8 Aprel 2020 15:59
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ölkədə anomal hava şəraiti hökm sürür. Bununla yanaşı xüsusi karantin rejimi bəzi sahələrdə işlərin dayandırılmasına səbəb olub. Maraqlıdır, havanınn temperaturunun tez-tez dəyişməsi kənd təsərrüfatına necə təsir edəcək? Karantin rejimində təsərrüfatçılar necə işləyirlər?

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktoru İmran Cümşüdov Teleqraf.com-un suallarını cavablandırıb.

- Ötən illə müqayisədə bu il yağıntının miqdarı az oldu. Bu, məhsuldarlığa təsir edəcəkmi?

- Ötən ilin yay aylarından başlayan quraqlıq yanvara qədər davam etdi. Oktyabr, noyabr, dekabr aylarında əkilmiş payızlıq əkinlərdə çıxışın alınmasında dəmyə bölgələrində çətinlik var idi. Son aylarda cüzi yağış yağdı. Yağan yağış taxılçılığa çox ciddi xeyir verdi. Torpaqda rütubət ehtiyatı artdı.

- Hazırda bəzi rayonlarda şaxtalı hava şəraiti hökm sürür. Bu meyvə ağaclarına təsirli ola bilər?

- Bəzi rayonlarda ağaclar, əsasən də çəyirdəkli meyvələr çiçək açıb. Şaxtalı hava davamlı olsa, çiçək açan ağaclara ziyan dəyə bilər. Eyni zamanda qar yağıb, lakin bir gündə əriyib. Qarın elə də çox ziyanı yoxdur.

Bütövlükdə yağıntı təsərrüfat üçün, eləcə də heyvandarlığın inkişafı, otlaqların yaşıllaşması baxımından faydalıdır. Eyni zamanda payızlıq əkinlərə, taxıl bitkiləri və yazlıq bitkilərin əkininə hazırlıq işləri gedir. Nəmlik ehtiyatı yaranıb, bu da normal qaydada cücərtinin alınmasına, bitkilərin normal inkişafına köməklik edir.

- Bu il bazarlarda qiymət artımı müşahidə oluna bilərmi?

- Kənd təsərrüfatı məhsullarının qiymətlərində bahalaşma ola bilməz. Ötən il rekord göstəricilərimiz oldu, yaxşı məhsul istehsal etdik. Kənd təsərrüfatının bütün sahələrində bol məhsulumuz oldu. Bu il də normal qaydada əkinlər aparılıb. Soğan, sarımsaq payızdan əkilib. Hazırda təzə meyvə-tərəvəzlərin yığımına başlanılacaq. Kənd təsərrüfatı məhsullarının bazarda qıtlığına heç bir şərait yoxdur.

- Xüsusi karantin rejimində kənd təsərrüfatı işçilərinin fəaliyyəti necə təmin olunub?

- Kənd təsərrüfatı bitkilərinin əksəriyyəti pandemiyadan əvvəl əkilib. Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərargahın tələblərini nəzərə alaraq fermerlərimizin kənddə, həmçinin rayonla kənd arasında sərbəst hərəkəti üçün qaydalar hazırlandıb.

Eyni zamanda paytaxtdan rayona gedəcək fermerlərimiz üçün şərait yaradılıb. Qaydalara uyğun olaraq fermerlərimiz məhdudiyyət olmadan tam şəkildə fəaliyyət göstərirlər. Hazırda sahələrdə iş başında olan təsərrüfatçılarımız var.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər