9 Aprel 2020 15:57
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin mart ayında qarölçmə işlərini aparmaq məqsədilə Milli Hidrometeorologiya Xidməti tərəfindən Böyük və Kiçik Qafqazın dağ və dağətəyi zonalarının çay hövzələrində 28 marşrut üzrə ekspedisiyalar təşkil olunub. Qarölçmə işləri zamanı hər bir marşrutda qar örtüyünün hündürlüyü və qarın miqdarı​ təyin olunduqdan sonra qarın sıxlığı və sululuğu müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qarölçmə işlərinin nəticələrinə əsasən ​ bu il Böyük Qafqaz çaylarının hövzələrində qarda olan sululuq çoxillik normanın 69-84 faizini (2019-cu ildə normanın 68-115 faizini), Kiçik Qafqaz çaylarının hövzələrində isə normanın ​78-83 faizini (2019-cu ildə normanın 110-121 faizini) təşkil edib.

Aparılan kompleks təhlillərə görə, bu ilin aprel-iyun ayları üçün gursululuq dövründə transsərhəd çaylar üzrə Kür çayından Şəmkir su anbarına gözlənilən axımın çoxillik normanın 55-67, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 52-79, Araz çayından Araz su anbarına gözlənilən axımın isə normanın 45-65 faizini təşkil edəcəyi gözlənilir.

Respublikanın yerli çayları üzrə Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) və şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında sululuğun çoxillik normaya yaxın və az (81-102 faiz), Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl), Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normadan az (42-80 faiz) olacağı gözlənilir. Bu da respublika çaylarında ​ ötən il ​ gursululuq dövrü zamanı müşahidə olunan az sululuqla səciyyələnən vəziyyətə yaxındır.

Bununla yanaşı, hər il olduğu kimi yaz-yay gursululuq dövrünün ayrı-ayrı günlərində yağacaq leysan xarakterli yağışlar ​nəticəsində ​ Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.

Qeyd edək ki, yaz-yay gursululuğuna dair hər il mütəmadi olaraq hazırlanan hidroloji proqnoz müxtəlif məqsədlərlə sudan istifadənin daha səmərəli planlaşdırılmasına, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsinə, əhalinin, energetikanın, kənd təsərrüfatının su təchizatının balanslı təşkil edilməsinə xidmət göstərir.
Ölkəmizin çaylarında gursululuq dövrünün axımı əsasən çay hövzələrində (1000-3500 metr yüksəklik zonasında) qış dövrü ərzində toplanan qar ehtiyatları və yaz yağıntıları hesabına formalaşır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər