9 Aprel 2020 09:05
3 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı şair İradə Ayteldir.

Onunla müsahibəni təqdim edirik.

- Niyə sevgi ali dəyər hesab olunur?

- Çünki sevgi ən böyük ali dəyərdir! Sevgi bütün gözəlliklərin, insani duyğuların, əxlaqın, həyatsevərliyin, bəşəriliyin özüdür! Sevgi gözəl musiqidir! Sevgi uşaq qığıltısıdır! Sevgi bala ətridir! Bir də bütün bunların hamısıdır - sevgi Tanrıdır! İçimizdə hiss etdiyimiz Tanrı... O Tanrının - sevginin səsini anamızın laylasında, balamızın qığıltısında, quşların civiltisində, dənizin, çayların, bulaqların şırıltısında eşidirik. O sevgini – Tanrını balamızın simasında, anamızın əllərində, saçlarında, güllərin al-əlvan rənglərində, kəpənəklərin uçuşunda, ulduzların nurunda görürük. O sevgiyə - Tanrıya balamızı, anamızı, sevdiyimizi, əzizlərimizi bağrımıza basanda, nəfəsini hiss edəndə toxunuruq. Bütün bunlar isə sevgidən yaranan, sevgini yaradan Tanrının yaratdıqlarına bəxş etdiyi ən ali dəyərlərdir, o dəyərlər ki, sevgi olmasa, olmaz. O dəyərlər ki, insanı insan edir, insanı Tanrıya qovuşdurur.

“Tanrıya qovuşmaq əbədiyyətə gedəndən sonra mümkündür”, kimi fikirlər mənə görə çox yanlışdır. Tanrıya qovuşmaq elə bu dünyadadır. Tanrı vüsal üçün özünün ruhunu – sevgini bəxş edib insanlara. Bir misal çəkim, balanızı bağrınıza basırsınız, onda nə hislər keçirirsiniz? İzah edə bilməyəcəyiniz, toxunuşundan bütün bədəninizi lərzəyə gətirən, sizi dünyanın ən güclüsü, eyni zamanda, toxunduğunuz varlıq qarşısında ən zəifi edən, bütün pisliklərdən arındıran, həyatı sevdirən hislər keçirirsiniz. Bütün bunlar o qədər xoş, əvəzi olmayan hislərdir ki, bunlar sizi xoşbəxt edir. Bax, o hissin adı sevgidir – Tanrıdır. İçində Tanrısı, sevgisi olan heç bir kəs pis əməllərin yolçusu ola bilməz; oğurluq, quldurluq, canilik edəmməz, təbiətə, heyvanlara zərər verməz. Bütün bunlardan sonra, səncə, sevgi ali dəyər deyilmi?

- Niyə bir qadının gözəlliyi çox vaxt əxlaq məsələsinə bağlanılır?

- Ona görə ki, gözəl qadın daha çox diqqətdə olur, qadınların, kişilərin, hətta uşaqların da diqqətində. Diqqətdə olub əxlaq normalarına tam riayət etmək bir az çətin olur. Yəni sənin əxlaqlı bildiyini başqası fərqli qəbul edir, fərqli yayır. Qadınlar həsədindən, kişilər də adətən, o gözəl qadına əli çatmayanda belə edirlər. Gözəl qadın əxlaqlı olsa belə, həsəddən, əlçatmazlıqdan doğan iftiralar onu əxlaqsız kimi tanıdır kütləyə. Həm də insanlar çox zaman surətpərəst olur (elə mən də surətpərəstəm). Gözəlliyə vurulan daha çox olur, nəticədə o gözəlin də vurulmaq, sevmək, inanmaq, aldanmaq üçün şansı artır. Bu çoxluq isə onu uçuruma daha tez yaxınlaşdırır. Əxlaqlıların əksəriyyəti daha az diqqətdə olanlar, surətləri ilə daha az kişini özünə cəlb edənlərdir.

Onu da dəqiq bilirəm ki, kim ən çox nədən danışırsa, elə o tərəfdən, o yöndən problemləri var. Yəni “əxlaqi dəyər”, “əxlaqi normalar”, “namus”, “qeyrət”, “vətənpərvərlik” və s. kimi çərçivəli anlamlar sözə gələndə dəyərdən düşür. İnsan özü gördüklərinə əxlaqla yanaşsa, əxlaqlı yaşasa, bu terminlərdən istifadəyə ehtiyac qalmaz. Əxlaq elə bir sözdür ki, onun dəqiq tərifi də yoxdur. Məsələn, mənim üçün uzun əlbisəli, yaşmaqlı, lakin daldada yüz əməldən çıxan qadındansa, müasir geyimli, azad düşüncəli, özünü açıq-aşkar ifadə etməyi bacaran qadın daha əxlaqlıdır. Mənim üçün sevmədiyinə ərə getmək, ondan övladlar dünyaya gətirmək əxlaqsızlıq, sevdiyin insanla sevişmək əxlaqdır, hətta ismətdir.

- Həqiqətənmi qadınları anlamaq çətindir?

- Qadınların adından danışammaram. Öz adımdan deyə bilərəm ki, bu yaşıma qədər məni kimsə anlamayıb. Atam anlamadı, anam anlamadı, qardaş-bacılarım anlamadı, qohumlar-yadlar heç anlamadı. Hətta dostlarım da anlamadı. Cəmiyyət içində qapalı adam deyiləm, şənəm, zarafatcılam, hərəkətliyəm. Amma bütün bunlar o ictimaiyyət üçün deyil, içimdəki İradə üçündür. İçimdəki İradə elə istədiyi üçündür. Küçədə rəqs edə bilirəm, ucadan gülə bilirəm (çox nadir hallarda gülürəm), səsim olmadığı halda mahnı oxuyuram (çoxluqda da), istədiyim zaman istədiyim kimi yeyirəm, geyinirəm və ilaxır... Bütün bunları İradə üçün edirəm. Çünki məni yalnız mən anlayıram. O qədər “ətrafdakılar məni zatən anlamır” düşüncələriylə yüklənirəm ki, oluram pis adam, kobud adam, adamları incidən, onlarla yola getməyən. Özümdə müşahidə də edirəm, bax, filankəs dostum idi, ancaq filan zaman filan yerdə ona yumşaq halda deyə biləcəyim etirazımı bircə kəlməylə bildirdim və uzaqlaşdım ondan, uzaqlaşdı məndən. Bu o qədər baş verir ki, uzun-uzadı bəhanələrlə adamlara etiraz bildirəmmirəm. Qısa yol isə kobudlaşmağıma gətirib çıxarır. Bax, ona görə də tənhalaşıram, İradəyə vurulduqca təklənirəm. Mənə xudpəsənd deməyin.

- İnsanın həyatındakı ən böyük məqsədi sonadək axtardığı xoşbəxtliyi tapmaqdırmı?

- Bu suala cavab verə bilməyəcəm. Xoşbəxtlik ölüm kimidir – həyatla axirət arasındakı yola bənzəyir. O yolun bu tərəfində o tərəfdən xəbərsiz olaraq yaşayırıq, o tərəfdə isə bəri dönmək mümkün deyil. Yəni xoşbəxt olduğumuz anları geri baxanda bilirik, anlayırıq amma içində olmaq mümkün deyil. Ya bu yanda olmalısan, ya da o yanda. O anı tutub yaşamaq çox çətindir. Heç vaxt da o anı – xoşbəxtliyi tutub saxlamağı, ona tərəf getməyi düşünməmişəm. Ölüm adlandırdığım xoşbəxtlik, yəni körpü özü gəlib tapır adamı, istədiyi zaman. O zamanı da Tanrı müəyyən edir, biz yox.

- İnsan niyə xoş anlarını, pis anlarından daha az xatırlayır?

- Pis anlar həmişə bizimlə olduğu üçün. Həmişə əlçatmazlar xatırlanır.


Müəllif: Mənsur Rəğbətoğlu