5 Aprel 2020 08:35
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hələlik pandemiya təhlükəsi davam etməkdədir. O cümlədən, ölkəmizdə sözügedən virusa yoluxanların sutka ərzində artım tendensiyası davam edir. Sağalanlar da var, bu, alqışlanmalıdır. Lakin sağalanların sayı ilə müqayisədə yoluxanların sayı sürətlə artmaqdadır. Hesab edirəm ki, pandemiyanın istər Azərbaycan, istərsə də dünyada pik nöqtəyə çatma vaxtı var. Həmin vaxta qədər bu təhlükə haqqında məlumatlar eşitməkdə davam edəcəyik".

Bunu Teleqraf.com-a açıqlamsında iqtisadçı Pərviz Heydərov deyib.

O bildirib ki, koronavirus epidemiyasının nə zaman bitəcəyi barədə proqnoz vermək çətindir:

"Fikrimcə, ölkəmizdə pik nöqtə bu ayın sonuna təsadüf edəcək. Sonradan pandemiya təhlükəsinin səngidiyini müşahidə etməyə başlayacağıq. Bu tendensiya may ayı ərzində davam edəcək. İyun ayının sonunda təhlükənin tamamilə sovuşduğunun şahidi olacağıq".

İqtisadçı hesab edir ki, Azərbaycan iqtisadiyyatı bu günədək müşahidə olunmayan çətin vəziyyətlə üzləşib:

"Pandemiya təhlükəsi xaricdə neftin qiymətini aşağı salmaqla Azərbaycana zərbə vurub, hazırda neftin qiyməti 20 dollardan aşağıdır. Eyni zamanda, epidemiya daxili iqtisadiyyata da təsir edib. Daxildə ictimai iaşə, xidmət sektoru, turizm və digər bu kimi sahələr çətin vəziyyətə düşüb. Azərbaycan indiyədək neftin qiymətinin düşməsi ilə bağlı qlobal iqtisadiyyatda yaranan böhranla əlaqədar çox təzyiqlər görüb. Lakin beləsinə rast gəlməmişik. Xaricdən neftin qiyməti ilə bağlı təzyiq almaqla yanaşı, daxildə iqtisadi aktivlik səngiyib".

Pərviz Heydərov bildirib ki, dövlət ölkə iqtisadiyyatının üzləşdiyi vəziyyətdən daha az itki ilə çıxmaq üçün səylər göstərir:

"İqtisadiyyat Nazirliyində işçi qrupları yaradılıb. Prezidentin müvafiq sərəncamına əsasən, ilkin olaraq 1 milyard vəsait ayrılıb. Hökümətin nəzərdə tutduğu kompensasiya və sığorta tədbirləri ilə bağlı hələlik hesablamalara görə 2,5 milyard manat vəsait xərclənəcək və bu məbləğ arta bilər".

İqtisadçı qeyd edib ki, hazırda əsas mövzu pandemiya təhlükəsini aradan qaldırmaqdır:

"Vəziyyət kifayət qədər ağırdır. Hamılıqla arzu etdiyimiz bir məsələ var ki, bu pandemiya təhlükəsi tezliklə öz pik nöqtəsini əldə edib səngiməyə başlasın və tamamilə qısa müddətdə sovuşub getsin. Əks təqdirdə həm qlobal iqtisadiyyatın, həm də ölkə iqtisadiyyatının mövcud təzyiqlərə uzunmüddətli davam etmək imkanları getdikcə tükənəcək. Pessimist gözləntidə deyiləm. Hesab edirəm ki, təhlükə sovuşduqdan sonra iqtisadiyyatın əvvəlki vəziyyətini bərpa etməsi üçün 2-3 ay vaxt gedəcək".


Müəllif: Aysel Azad