“Elektrik enerjisinin təchizatı bütün ölkəmizi əhatə edir. Xəstəxanalardan, banklardan tutmuş digər sahələrə qədər. Çünki həyat əhəmiyyətlidir. Biz əgər vətəndaşlara "evdə qal" deyiriksə, onların elektrik enerjisi təmin olunmalıdır. Təbii ki, biz də bunu təmin edirik. Fasiləsizlik və keyfiyyətlilik bizim əsas iş prinsipimizidir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri “Azərenerji” ASC İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.
Onun sözlərinə görə, elektrik enerjisi sahəsində - elektrik enerjisinin istehsalı, ötürülməsi və idarəetməsi sahəsində çalışan insanlar hamısı mütəxəssislərdir: “Sistem operatorlarına gəldikdə isə deyə bilərəm ki, elektrik enerjisi istehsal olunur, ötürülür və bunun bir idarəetməsi var. Sistem operatorlarının enerjinin baş idarəetmə mərkəzində, dispetçer idarəetmə mərkəzində, yəni bunların idarə olunması çox spesifik bir sahədir. Ona görə də bu mütəxəssislərin fəaliyyəti və səhhətlərinin qorunması çox önəmlidir”.
T.Abdullayev bildirib ki, “Azərenerji”də yenidənqurma və bərpa işləri əvvəlki qaydada davam etdirilir: “Yarımstansiya təmir olunursa, biz bunun fəaliyyətini tam dayandırıb təmir etmirik. Bu təmir hissə-hissə baş verir. Həmçinin elektrik stansiyalarında. Koronavirus infeksiyası var deyə, biz bunu dayandıra bilmərik. Çünki tələbat var. Tələbat qalxır, düşür, ona görə də bütün bunlar nəzərə alınmalıdır. Üzü yaya getdiyi üçün, yayda da təlabatın artması gözlənilir”.