29 Sentyabr 2014 15:44
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov” layihəsi çərçivəsində dəyirmi masa təşkil edib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Milli Qəhrəman Koroğlu Rəhimovun həyat yoldaşı və övladları, gənclər təşkilatları, hərb yönümlü QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlər iştirak ediblər.

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, ölkəmiz müharibə şəraitində yaşayır və müasir gənclik qarşısında əsas vəzifə ilk növbədə torpaqların hər an azad edilməsi uğrunda hazır olmalarıdır. Buna görə də təşkilatın fəaliyyətində əsas məqsəd gənclərin vətənpərvərlik tərbiyəsi işinə dəstək olmaqdır. Böyük dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda böyüməsi istiqamətində mühüm addımlar atıb, Qarabağda döyüşlərdə şücaət göstərmiş qəhrəman Vətən övladlarını qiymətləndirib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı çıxışlarında gənc nəslin vətənpərvər ruhda böyüməsinin xüsusi diqqət mərkəzində saxlanılmalı olduğunu vurğulayır.

Milli Qəhrəmanın oğlu Rəşad Rəhimov atasının ömür yolundan danışıb. O bildirib ki, Koroğlu Rəhimov Vətənimizin düşməndən qorunması uğrunda mübarizədə iştirak etməyi borc sayıb.

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının sədri, Qarabağ qazisi Rey Kərimoğlu döyüşən insanlara obyektiv qiymət verilməsinin, əsl qəhrəmanların qiymətləndirilməsin zəruru sayıb. O, Koroğlu Rəhimov, Vəzir Orucov, Şirin Mirzəyev, Əlyar Əliyev kimi Milli Qəhrəmanlarımızın ömür yolu və qəhrəmanlıqlarının gənclər üçün örnək olduğunu vurğulayıb.

Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı Koroğlu Rəhimovun cəbhəyə yollanarkən övladlarının körpə olduğunu xatırladıb: “Buna baxmayaraq, Koroğlu Rəhimov Vətənimizi qorumaq üçün döyüşə atılıb. O, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün qəhrəmanlıqla döyüşüb, göstərdiyi şücaət onu qısa müddətdə əfsanələşdirib. Gənclərimiz Koroğlu Rəhimov kimi qəhrəmanlarımızın həyatını, döyüş yolunu öyrənməli, örnək götürməlidirlər”.

BƏXTİYAR


Müəllif: