10 Aprel 11:12
225

Bakının Binəqədi qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çay evi aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Releqraf.com-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində paytaxt sakini Səfalı Rüstəmovun qanunsuz olaraq özünə məxsus “Buta” adlı çay evi işlətdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. Obyektin sahibi Səfalı Rüstəmov və müştərilər saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan müştərilər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Obyektin sahibi Səfalı Rüstəmovun qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan material məhkəməyə göndərilib.


Müəllif: Hacı Zeynalov