Xalq artisti Faiq Sücəddinov Teleqraf.com-un suallarını cavablandırıb.
- Faiq müəllim, koronavirusla mübarizədə özünüzü və ailənizi necə qoruyursunuz? İnsanlara tövsiyələriniz nələrdir?
- İnsan yaranandan özü-özünü qoruyur, istər xəstəlikdən, istər vəhş heyvanlardan. Özünü qorumaq insana xas xüsusiyyətdir. Bilirsiniz ki, bu xəstəlik Çində yanvardan başladı, İran, İtaliya kimi Avropa ölkələri və Azərbaycana da gəldi. Bu, çox təhlükəli virusdur.
Təbii ki, özümüzü qorumalıyıq. İnsanın bu virusdan sağalandan sonra da səhhətinin necə olacağı bəlli deyil. Təkrar xəstələn bilər, ya yox, başqa fəsadları olacaq-olmayacaq, bilinmir. Öncə biz evdə oturmalı və özümüzü qorumalıyıq. Atam, həyat yoldaşım, gəlinim də həkimdir. Həmişə atamın tibbi kitablarını oxuyurdum. Bu gün tibb işçilərimizə böyük təşəkkürümü bildirmək istəyirəm. Onlar fədaidirlər. Onları yaddan çıxarmaq lazım deyil. Bu çətin gündə birinci sırada durublar. Onların da balaları var, bunu yaddan çıxarmaq olmaz.
Yenə deyirəm, gəlin evdə oturaq. Mən də evdə otururam. Təbii ki, dörd divar arasında oturmaq çətindir, amma biz iradəmizlə buna dözməliyik. Başa düşməliyik ki, qorxulu xəstəliklə üz-üzəyik.
- "Küçəyə çıxıram və bu pandemiyanın mövcudluğuna inanmıram" fikrində olan insanlar da var. Onlara nə demək istəyərsiniz?
- İnsanlar fərqli düşünürlər. Kimi deyir, məni xəstəlik tutmayacaq. Kimi deyir, sms almışam, bu, böyük dövlətlərin oyunudur. Elə deyil... Statistik məlumatlara diqqət etmək lazımdır.
Başqa ölkələrdə koronavirusdan nə qədər ölənlər var. Bu gün o rəqəmlərə baxanda dəhşətə gəlirəm. Gəlin mədəniyyətli olaq və özümüzü qoruyaq. Bəzi insanlara evdə oturmaq darıxdırıcı gəlir. Mən heç vaxt evdə darıxmamışam, çünki daim yaradıcılıqla məşğul olmuşam.
İnsanlar özünə bir şeyi təsəlli etməlidirlər ki, yaxınlarımıza əziyyət verməmək üçün özümüzü qorumalıyıq. Bu, müvəqqətidir, yayda biz yenidən küçədə gəzəcəyik.