Son dövrlərdə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində sosial izolyasiya proseslərini dərinləşməsi, həmçinin, dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması səbəbindən ölkə iqtisadiyyatına təsirlərin minimuma endirilməsi ilə bağlı olaraq dövlət büdcəsindən hökumətə 1 milyard manat pul ayrılıb. Hazırda 4 işçi qrup yaradılıb ki, bunlar da İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Mərkəzi Bankın nəzdində yaradılan işçi qruplarıdır. Son dövrlərdə pandemiyanın təsirlərinə məruz qalımış fiziki və hüquqi şəxslərin gözləntiləri bu işçi qruplarının tərəfindən hansı dəstəklərin veriləcəyi ilə bağlı idi.
Bunu Teleqraf.com-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib.
O qeyd edib ki, çoxlu sayda təkliflər verilib:
“Ümumiyyətlə, sahibkarlıq subyektləri sahəsində verilən təkliflərin əksəriyyətind' vergi sahəsində bəyannamələrin, hesabatların verilmə vaxtının uzadılması, sosial izolyasiya tədbirləri çərçivəsində ən çox zərər görən sahələrin vergi dərəcələrinin, deyək ki, sadələşdirilmiş vergi dərəcəsində, mənfəət vergisi dərəcəsində, əlavə dəyər vergisi dərəcəsində müxtəlif endirimlərin həyata keçirilməsi, o cümlədən icarə haqlarına dəstəyin verilməsi kimi məsələlər öz əksini tapır”.
Ruslan Atakişiyev qeyd edib ki, sosial yardımlar istiqamətində əsas məqsəd ilk növbədə işləyən əhalinin işdən çıxarılmaması, ixtisara salınmaması, onların öz hesabına məzuniyyətə göndərilməmə məsələsidir:
“Digər bir məsələ isə sosial izolyasiya səbəbindən evdə qalmalı olan insanlara müəyyən maddi dəstək formalarının müəyyənləşdirilməsidir. Təbii ki, işsiz vəziyyətə düşən insanlar var. Hansı ki, onlar müqavilə bağlamamışdı, yaxud vaxtamuzd, günəmuzd işləyən insanlar var. Həmin insanlara da müəyyən dəstəyin verilməsi nəzərdə tutulur. Bunun da hansı şəkildə olması ilə bağlı qərar yaxın günlərdə tam şəkildə açıqlanacaq. Yəni dövlətin yürütdüyü xətt bundan ibarətdir ki, ünvanlı sosial yardımın da əhatə dairəsi genişlənsin, işsiz vətəndaşlara dəstəyin verilməsi davam etdirilsin”.
İqtisadçının sözlərinə görə, ümumiyyətlə, bütün bu dəstək və yardım paketlərində ən vacib məsələ ilk növbədə əhalinin sosial müdafiəsinin gücləndirilməsidən və sosial izolyasiya prosesi çərçivəsində evdə qalmaqla daha çox zərər çəkən əhali kütləsini maksimum dərəcədə təmin etməkdən ibarətdir:
“Digər məsələ ondan ibarətdir ki, hazırda bir sıra müəssisələrdə, hansılar ki, strateji əhəmiyyətli sahələrdə – ərzaq təhlükəsizliyi, qida təminatı sahəsində çalışırlar – biz görürük ki, onlar öz işçilərinin əməkhaqqını iki dəfə, bəziləri isə üç dəfə artırıblar. Hesab edirəm ki, bu tədbirlər də məzh həyatını təhlükəyə ataraq işə çıxan insanların sosial müdafiəsi baxımından əhəmiyyət kəsb edir”.