Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı səfiri Rasim Rzayev etimadnaməsinin surətini Bəhreyn Krallığının xarici işlər üzrə dövlət naziri Ğanim Fadhul Al Buaynayna təqdim edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bəhreynli nazir səfiri yeni təyinatı münasibəti ilə təbrik edərək, Azərbaycan və Bəhreyn arasındakı münasibətlərin ənənəvi dostluq xarakteri daşıdığını xüsusi vurğulayıb. O, səfirin bu vəzifədə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafı üçün diplomatik xidmət sahəsindəki təcrübəsindən istifadə edəcəyinə əmin olduğunu bildirib.
Öz növbəsində, R.Rzayev Azərbaycan xarici işlər nazirinin salamlarını qarşı tərəfə çatdırıb və diplomatik fəaliyyəti dövründə iki ölkə arasında dostluq münasibətlərinin, işgüzar əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüş haqqında məlumatlar Bəhreyn Xarici İşlər Nazirliyinin internet səhifəsində, "Bəhreyn Xəbər Agentliyi" və "Gulf Daily News" qəzetində dərc olunub.