11 Aprel 2020 18:20
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən yazımızda Azərbaycanın məşhur ictimai-siyasi xadimi, hüquqşünas Əhməd bəy Ağaoğlunun məşhur ispan qripinə yoluxmasından və günlərlə yataqda qalmasından bəhs etmişdik. Azərbaycan Cümhuriyyəti xadimlərindən Abbas bəy Atamalıbəyovun xatirələrindən aydın olur ki, yüz il öncə tüğyan edən bu yoluxucu xəstəlikdən o da əziyyət çəkib.

Abbas bəy 1895-ci ildə doğulub. Sankt-Peterburq Politexnik İnstitutunda hərbi dəniz mühəndisliyi ixtisasına yiyələnib. Zaqafqaziya Seyminin üzvü olub. 1918-ci ildə sosialist blokunun təmsilçisi kimi Azərbaycan parlamentinə üzv seçilib. 1919-cu ilin sentyabrında Parisə ezam edilib və Sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibində katib funksiyasını yerinə yetirib.

1923-cü ildə Paris Siyasi Elmlər İnstitutunu bitirib. “Prometey” hərəkatının fəallarından olub. 1941-1945-ci illərdə Almaniyada yaşayıb, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin xətti ilə alman əsirliyində olan azərbaycanlıların saxlanma şəraitinin yaxşılaşdırılması, müharibədən sonra isə onların yaşamaq üçün Türkiyəyə göndərilməsi sahəsində xidmətləri ilə fərqlənib.

Abbas bəy 1948-ci ildə Çiliyə köçüb və 1966-cı ilə qədər orada yaşayıb, bir müddət Türkiyə səfirliyində katib funksiyasını yerinə yetirib. 1966-cı ildə həyat yoldaşı Reyhan xanımın Çilidə vəfatından sonra Misirin İsgəndəriyyə şəhərində beynəlxalq şirkətdə çalışan oğlunun yanına, 1967-ci ildə isə ABŞ-ın Klivlend şəhərinə köçüb.

1971-ci ildə ABŞ-ın Klivlend şəhərində vəfat edib.

2008-ci ildə Abbas bəyin oğlu Qalib Atamalıbəyov “Azərtac”a müsahibəsində ABŞ-a köçmələri ilə bağlı bunları danışıb: “Yadımdadır, atam ABŞ Prezidenti Vudru Vilsonla görüşdüklərini danışardı. Onlar konfransda Azərbaycan Cümhuriyyətinin de-fakto tanınmasına nail olmuşdular. Lakin təəssüf ki, Cenevrədə Millətlər Liqasında müstəqil Azərbaycanı de-yure tanımaq barədə tələbləri qəbul edilmədi. O vaxt artıq bolşeviklər hakimiyyəti ələ keçirmiş və nümayəndə heyəti daha heç bir şey edə bilməmişdi. Bundan sonra atamın həyatı asan olmamışdır.

Təbii ki, o, mühəndislik təhsilini dayandırmaq məcburiyyətində qalmışdır. Azərbaycana dönə bilməyən atam Parisdə qiymətli daşlar üzrə ekspert kimi işləməyə başlamışdır. Lakin siyasi fəaliyyətini də davam etdirirdi.

Xatırlayıram, İkinci Dünya müharibəsi zamanı o, alman tərəfi ilə işləyərək, əsir düşərgələrindəki azərbaycanlıları azad etməyə çalışırdı. Atam əvvəl inanırdı ki, Azərbaycan yenidən müstəqil olacaqdır. Lakin Sovet İttifaqı möhkəmləndikdən sonra ümidini itirdi. Mən böyüyüb kimyaçı mühəndis oldum. İşimlə bağlı müxtəlif ölkələrdə yaşadım. 1947-ci ildə Çiliyə köçəndə valideynlərimi də yanıma gətirdim.

Daha sonra biz Birləşmiş Ştatlara gəldik. Beynəlmiləl ailəmiz var. Həyat yoldaşımla Serbiyada tanış olmuşam. Oğlum Misirdə, qızım isə ABŞ-da anadan olmuşdur. Lakin biz Vətənimizin Azərbaycan olduğunu unutmuruq. Bir neçə il əvvəl Vaşinqtondakı Azərbaycan səfirliyinə müraciət edib Azərbaycanda olan qohumlarımı axtarmaq qərarına gəldim. Ana babam general İbrahim ağa Vəkilov idi. Onun nəvəsi, dayım qızı, pedaqoji elmlər doktoru Leyla Vəkilovanı tapdım. O, məni Azərbaycana dəvət etdi. Səfərim çox həyəcanlı oldu. Vətəni görmək, təbii ki, mənim üçün böyük xoşbəxtlik idi”

Abbas bəy yaşlı vaxtında nəvəsi üçün xatirələrini yazıb. Tarixçi İsmayıl Umudlunun çap etdiyi xatirələrdə Abbas bəyin yüz il öncə 50 milyon insanın vəfat etdiyi məşhur ispan qripinə yoluxduğu aydın olur.

Osmanlı dövləti ilə münasibətləri qaydaya salmaq üçün Qafqaz heyətində Azərbaycanı təmsil edən Abbas bəy həmin günlərdə bu virusa yoluxduğundan bəhs edir:

“Bu danışıqların əsnasında mən bərk qripə yoluxdum ("ispan qripi"). İspanka deyilən bu qrip 1914-1918-ci illər müharibəsi ərzində tüğyan etmiş bir yoluxucu xəstəlik idi və yüz minlərcə insanı məhv etmişdi. Temperaturum 41 dərəcəyə çatmışdı və bədənim son dərəcə zəifləmişdi. Mən İstanbulun Pera Palas otelində huşumu itirmiş halda yatırdım.

Gürcüstan heyətindən olan dostum - doktor Qambaşidze qayğıma qalırdı. Yaxşı xatırlayıram ki, mən birtəhər özümə gəlib gözlərimi açanda başımın üstündə türk üslubunda qara libaslı bir xanım gördüm. O mənim alnımın tərini sildi və "sənə qurban olum" deyərək alnımdan öpürdü. Mən heç nə anlamırdım. Düşündüm ki, hər kimdirsə, görünür yanıma gəlib.

Mən gözümü tamam açanda xanım özünü təqdim etdi - Najena xanım idi və mən onu indi tanıdım, bu görüşə yamanca sevindim. Najena keçmişi yad edərək xatırlatdı ki, "səni dizimin üstündə böyütmüşəm". O, mənim anamın yaxın rəfiqələrindən idi, Artvin yaxınlığında yaşayır, ayda üç kərə oğlu ilə birlikdə bizim evə dəvət olunar və mən onun oğlu ilə oynardım.

Onlar burada yaşayan Şavşetiya prenslərindən idilər və bizə çox yaxın ailə idi. Adı Najena xanım idi; özünü nişan verdi və mən, əlbəttə, onu tanıdım və onu gördüyümə yamanca sevindim. Mən onun oğlunu soruşdum, o mənə danışdı ki, burada deyil, Acarada - Rusiya sərhədinə yaxın bir yerdədir. Mənim burada olduğumdan xəbər tutub yanıma gəlmiş, mənim ağır vəziyyətdə olduğumu bilib qayğıma qalmışdı. Bu xanımla görüşüm bu şəkildə olmuşdu...

İspanka qripindən sonra çox zəifləmiş olduğumdan Qafqaza geri qayıtdım. Hələ İstanbula yola düşməzdən iki, ya üç həftə əvvəl təzəcə evlənmişdim. Mən Qazaxda çox yüksək nəsəbli bir ailəyə mənsub İbrahim ağa Vəkillinin qızı Reyhanla evlənmişdim. Qazax vəkilləri Gürcüstan çarlarının bu əyalətdə müvəkilləri idilər. Onlar çox köhnə və qədim bəylik soyu olmaqla, yaxşı tanınırdılar. Mən Tiflisə qayıdandan sonra arvadımı da götürüb Bakıya gəldim, burada işə başlayan Azərbaycan parlamentinin üzvü idim”.

Qaynaq:

  1. Abbas bəy Atamalıbəyov. “Siyasi mühacirin xatirələri”. Bakı, 2018.
  2. Müsəllim Həsənov. “Qərib məzarlar. Fransa”, Bakı, 2016.
  3. Qalib Atamalıbəyovun “Azərtac”a müsahibəsi. 31.05.2008.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər