlərini tanıya bilərlər. Bu, sadəcə əla fürsətdir. Əksər hallarda vaxt azlığını bəanə edirdik. Bu gün boş vaxtı dəyərləndirməsək, yenidən iş həyatına qayıtdığımızda təəssüflənəcəyik.

- Məktəblər tətildədir. Bu müddətdə uşaqlara necə zaman ayrılsın?

- Belə bir yalnış fikir var - valideynlər elə bilirlər ki, gün ərzində uşaqların başını qatmaq lazımdır, uşaqlarla bütün gün vaxt keçirmək lazımdır. Belə bir şey yoxdur. Valideynlərimizin etdiyi səhvlərdən biri də budur. Uşaqlara imkan tanısınlar. Şərait yaradın ki, onlar özləri boş vaxtlarını necə keçirmək lazım olduğunu tapa bilsinlər. Bir neçə saat vaxt ayırdıqda sonra icazə versinlər ki, özləri özlərinə vaxt ayırsınlar.


Müəllif: Aysel Azad