30 Sentyabr 2014 21:53
2 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Son vaxtlar təhsil ictimaiyyəti qiyabi təhsilin distant texnologiyalar əsasında aparılması, bu sistemin yaradılmasına nə qədər vaxt lazım olması barədə müzakirələr aparır. Bəzi milli universitetlərimiz hətta 2015-ci ildən qiyabi təhsili distant təhsil sistemi ilə əvəz edəcəklərini bildirilər. Məqalədə məqsəd distant təhsilin yaranması və inkişafı, universitetlərdə distant təhsilin təşəkkülü problemləri barədə fikirlərimizi bölüşməkdir.

Dünyada gedən qlobal proseslər, biliyə əsaslanan iqtisadiyyatın sürətli inkişafı keyfiyyətli insan kapitalının formalaşmasını, təhsil problemlərini diqqətdə saxlamağı tələb edir. Təhsilin modernləşdirilməsi zərurəti, respublikanın regionda İKT sahəsində lider dövlət olmaq məqsədləri üçün bu gün ölkədə virtual təhsil sistemini inkişaf etdirmək zəruridir.

Distant təhsil universitetin informatlaşmasının zirvəsidir. Hər hansı universitetdə distant təhsil sistemi yaradılması üçün ilk 5 il ərzində universitetdə təhsilin kompleks informatlaşması (tədrisin, idarəetmənin, elmi tədqiqatların v.s. mühüm proseslərin) həyata keçirilməlidir. Yeri gəlmişkən biz milli universitetlərimizin 2015-ci ildən qiyabi təhsili distant təhsil sistemi ilə əvəz edəcəkləri barədə fikirlərini ciddi qəbul etmirik.

Əslində 2005-ci ildən də hamı Boloniya prosesi barədə danışırdı və universitetlərimiz 2010-cu ildə Boloniya sisteminə tam qoşulmalı idi. Amma 2015-ə çatırıq, hələ də işin çox cüzi hissəsi görülüb. Distant təhsilin də universitetlərdə asanlıqla başa gəlməsini düşünənlər «Boloniya sistemi »nə necə « qoşulublarsa », distant təhsili də elə « yaradacaqlar ».

Beynəlxalq təhsil məkanında belə bir vəziyyət müşahidə olunur: hansı ölkələrdə təhsilin ümumi səviyyəsi aşağıdırsa, bu ölkələrdə DT sistemi ya ümumən olmur, ya da çox zəif inkişaf edir. Çünki virtual təhsil real təhsil üzərində qurulur, inkişaf edir, təhsilin məzmunu hər iki halda eyni kriteriya ilə- milli təhsil standartları ilə müəyyən edilir. Əgər universitetin professor-müəllim heyəti keyfiyyətcə müasir tələblərə cavab vermirsə (belə hallar əsasən ali təhsilə az investisiya qoyan, universitetlərinin büdcəsi kiçik olan, professor-müəllim heyətinə az məvacib verilən ölkələrdə müşahidə edilir), bakalavr və magistrləri müasir tələblərə cavab verən keyfiyyətli dərslik və tədris metodik komplekslərlə təchiz edilmirsə, onda bu materialların elektronlaşmasının, pedaqoji heyətin virtual fəaliyyətinin səmərəsi olmaz (əgər pedaqoji heyətin ümumiyyətlə virtual iş səriştəsi varsa).
Distant təhsilə keçid ayrıca götürülmüş bir universitet üçün, xüsusən də qlobal inkişafdan xeyli geri qalan milli universitetlərimiz üçün çox mürəkkəb məsələdir. Belə məsələlərin milli səviyyədə həlli qlobal düşüncə, strateji yanaşma və yüksək peşəkarlıq tələb edir, ən azından bir neçə ölkənin bu sahədə keçdiyi inkişaf yolunu mükəmməl öyrənməli, tənqidi təhlil etməliyik. Heç bir ölkənin təcrübəsi olduğu kimi tətbiq edilə bilməz. Çünki, onların 15-20 il əvvəl gördüyü işlər, bu gün texnologiyaların ciddi dəyişməsi səbəbi ilə tətbiqi mümkün deyil. Yəni beynəlxalq təcrübəyə yaradıcı yanaşmaq lazımdır, kor-koranə tətbiq etsək nəticə verməyə bilər. Təəssüf ki, 1999-cu ildən başlayan təhsil islahatlarımızda belə delitantlıq halları özünü göstərir.

Ölkədə distant təhsil sisteminin yaradılması bir çox qurumlarının fəal iştirakını, irihəcmli investisiya qoyuluşunu tələb edir. Daha böyük bəla isə ölkədə distant təhsil sistemini mükəmməl bilən kadrların yoxluğudur. Əslində, bu gün hər bir universitetdə bu işi dərindən bilən 50-60 nəfərlik layihə heyəti yetişdirilməli idi. Təhsil Nazirliyində də bu sahə üzrə heç olmasa 5-6 mütəxəssisin olmasına ehtiyac var. Təəssüf ki, hələ bu məsələlər barədə düşünmək istəmirik, baxmayaraq ki, 2000-ci ildən sonra distant təhsilin inkişaf etdirilməsi təhsilə dair bir neçə Dövlət Proqramında öz əksini tapmış, 2009-cu ildə isə « Təhsil haqqında Qanunda » əks edilmişdir. Çox vaxt itgisinə yol vermişik, necə deyərlər papağı günə yandırmışıq.

Nəzərə alsaq ki, bu gün respublikada müasir tələblərə cavab verən klassik dərslik yazmağa müəlliflər tapılmırsa, onda universitetlər üçün elektron dərslik yaza bilən komanda axtarmağa dəyərmi ? Distant təhsildə isə 100-lərlə elektron dərsliklərə ehtiyac olacaqdır.

Beynəlxalq təcrübədən məlum olur ki, 10.000 nəfər tələbəsi, 10 fakultəsi olan universitetdə distant təhsil sisteminin yaradılması üçün 10 il vaxt və 50 milyon dollar maliyyə vəsaiti lazımdır. Son 20 ildə bizim bütün universitetlərin təhsilin məzmunu, texnologiyası və idarəedilməsi sahəsində reallaşdırdığı az saylı layihələrə ( belə layihələr haradasa reallaşıbsa da, ciddi keyfiyyət dəyişikliyinə səbəb olmayıb, mətbuatda və ya peşəkar dairələrdə diqqət cəlb etməyib) büdcəsindən bəlkə də heç 3-4 milyon dollar sərf edilməyib. Açığı nə Təhsil Nazirliyinin, nə də universitetlərin saytlarında belə layihələr barədə heç bir məlumat yoxdur, bu işləri davamlı olaraq izləyən bir tədqiqatçı kimi belə layihələri xatırlamıram. Yəni, son 20 ildə bizim ali təhsil sistemində keyfiyyətin yüksəlməsinə xidmət edən layihələrə investisiya yatırımları olmayıb, nəticəsi də göz qabağındadır. Təbii ki, belə halda az vaxt ərzində universitet təhsilinin inkişafına ciddi investisiya gözləmək real görünmür. Reallıqda isə bütün təhsil innovasiyaları küllü miqdarda investisiya tələb edir.

Təhsildəki innovasiyaların ( başqa sahələrdə olduğu kimi) böyük qismi İKT-nin tətbiqi ilə bağlıdır. Universietelərin informasiya-təhsil məkanlarının yaradılması da innovativ prosesdir. İnformasiya məkanında universitetlər elm və innovativ inkişaf mərkəzlərinə çevrilirlər, bu zaman əsas məqsəd təhsil innovasiyalarının yaradılması və yayılmasıdır. Təhsil innovasiyası universitet fəaliyyətinin keyfiyyəti və rəqabətədavamlığının yüksəldilməsi məqsədi ilə yeni yaradılmış və ya təkmilləşdirilmiş pedaqoji təyinatlı son məhsullardan istifadədir.
Universitetdə innovativ proses yeniliklərin yaradılması, tətbiqi, yayılması istiqamətində kompleks fəaliyyət olub, elmi tədqiqatların, idarəetmə qərarlarının, maddi-texniki infrastrukturun yaradılması və inkişafını nəzərdə tutur. Universitetin innovativ fəaliyyəti təhsil mühitinə yeni və səmərəli elementlərin daxil edilməsinə imkan verən məqsədyönlü dəyişiklikdir. Bu tip fəaliyyət təhsildə məzmunun, formanın, metodların, texnologiyaların, vasitələrin, idarəetmə sistemlərinin inkişafı və səmərəsinin yüksəldilməsinə xidmət edir. Universitetin innovativ fəaliyyəti nəticəsində qlobal əmək bazarı üçün rəqabətqabiliyyətli kadrlar hazırlamaq mümkün olur.

Distant təhsil (DT) texnologiyalarının tətbiqi bu gün dünyada geniş vüsət almaqdadır. Bu sahənin inkişafı milli təhsil sisteminin təkmilləşdirilməsi, beynəlxalq tələblər səviyyəsinə qaldırılması, qlobal informasiya təhsil məkanına inteqrasiyası baxımından əhəmiyyətlidir. DT informasiya cəmiyyətinin inkişafı və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq, qloballaşmanın mühüm tələbidir. Distant təhsil 21-ci əsrin təhsil innovasiyasıdır.

İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları artıq DT sisteminə inteqrasiya olunmuş, vahid milli informasiya- təhsil məkanı yaranmışdır. Bu gün dünyada on milyonlarla insan DT texnologiyaları əsasında sistematik təhsil alır. DT auditoriyalara sığmayan, sərhədsiz, transmilli təhsil texnologiyasıdır. Təhsil yönümlü Beynəlxalq Təşkilatların, cəmiyyətlərin, o cümlədən YUNESCO-nun təhsil siyasətinin mühüm istiqamətlərindən biri DT sisteminin inkişafıdır. YUNESCO artıq qlobal şəbəkə universiteti yaratmışdır. Bu gün DT-nin yaradılması kütləvi və əlyetərli ali təhsili formalaşdırmaqla bərabər, iqtisadiyyatın kadr təminatı problemlərini operativ həll edir, ölkənin qlobal səviyyədə müsbət imicinin formalaşmasına dəstək verir.
Bu gün daha çox insanlar MOOC (kütləvi, açıq, onlayn kurslar) vasitəsi ilə pulsuz distant ali təhsil alır. Sadəcə ingilis dilini bilmək yetər.

Bu gün dünyada təhsil böyük bir biznesdir. DT beynəlxalq təhsil xidməti bazarında təhsilin ixracının mühüm vasitəsi və texnologiyasıdır. ABŞ, Avstraliya, Kanada, İngiltərə v.s. ölkələr hər il DT texnologiyaları əsasında təhsil ixracından milyardlarla dollar mənfəət götürür. Qlobal məkanda DT bu gün elə bir templə inkişaf edir ki, proqnozlara görə yaxın gələcəkdə dünya universitetlərinin 80%-i bu texnologiya əsasında təhsil verəcəklər.

DT–təhsil müəssisəsindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya–təhsil mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri kompleksidir. İnformasiya–təhsil mühiti öyrənənlərin təhsil ehtiyaclarının təmin edilməsinə yönəlmiş, verilənlər, informasiya resursları, qarşılıqlı əlaqə protokollarının ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. vasitələrin sistemli təşkilidir.

DT tələbə və müəllim arasında interaktiv əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır.
Biliyin 2-3 ildə köhnəldiyi müasir dünyamızda “Ömürboyu təhsil” fəlsəfəsi çox aktuallaşır, insanlar artıq konkret bir peşənin diplomu ilə kifayətlənmirlər. Insanlar texnologiyaların imkan verdiyi hər şəratitdə, hər məkanda, zamandan asılı olmayaraq, öz bilik səviyyəsinə uyğun daha ucuz, daha keyfiyyətli, komfort şəraitdə təhsil almaq istəyirlər.

Artıq bütün sivil dünya informasiya cəmiyyətinin təhsili olan distant təhsilin keyfiyyət və səmərəsini yüksək qiymətləndirir, bu texnologiyadan öz təhsil sistemlərində geniş istifadə edir. Əminik ki, yaxın gələcəkdə bizim respublikamızda da bu innovativ təhsil texnologiyası öz layiqli qiymətini alacaq, geniş tətbiq ediləcək .. Belə virtual texnologiyalar əsasında milli təhsil sistemimiz qlobal təhsil məkanına səmərəli şəkildə inteqrasiya edəcək. Bu proseslər milli təhsildə beynəlxalq rəqabət mühitini gücləndirəcək. Bu yönümlü innovativ prosesləri inzibati yollarla əngəlləmək faktiki olaraq real rəqabət imkanlarını məhdudlaşdırmaq, dünya təhsilindən təcrid edilməyə səbəb olar. Bu proseslər qloballaşmanın, Boloniya prosesinin, tələbə və müəllim mobilliyinin (hələlik virtual mobilliyin) addım səsləridir, bu addım səsləri ölkəmizdə getdikcə daha aydın eşidiləcəkdir. Distant təhsil qlobal informasiya təhsil məkanına inteqrasiyanın yeganə yoludur.

İlham B. Əhmədov, ADPU-nun dosenti


Müəllif:

Oxşar xəbərlər