11 Aprel 2020 09:05
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı yazıçı Zahid Sarıtorpaqdır.

Onunla müsahibəni təqdim edirik:

– Heksli soruşurdu ki, bir insan uğursuzluğuna görə başqalarını günahlandırırsa, uğurlarının şərəfini də başqalarına verməli deyilmi?

– Uğursuzluğuna görə özünü günahlandıran çox az adam tapılar. Bu, təbiidir. Hər adam öz uğursuzluğuyla barışıb, onu həzm edə bilməz. Adətən, insanların əksəriyyəti, sudan quru çıxmağa çalışır, yeri gəldi-gəlmədi, başqalarını suçlayır, özünü haqlı sayır, lazım olanda bundan ötrü hər cür ləyaqətsizliyə də əl atır. Bu psixoloji təbəddülata uğrayanların eləsi olur ki, öz “uğurunun şərəfini” başqalarına verməyi cəhənnəm, özgəsinin uğuruna da darılır, orda-burda utanıb-qızarmadan arxasınca danışıb qara yaxmaqdan yorulmur.

Uzun illərdir gündəlik tutan, qeydlər aparan bir neçə adam tanıyıram. Əvvəla onu deyim ki, gündəlik tutmaq alqışlanası işdir. Amma dərd ondadır ki, onlardan bəziləri özlərinin zaman-zaman etdiyi qəbahətlər, insanlıq adına yaraşmayan hərəkətlər haqda dəftərlərində bircə sətir də yazmırlar. Bu qənaətə bəzilərinin gündəliyini oxuduğuma görə gəlmişəm. Əlbəttə, belələrinin qeydlərində göstərilənlər bir yana, hətta, danışıqlarından, davranışlarından elə çıxır ki, bütün yer kürəsində onlardan təmiz adam yoxdur və hamı onların önündə cılızdır, uğursuzluqlarına görə isə başqaları günahkardır.

Başqa bir misal çəkim: bir də görürsən qazandığın hansısa bir uğura qısqanclıqla yanaşanlar dalda-bucaqda arxanca elə bir qaralama kampaniyası başlayırlar ki, adamın əli üzündə qalır. Niyə? Çünki o misginlər sənin qazandığın uğurların mislini görüb kölgədə qalacaqlarından qorxurlar. Amma yazıqlar olsun ki, etdikləri bütün pisliklərin gec-tez bir bumeranq kimi özlərinə qayıdacağını fikirləşmirlər. İndi özünüz deyin, belələrinin qəlbində sevgi ola bilərmi? Bəs sevgisiz qələm adamı necə? Əsla! Yəni ancaq sevgidən uzaq olanlar mənəvi qəzalara düşə bilər, ancaq sevgidən uzaq olanlar yıxıla bilər heçliklərə.

– Niyə yeniliklər həmişə əvvəlcə dəhşətli görünür? Məsələn, yeni dinlər, yeni siyasi dəyərlər ortaya çıxanda qılınc-qalxanla qarşılandı.

– Adətən, profilindən, asılı olmayaraq, yenilikləri həmişə barmaq sayda insanlar gətirir – istər elm sahəsi olsun, istər siyasət, din, incəsənət və ya ədəbiyyat. Qəbul etmək isə çoxluğun, kütlənin üzərinə düşür. Təbii ki, özündən asılı olmayaraq, qavrayışındakı, düşüncə tərzindəki nizamın pozulmasını istəməyən çoxluq buna şiddətli müqavimət göstərir. Bu məqamda heç kimi qınamaq olmaz. Ona görə ki, insan psixologiyasında oturuşmuş qavram tərzi daha çox sabitliyə köklənmiş olur, nəinki sökülüb yenidən bərqərar olmağa. Düzdür, gec-tez ehtiyac duyulan yeniliklər öz yerini tutur. Buna bəs deyincə, misallar da çəkmək olar. Bəzən isə ad-san qazanmaqdan ötrü boş-boşuna “yeniliklər” də sırıyırlar insanlığa. Düzü, inanmıram ki, belə bir yenilik xatirinə, insanları cəlb etmək üçün indi kimsə, məsələn, kostyumunu geyib, qalstukunu vurub, amma ayaqqabısız – ayaqyalın, şalvarının balaqları çırmalı vəziyyətdə evindən çıxıb işə getmiş olsun və düşünsün ki, nəsə bir yenilik eləyib...

