Ali məktəblərdə çalışan müəllimlərə tədris yükü ilə yanaşı, tədqiqatlara görə də vəsait verilməlidir. Dünyanın əksər ölkələrində tədqiqatlara ayrılan vəsait tədrisə ayrılan vəsaiti üstələyir və elmi tədqiqatlar əsasən universitetlərdə aparılır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev sosial şəbəkə hesabında yazıb.
Ötən gün Milli Məclis katibliyinə yazılı şəkildə təqdim etdiyi təkliflərini qeyd edən millət vəkili hesab edir ki, hər sahə üzrə bir ali məktəbin tədqiqat universitetinə çevrilməsinə maliyyə vəsaiti ayrılmalıdır: "Həmin universitetlər Texniki Universitet, UNEC, Aqrar Universitet, Neft və Sənaye Universitetidir.
Eyni zamanda, yeni tədris ilində ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılmalıdır. Koronavirusun insanların maddi durumuna təsiri mütləq nəzərə almalıdır".
Millət vəkili qeyd edib ki, distant təhsilin tətbiqi üçün ali məktəblərin maddi-texniki bazası gücləndirilməlidir: "Ali məktəblər öz daxili imkanları hesabına bunu etmək gücündə deyil. Bunun üçün büdcədən əlavə vəsait nəzərdə tutulmalıdır. Tələbələrin təqaüdləri artırılmalıdır".