5 Aprel 2020 00:25
4 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası sürətlə yayılaraq dünyanı əlinə almaqda davam edir. Ölkəmizdə də bu infeksiyaya yoluxan insanların sayı həndəsi silsilə ilə artmaqdadır. Haqqında nə qədər məlumat verilsə də, qaranlıq məqamlar çoxdur. Azərbaycan Tibb Universitetinin dosenti, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova koronavirusla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Çox çətin zamandan keçirik. Bir həkim kimi hazırkı dövrü necə qiymətləndirirsiniz?

- Mən bütün məlumatları Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytından və Azərbaycan Respublikası yanında Nazirlər Kabinetinin Operativ Qərargahından izləyirəm. Ötən günün statistikasına görə, ölkəmizdə 443 yoluxma faktı qeydə alınıb, onlardan 32 nəfər müallicə alaraq sağalıb, 5 nəfər isə vəfat edib. Dünyada isə yoluxma halları 1 milyonu keçib, aktiv halda olan xəstələrin sayı 791 mindən çoxdur, 226 mindən artıq insan sağalıb. Onların 95 faizinin vəziyyəti orta ağır, 5 faizi isə ağır olaraq qiymətləndirilir. Koronavirus infeksiyası təkcə ağır formada deyil, 80-85 faiz hallarda yüngül, yaxud da simptomsuz cərəyan edir ki, bunu xəstələr ayaqüstə keçirirlər. Xəstəlik əksər hallarda qrip və digər kəskin respirator virus infeksiyaları (KRBİ) adı altında pərdələnir, yəni standart qrip əlamətləri ilə özünü göstərir. Kontagiozluq, yəni yoluxduruculuq əmsalı orta hesabla, 3 faizdir. Ölüm 2-3 faizdən hazırda 5 faizədək yüksəlib. Yeni tip virus SARS-nCoV-2 koronoviruslar ailəsinin yeganə növü deyil. Koronovirusların diğər növləri tərəfidən törədilən və əvvəllər yayılmış, "qohum" sayılan SARS və MERS daha ağır keçir və ölüm faizi daha yüksəkdir (uyğun olaraq 11 faiz və 35-50 faiz). Məhz əsl həqiqət də müqayisədə üzə çıxır.

- Sizcə, İtaliya, İran və ABŞ-da epidemiyanın bu qədər sürətlə yayılmasının səbəbi nədir?

- Mən sizin bu sualınıza cavab olaraq məhz ən yaxın günlərdə koronavirus və SARS virusunun genomunu kəşf edən Çinli alim Corc Qao Avropanın yol verdiyi ən böyük səhvlərdən danışarkən vurğuladığı maraqlı fikir var: "Biz heç bir dərman preparatı strategiyasından istifadə etmədik. Çünki, bu virusdan müalicə edən xüsusi dərman və vaksin yoxdur. Biz maskalanmış bir virusla üz-üzə gəldik və bütün xəstələri təcrid etməklə, simptomu olmayanlara maska geydirməklə qalib olduq, bu kənardakılara qəddar görünə bilər. Avropa və ABŞ-ın ən böyük səhvi bundadır ki, insanlar maska taxmırlar. Simptomsuz və xəstəliyin gizli dövründə olanlar maska taxsa, virus yayılmaz, zəif simptomları olan şəxslər və yüngül xəstələr ev şəratində müalicə aldılar".

Fikrimcə, bu fkirləri İrana da şamil etmək olar. Təcrübə göstərdi ki, məşhur alimin sözlərində həqiqətin böyük, bəlkə də tam hissəsi gizlənir.

- Sizcə, Azərbaycan səhiyyə sistemi ağır vəziyyətin öhdəsindən gələ bilərmi?

- Doğrudur, hər gün yoluxma sayı artsa da, bu digər ölkələrlə müqayisədə ildırım sürəti ilə getmir. Təbabətin qızıl qaydası var: "Öncə profilaktika, sonra müalicə". Bizdə dövlət səviyyəsində yoluxma riskini azaltmaq üçün ciddi tədbirlər görülür. Dövlətimiz vaxtında lazımı olan qaydaları tətbiq etdi. Hər kəs tələb olunan mövcud qaydalara düzgün və tam riayət etsə, bunun öhdəsindən gələcəyimizə tam əminəm. Mən realist olduğum qədər, optimist yanaşıram, bunun qarşısı alınacaq və alınır da . Xəstəlik ciddidir, lakin qorxu, təşviş, panika ilə xəstəliyi şişirdənlərə, təhrif olunmuş formada məlumat verənlərə qarşıyam, çünki "Qorxu virusun özü qədər təhlükəlidir". Həmçinin gerçəkdən bu cür hallar immuniteti xeyli zəiflədir.

- Statistikadan danışdıq. Yoluxma ilə müqayisədə ölümlər azdır, amma sağalanlar da azlıq təşkil edir. Bu statistikanı necə qiymətləndirirsiz? Qarşıda daha böyük itkilərə hazır olmalıyıq?

- Bizdə bu günə kimi 5 nəfər xəstə dünyasını dəyişib. Bu xəstələrin əksəri əsasən 65 yaş və ondan yuxarı, eyni zamanda müxtəlif yanaşı xəstəlikləri (qırmızı qurd eşənəyi, şəkərli diabet, kəskin böyrək çatışmazlığı və s.) olan şəxslər olub. İnanmıram ki, ölüm halları böyük rəqəmlərlə əvəzlənsin. Nisbətən artım ola bilər, bu qaçılmazdır. Lakin yüksək templə olmayacaq, çünki qarşısı alınmaqdadır. ÜST-nin insanlara "təmiz əllər", "sosial izoləetmə", "evdə qal" və bu kimi digər çağırışları var. Əhalinin əksəriyyəti bunlara riayət edir, bu səbəbdən ölüm faizi yüksək həddə çatmayacaq.

- Koronavirusa yoluxanlar arasında digər xəstəliklərdən əziyyət çəkənləri qeyd etdiniz. Ümumiyyətlə, risk qrupuna kimlər daxildir?

- Risk qrupuna əsasən 65 yaşdan yuxarı olanlar və şəkərli diabet, böyrək-ürək-qaraciyər çatışmazlığı, eləcə də, orqan transplantasiyası, onkoloji xəstəliyi, tənəffüs sistemində xroniki xəstəliyi və (bronxial astma və s.) bu kimi yanaşı xəstəlikləri olan şəxslər aiddir. Bu qəbil insanlarda müqavimət xeyli zəif olduğu üçün xəstəlik ağır keçir, ölüm riski də məhz ağır formalarda baş verir.

Çində xəstələnmə statistikasına nəzər salarkən məlum olur ki, onlarda yaş artıqca, ölüm faizinin də artımı müşahidə edilir və 15 yaşa qədər ölüm halları yox dərəcəsindədir. Lakin İranda bu rəqəmlər dəyişir, uşaqlar arasında ölənlər barədə məlumatlara rast gəlinir. Göründüyü kimi, təzadlı məlumatlar az deyil, yayımlanacaq yenilənmiş məlumatlara mütəmadi olaraq diqqət çəkməliyik, çünki hər gün yeni-yeni bilgilər ortaya çıxır.

- Xəstəliyin yeni simptomları nələrdir?

- Gizli dövr, orta hesabla 14 gün, son məlumatlara görə, bəzən 28-29 günə qədər tərəddüd edə bilər. Xəstəliyin klinik mənzərəsi tam aydınlaşmasa da, 5 klinik formada keçməsi müəyyən edilib: 1) soyuqdəymə əlamətləri ilə yüngül gedişli KRVİ şəklində; 2) həyati təhlükəsiz pnevmoniya; 3) kəskin respirator distres sindromla (KRDS) və ya ağ ciyər çatışmazlığı ilə ağır pnevmoniya; 4) infeksiya fonunda sepsis və septiki şok; 5) çoxsaylı orqan çatışmazlığı.

Xəstəlik əsasən yüngül, orta ağır və az hallarda isə ağır gedişli ola bilər (ağır gediş ölümə bir işarədir). Yüngül formada klinik mənzərə KRVİ şəklində özünü biruzə verdiyinə görə bunları fərqləndirmək çox çətindir. Yekun sözü tesr deyir.

Əsas əlamətlər: qızdırma, quru öskürək, boğazda ağrı, nəfəsalmanın çətinləşməsi və ya nəfəs darlığı, təngənəfəslik, yorğunluq, əzələlərdə ağrı, az hallarda isə asqırma, burun axıntısı, burun tutulması, baş ağrısı, baş gicəllənməsi, qarında ağrı, ürəkbulanma və diareya.

Qeyd edim ki, anginada olduğu kimi boğazda quruluq, susuzluq hissi əmələ gəlir və burun tutulması adi burun tutulmasından fəqlənir, sanki "suda boğulursan". ABŞ oftalmoloqları tərəfindən bu infeksiyaya xas yeni bir simptom - "çəhrayı göz", başqa sözlə, konyunktivit aşkar edilib ki, bu da hər 30 nəfərdən birində müşahidə edilir.

- Ağır xəstələr ən çox nədən əziyyət çəkir?

- Xəstələrin təxminən 1/3 birində kəskin tənəffüs və ya ağ ciyər çatışmazlığı ilə ağır pnevmoniya inkişaf edir ki, bu da ölümün başlıca səbəbidir. Xəstələr tənəffüs yolu tıxandığına görə ən çox nəfəs darlığından əziyyət çəkirlər. Bir çox infeksion xəstəliklərdə ağırlaşma kimi pnevmoniya müşahidə edilir, lakin COVID-19-da virus qısa bir müddət ərzində sürətlə ağciyər toxumasını zədələyərək (fibroza qədər) məhz virus mənşəli pnevmoniyanın inkişafını şərtləndirdiyinə görə müalicə məsələsi də nisbətən çətin olur.

- Müalicə prosesi necə keçir? Xəstənin vəziyyəti ağırlaşanda hansı dərmanlar verilir?

- Hazırda 100 faiz radikal effekti təmin edən spesifik müalicə və profilaktik vasitə (vaksin) yoxdur. Bu səbəbdən patogenetik və simptomatik terapiyaya üstünlük verilir.

Doğrudur, antiviral vasitələrin axtarışı yönümündə ciddi elmi-tədqiqat işləri, klinik təcrübələr aparılır və müsbət nəticələr də var. Hətta satışda olan bəzi bəlli dərmanların koronavirusa qarşı müsbət effekt verməsi barəsində ümidverici məlumatlar daxil olur. ABŞ epidemioloqları vərəm əleyhinə peyvəndin koronoviris infeksiyasına qarşı ölümcül təsirini öyrənkən məlum olub ki, peyvənd həyata keçirilməyən ölkələrdə COVID-19-a daha çox insan yoluxub.

Təngənəfəsliyin başlanması xəstəliyin ağır pnevmoniya ilə kəskin tənəffüs çatışmazlığı və ya KRDS mərhələsinə keçiddən xəbər verir. Bu təqdirdə həkim çox diqqətli olmalıdır. Xəstə yoluxucu xəstəliklər üzrə intensiv terapiya və reanimasiya şöbəsində qospitalizə edilir və həyatı mühüm orqanların funksiyalarının saxlanılmasına xidmət edən dəstəkləyici terapiyaya müraciət edilir: oksigen dəstəyi, "moksifloksasin" + "umifenovir" və s. tövsiyə edilir.

- Məlumatlarda daşıyıcı və yoluxan haqqında qeyd olunur. Daşıyıcı və virusa yoluxanın fərqi nədir?

- Yeni koronavirus infeksiyası qrip kimi digər KRVİ qrupuna aid olan xəstəlikdir. Bu qrupun heç bir üzvündə infeksiyadaşıyıcılıq (müasir anlamda subklinik forma) ÜST tərəfindən rəsmi olaraq qəbul edilməyib, bir sözlə bu, klinik təsnifatda öz əksini tapmayıb. Ola bilsin, simptomsuz forma mövcud olduğuna görə bu qeyri-düzgün olaraq infeksiyadaşıyıcılq anlamı kimi qəbul edilir. Digər infeksion xəstəliklərdə, məsələn tənəffüs infeksiyaları qrupuna aid olan meninqokok infeksiyasında infeksiyadaşıyıcılq olur. Bu zaman xəstə özünü praktik sağlam hesab edir, lakin təxminən 1 ay müddətində hava-damcı yolu ilə adi danışıq vaxtı digər insanları yoluxdurur.

- İnsanlar infeksiyadan qorunmaq üçün üç əsas qaydaya riayət etməlidir desək, sizcə bunlar nə olmalıdır?

- Ən ümdəsi, özünütəcrid, sosial distansiya və təmiz əllər (əl+respirator gigiena) və üstəlik, qoruyucu maska, izdihamlı yerlərdən çəkinmək etibarlı qoruyucudur. Bütövlükdə, praktik gigiyenanın sadə bir düsturunu hər zaman əlimizdə rəhbər tutmalıyıq: "Təmizlik sağlamlığın rəhnidir".

Eyni zamanda "Sağlam orqanizm sağlam immunitet, xəstə orqanizm zəif immunitetdir" prinsipindən çıxış edərək, virusa yoluxmamaq üçün immun qabiliyyətimizi müxtəlif təbii vasitələrlə yüksəltməliyik: bol maye qəbulu, vitaminlərlə və zülallarla zəngin tam dəyərli qidalanma, fiziki tərbiyə, təbii biostimulyatorlar, normal yuxu rejimi və s. Yeri gəlmişkən, təcrübə göstərir ki, insan gündə 7-8 saat yuxuya vaxt ayırırsa, bu, bircə gün ən azı yarım saat az olsa, nəticə etibarı ilə bütün iş fəaliyyətinə mənfi təsir göstərəcək.

- Epidemiya səbəbilə insanlar evdən iş rejiminə keçid etdilər. Lakin bəziləri buna öyrəşə bilmədi...

- Bu bizim üçün yeni tədris üsuludur. Mən həm də Tibb Universitetinin dosentiyəm, dərslər dayansa da, həkim kimi işə çıxıram. Tələbələrə onlayn olaraq mühazirələri deməyə başlayırıq. Təbii ki, bu ilkdir, bu baxımdan həm müəllimlər, həm də tələbələr üçün bir qədər çətindir. Psixoloji gərginlik ola bilər, lakin hər çətin vəziyyətdən çıxış yolu tapmalıyıq. Uzunmüddətli pedaqoji təcrübəmə əsasən deyə bilərəm ki, nə qədər peşəkar olsan da, yeni üsulla tədris canlı tədris effektini vermir. Bu mənim şəxsi fikrimdir. Canlı ünsiyyətə üstünlük versəm də, hazırda şərtlər dəyişib.

- Sizcə, koronavirus insanların öz sağlamlığının qeydinə qalması baxımından dəyişikliklərə səbəb oldumu?

- Daha əvvəl bir məqaləmdə qeyd etmişdim, "müasirlik çoxdan olduğumuz köhnəlikdir". Məlum olduğu kimi, yaxın günlərdə ÜST-nin Baş katibi "Təhlükəli əllər" çağırışı etdi, şəxsən özü əl yumağın düzgün qaydasını nümayiş etdirərək, bunu estafet kimi bütün ölkələrə ötürdü. Həmin andaca düşündüm, əgər Avropa indi qəflət yuxusundan oyanıb, bizə əllərin təmiz yuyulma sirrini öyrədirsə, mənim nənəm ötən əsrin 60-cı illərindən bəri bunu bizə öyrədirdi. Bununla yanaşı, inkaredilməz faktdır ki, sıralarımızda gigiyenik səviyyəsi aşağı olanlar az deyil. Zənnimcə, bu virusun yaratdığı müsbət məziyyət ondan ibarət oldu ki, sözügedən qaydalara əməl etməyənlərə təkrarən təmizliyin ("təkrar təmiziliyin anasıdır") olduqca vacibliyini xatırlatdı.


Müəllif: Aysel Azad