– Çox insan başqalarını dəyişdirməyi düşünür, amma özünü dəyişdirməyi düşünmür.

– İnsandakı mənəm-mənəmlik hissi Tanrıçılıqdan gəlir, ona görə.

– Kainat kimə məxsusdur: onun yaradıcısı və sahibi həqiqətən Allahdır?

– Bu barədə antik elm adamlarından, filosoflardan, ədəbiyyatçılardan üzü bəri yetərincə fikirlər söylənsə də, saysız-hesabsız dəlillər göstərilsə də, yenə ortada böyük bir boşluq və o boşluğun içində kainatın özü boyda bir sual işarəsi qalmaqdadır. Bilirsiniz, məsələn, bu gün insan nə qədər böyük bir proqresə nail olsa da, elementar bir virusun əlində giriftardır, elə deyilmi? Bu isə onu göstərir ki, Marsa, Aya texniki vasitələr göndərən bəşər övladı bir sıra canlı, ruhi və mübhəm varlıqlar önündə hələ çox acizdir. Zaman-zaman insanların yadından çıxmayan sizin verdiyiniz bu sual indi o qədər bəsitləşib ki, deyərdim, bəlkə də öz dəyərini çoxdan itirib. Daha doğrusu, insan şüurunda bu məsləni çözməyin qarşısına elə cür inamsızlıq baryerləri qoyulub ki, bəzən adama elə gəlir, Kainat sahibinin Özü təşrif gətirib: “Buyurun, bu da Mən...” deməyincə bəşər övladı gözünü döyə-döyə hələ çox gözləməli olacaq, hər dəfə hansısa bir qənaətə gələndə şaşırıb qalacaq.

Bu məsələyə yaxın vaxtlarda “Azərbaycan” jurnalında çapını gözlədiyim “Köhnə mücrüyə elegiya” romanımda geniş yer ayırmışam. Təsadüfi deyil ki, bu, elə romanın birinci cümləsindən hiss olunur. O cümlə belədir:

Yuxudan oyanınca, həmişəki kimi: “kömək ol, Allah...” deyib gərnəşdim və gözləmədiyim halda, qəfil fərqinə vardım ki, gecə-gündüz dilimdən düşməyən “Allah” sözünün sonu “ah”la bitir... Tüklərim biz-biz oldu, yerimin içindəcə quruyub qaldım...”

Sonra isə əsərin qəhrəmanı real və irreal dünyalar qoynunda keçirdiyi yaşantılarda bir növ sizin sualınıza cavab axtarır.

– Sizcə, xəyal qurmaq bilməkdən daha önəmlidir? Məsələn, Eynşteyn xəyal qurmağın daha önəmli olduğunu deyirdi.

– Xəyal qurmayan, düşünüb-daşındıqlarının qoynunda özünü yerin-göyün sultanı kimi hiss etməyən insanlar nə qədərdir, bilmirəm. Amma var. Elə yazı-pozu əhlini götürək: guya hamısı bilgili və elmlidir? Guya onların başqa yolu var? Əlbəttə, yox. Xəyallar qoynunda dünyanın altını üstünə çevirən qələm əhli realda beş addım da ata bilməz. Bəsit də olsa deyəcəyəm: təbii ki, insanı yaşadan onun arzularının, xəyallarının gətirdiyi ruhi dinclik və estetik zövqdür. Hərçənd, özü bunun fərqində deyil. Belə olmasaydı, həyat sönərdi və ya o qədər quru, misgin, mənasız olardı ki, intiharların sayı bitib-tükənməzdi. Bu mənada Eynşteyn haqlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər