"Muzdlu işçi işəgötürənlə əmək müqaviləsi bağlayan, müqavilədə göstərilən əmək funksiyalarını yerinə yetirən işçidir. Əmək müqaviləsi isə yalnız hökümət portalında elektron informasiya sistemində qeydiyyatdan keçdiyi zaman qüvvəyə minir. Belə şəxslərin sayı Azərbaycanda 1 milyon 555 min nəfərdir".
Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
O bildirib ki, işləyən insanların ümumi sayı rəsmi statistikada 4 milyon 900 mindən çoxdur: "Nəzərə alsaq ki, 300 minə qədər vergi uçotunda duran şəxslər var. Bir qurup şəxsin əmək müqaviləsi elektron sistemdə qeydiyyata alınmır. Bunlar üst-üstə 2 milyonu keçmir. Muzdla işləyənlər bir milyon 555 min nəfərdir, lakin ilin sonuna qədər artacağı gözlənilir. Bu rəqəmlər tez-tez dəyişir".
Sahib Məmmədov bildirib ki, muzdlu işçilərə özəl sektorla müqayisədə dövlət daha çox əmək haqqqı ödəyir: "Dövlət sektorunda çalışan dövlət orqanları, dövlət təsisatları və publik hüquqi şəxslərdir ki,onların bir çoxunda işlər dayandırılıb. Həmin şəxslərin pulunu dövlət ödəyir. Bu ayrılan bir milyard vəsaitdən nəzərdə tutulan hissədir. Dövlətin işləmədiyi halda maaş verdiyi şəxslərin sayı daha çoxdur".
Sahib Məmmədov qeyd edib ki, əmək haqqısı ödəniləcək 304 min muzdlu işçinin elektron sistemdə qeydə alınan müqavilələrinin sayı 550-600 min arasındadır və bunlar özəl sektoru əhatə edir: "Burada müxtəlif xidmət sahələri var ki, bəzilərində işlər tam dayanıb. Məsələn turizm sektoru tamamilə dayandırılıb. Ticarətdə sektorunda yalnız ərzaq satışı davam edir, qeyri-qida satışı dayanıb".
Hüquq müdafiəçisi hesab edir ki, problem ölkədə faktiki muzdlu işlə məşğul olan, amma əmək müqaviləsi olmayan yüz minlərlə insanın olmasındadır:
"Bu koteqoriyaya daxil olan insanların sosial təminatı məsələsi necə olacağı bəlli deyil. Eyni zamanda yüz minlərlə özünü məşğul, yaxud da qeyri-formal özünü məğul insanlar var. Bunların hamısı kölgə iqtisadiyyatının tərəfindədir.
Tikinti briqadaların içində rayondan gələn minlərlə şəxs var ki, mənzil kirayələyib, burada işləyirdilər. Ən çox ziyan çəkən bu şəxslər olacaq. Bunlarla bağlı bir mənzərə görünmür".
Sahib Məmmədov gündəlik qazancla dolanan şəxslərin aşkara çıxarılması üçün maraqlı təklif edib: "Koronavirus təhlükəsindən sonra onların bir qismi işsiz qalıb. 4 milyon 900 min işçinin 2 milyonunun yeri bilinmir. Ən çox təminatsız təbəqə onlardır və təminatdan kənarda qalır. Bunlarla bağlı yaradılan işçi qrupu fikirləşir, tədbirlər hazırlanır. Yaxşı olardı ki, onları üzə çıxarmaq üçün qaynar xətt yaxud elektron sistem yaradılsın. Ən azından onlar aşkara çıxdıqda hökümət yardım edə bilsin".