30 Mart 2020 15:54
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Marketlərdəki qiymət artımı ilə bağlı hər gün mənə 6-7 telefon zəngi daxil olur. Dünən də zəncəfil və sarımsağın qiymətinin həddindən artıq qalxması ilə bağlı şikayətlər çox daxil olub. Sözügedən məhsullara eyni market şəbəkəsində müxtəlif qiymətlər qoyulub. Cənab prezident bu məsələlərdən də əvvəl iqtisadi yığıncaqların hamısında qeyd edib ki, ölkədə inhisarçılıq, karter sövdələşməsi var".

Bunu Teleqraf.com-a açıqlamasında Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, əvvəlki illərdə də qiymət artımlarının qarşısını almaq üçün dövlət orqanlarına tapşırıqlar verilib: "Lakin təəssüflər olsun ki, bu işə baxan dövlət qurumları bu sahədə heç də fəal iş aparmayıblar. Bu, istehlakçıların hüquqlarının qorunması nöqteyi-nəzərindən çox əhəmiyyətli məsələdir. İndiki vəziyyətə isə süni qiymət artımı demək olmur. Çünki bazar "tələb və təklif" aksiomu ilə işləyir. Tələb artıb, buna görə də qiymət artıb. Belə olduqda isə həmişə keyfiyyətsiz mal və xidmət meydana çıxır".

Hökümətin mövcud vəziyyətlə mübarizə apara biləcəyini bildirən ekspert bununla bağlı çıxış yolları təklif edib:

"Bazarda bolluq yaratmaq üçün müəyyən məhsulların rüsumlarını azaltmaqla yanaşı, xarici ölkələrdən mal gətirilə bilər. Lakin xarici ölkələrdə də müəyyən məhdudiyyətlərin olduğunu bilirik. Bu şəraitdə Nazirlər Kabineti qərar qəbul etməlidir. Dərman preparatlarında bu icra olunduğu kimi, bir sıra malların yuxarı qiymətləri müəyyən olunmalıdır. Daha sonra dövlət orqanları buna süni qiymət artımı adı verib, mübarizə apara bilər. Hazırda dövlət orqanlarının bu qiymət artımı ilə mübarizə aparması qeyri- qanunidir. Çünki bu süni qiymət artımı adlana bilməz".

Eyni zamanda qida mütəxəssisi olan Eyyub Hüseynov düşünür ki, qiyməti artırılan məhsulların koronavirusa qarşı qoruyuculuğu yoxdur: "Bunlar həmişə tələb olunan məhsul olub. Əhali ajotajdadır və bu, heç də effektli mübarizə üsulu deyil. Nəzərə alsınlar ki, zəncəfil ölkəmizə Çindən gətirilir. Bunu satanlar isə biznes etikasından kənar olaraq qiyməti artırırlar".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər