8 Aprel 2020 12:12
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı koronavirus infeksiyasının bürüdüyü, pandemiya elan olunduğu indiki günlərdə xərçəng xəstələrinin narahatlığı bir az da artıb. Çünki virus digər ağır xəstəlikləri olan, immuniteti zəif insanlara daha pis təsir göstərir.

Bəs karantin rejimi ilə əlaqədar evdən çıxmaq imkanları məhdudlaşan xərçəng xəstələri nə etməlidir, immuniteti necə gücləndirməlidir? Buna necə nail olmağın yolları haqqında Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının onkoloqu, tibb üzrə fəlsəfə doktoru Günay Əhmədova danışıb.

Teleqraf.com onunla müsahibəni təqdim edir.

– Onkoloji xəstələr orqanizmi koronavirusdan qorumaq, immuniteti gücləndirmək üçün nə etməli, hansı dərmanları qəbul etməlidir?

– Mənə də yaxınlarım, pasiyentlərim tez-tez bu sualı ünvanlayırlar. Hər kəsə bildirirəm ki, mütəxəssislər COVID-19-un xəstə və immun sistemi zəif olan insanlarda daha ağır nəticələr verə biləcəyi barədə həmfikirdirlər. Ona görə də koronavirusa qarşı mübarizə çərçivəsində hər gün televiziya ekranlarında, KİV-lərdə sadalanan qorunma amillərini diqqətdə saxlamaqla yanaşı hamının, xüsusilə də onkoloji xəstələrin düzgün qidalanması və immun sistemini gücləndirməsi olduqca vacibdir.

Gəlin aydınlaşdıraq: immunitet nədir? İmmunitet – hər bir canlıda xəstəliklərə qarşı qorunma mexanizmi yaradan, patogenləri və şiş hüceyrələrini tanıyıb onları yox edən, orqanizmi xarici və zərərli maddələrdən qoruyan mexanizmlərin toplamıdır.

İmmun sisteminin belə bir qabiliyyəti var ki, o, geniş spektrdə viruslardan parazitlərədək orqanizmə daxil olan, yaxud orqanizmlə təmasda olan bütün yad maddələrə qarşı seçim apara, həmçinin, həmin yad maddələri orqanizmin sağlam hüceyrə və toxumalarından ayırd edə bilir. İnsanda immun çatışmazlığı bir sıra xəstəliklərin meydana gəlməsilə, həyati təhlükəli infeksiyalar ilə nəticələnə bilər. Ona görə də orqanizmi istənilən xəstəlikdən, o cümlədən koronavirus infeksiyasından qorumaq üçün immuniteti möhkəmləndirmək vacibdir.

Ancaq onu da qeyd edim ki, immuniteti gücləndirmək üçün sehrli bir dərman yoxdur. İmmuniteti gücləndirməyin ən təhlükəsiz və düzgün yolu təbii qidalar və gündəlik qida rasionunun tənzimlənməsidir. Bizim immun sistemimiz insanın qidalanmasından, orqanizmə hansı qidaların daxil olmasından çox asılıdır. Ona görə də hər birimiz immunostimulyatorlar qəbul etmədən, məhz düzgün qidalanma vasitəsilə immun sistemini gücləndirə bilərik.

– Elədirsə, onda onkoloji xəstələr immuniteti gücləndirmək üçün ən önəmli hansı tədbirlər görülməlidir, hansı qidalar qəbul edilməlidir?

– Əgər immunitetinizi güclü saxlamaq istəyirsinizsə, siqaret çəkməyin, alkoqol qəbul etməyin; çox aşağı kalorili pəhrizlər (dietalar) saxlamayın. Mexaniki işlənmiş qidalar qəbul etməyin, hər şeyin təbii olanını qəbul edin. Mövsümə uyğun meyvə və tərəvəz, hər gün bir ovuc quru meyvə (badam, qoz, fındıq) yeyin. Hər gün bir stəkan kefir, yaxud bir kasa (150 ml) qatıq için, bir yumurta yeyin. Qırmızı ətdən az istifadə edin. İmmuniteti gücləndirən vitaminləri təbii qaynaqlardan almağa çalışın. Xüsusilə tərkibində A, B, C, E, D vitaminləri olan, çeşidli mineral tərkibli qidalar qəbul etməyə çalışın.

Bundan əlavə çoxlu su için. Yarısından çoxu su olan insan orqanizminin daha yaxşı fəaliyyət göstərməsi və immuniteti gücləndirməsi üçün gündə azı 1,5-2 litr su içməyiniz məsləhətdir.

– Bəziləri immuniteti gücləndirmək üçün vitaminlər qəbul edirlər. Bu nə dərəcədə düzgündür?

– İmmunitet üçün vacib əhəmiyyət daşıyan amillərdən biri D vitaminidir. İnsan orqanizmi virus və bakteriyaları öldürən antimikrob proteinlər sintez etmək üçün D vitamininə ehtiyac duyur. Orqanizmdə kifayət qədər D vitamini olmadıqda bədən viruslar və bakteriyalarla mübarizədə zəifləyir. Bu vitamin balıqda (xüsusilə somon balığı), yumurtada, süd məhsullarında boldur. Ən yaxşı D vitamini qaynağı isə günəşdir. Yəni, bu qidalar və günəşlə də D vitamininə olan ehtiyacı ödəmək olar.

Unutmayın ki, immuniteti güclü saxlamağın ən vacib yollarından biri düzgün yuxu rejimidir. Hər gün 6-8 saat qaranlıq otaqda, dərin yuxu rejimi immuniteti möhkəmləndirir. Araşdırmalar göstərib ki, gündəlik 7 saat yatanlara nisbətən 6 saat yatan insanlarda soyuqda xəstələnmə ehtimalı 4,2 dəfə daha yüksəkdir. 5 saat yatanlarda bu risk daha çoxdur. Yuxunuz pozulmasın deyə günün sonunda, yəni axşamlar kofeinli qidalardan uzaq durun, kofeinli içkilər qəbul etməyin.

Hər gün heç olmazsa 20 dəqiqə bədən tərbiyəsi ilə məşğul olun. Açıq havada müntəzəm bədən tərbiyəsi həm zehni, həm də fiziki cəhətdən son dərəcə əhəmiyyətli olub, immuniteti gücləndirir. Sonra ilıq duş alın.

– Deyirlər ki, stress, depressiya kimi gərgin durumlar da insan bədənini zəiflədir. Belədirmi?

– Bəli, dünya miqyasında aparılmış tədqiqatlar stress səviyyəsi ilə immunitet arasında asılılıq olduğunu təsdiqləyib. Müşahidələrə görə, vərdiş etdikləri həyat tərzinin dəyişməsi (məktəblərin bağlanması, xarici ölkələrə səyahətlərin ləğv olunması, karantin rejiminin tətbiqi və s.) bir qisim insanlarda streslərə yol açıb. Stress isə immuniteti zəiflədən amillərdən biridir. Buna görə də, stresdən qorunun, internetdə yayımlanan hər informasiyaya uymayın, ancaq rəsmi qaynaqlardan məlumat alın, “Evdəqal” kampaniyasına dair xəbərdarlıqları nəzərə alaraq rahatlığınızı təmin edin.

Hamımız görürük ki, Azərbaycan dövləti öz vətəndaşlarını COVID-19 pandemiyasından qorumaq üçün bir sıra vacib tədbirlər həyata keçirir. Bu halda biz vətəndaşların borcu intizamlı olmaq, özünün və ətrafındakıların sağlamlığını qorumaqla koronavirusla mübarizədə dövlətimizə yardımçı olmaqdır.

Qeyd edək ki, müsahibəni Azərbaycan Tibb Universitetinin mətbuat xidməti hazırlayıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər