Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi çərçivəsində aprelin 5-dən ölkədə hərəkət məhdudiyyətləri tətbiq edilməsi qərara alınıb. Bu hərəkət məhdudiyyətləri, o cümlədən ölkədə olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil ediləcək.
Bu barədə Teleqraf.com-a DMX-dən məlumat verilib.
Bildirilib ki, bu zaman əcnəbi yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS göndərməlidir. SMS-də müvafiq indeks və əcnəbinin şəxsiyyətini təsdiq edən məlumat göstərilməlidir.
Əcnəbilərin barədə zəruri məlumatlar aşağıdakılardır:
- müvəqqəti və ya daimi yaşayanlar üçün – müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111);
- müvəqqəti olma müddəti uzadılmışlar üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111);
- olduğu yer üzrə qeydiyyata alınanlar üçün – olduğu yer üzrə qeydiyyat barədə bildirişin (qeydiyyatın) nömrəsi.
Olduğu yer üzrə qeydiyyata alınan, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilən əcnəbilər yuxarıda qeyd olunan sənədlərin nömrəsini əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən “müraciətlərin izlənilməsi” elektron xidmətindən (https://eservice.migration.gov.az/public/application-track) istifadə edə bilər. Bu zaman pasport nömrəsi, doğum tarixi və vətəndaşlıq barədə məlumatarın daxil edilməsi vacibdir.
Müvəqqəti və daimi yaşama icazəsi verilən, lakin icazə vəsiqələrini əldə edə bilməyən şəxslər qanunvericilikdə nəzərdə tutulan dövlət rüsumunu ödədikdən sonra müvafiq vəsiqələrin seriya və nömrələri onların elektron poçt ünvanına göndəriləcək.
Qeyd olunan məsələlərlə bağlı ətraflı məlumat üçün əcnəbilər Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yarada, həmçinin suallarını Xidmətin “facebook” hesabına göndərə bilərlər.