11 Aprel 2020 18:50
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi növbəti dəfə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.

Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların növbəti dəfə təhlili zamanı müəyyən edilib ki, bəzi hüquqi və fiziki şəxslər 2020-ci il 8 aprel tarixində edilmiş xəbərdarlıqdan nəticə çıxararaq icaze.e-gov.az portalından əsassız və lüzumsuz olan 50 000-dək icazəni ləğv edib.

Bununla belə, bir sıra hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya xidmət müqaviləsi olmadan qeydə alınmış 100 000-dən çox icazənin icaze.e-gov.az portalında aktiv qalması müəyyən edilib.

Ötən müddət ərzində portal daha da təkmilləşdirilib, istifadəçilər üçün yeni funksional imkanlar yaradılıb, fiziki və hüquqi şəxslərə sistemə yerləşdirdikləri şəxslərlə olan hüquqi münasibətlərinin (əmək və xidmət müqaviləsi) konkret qeydiyyatını aparmağa şərait yaradılıb.

Hüquqi şəxslərin vəzifəli şəxslərindən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən tələb olunur ki, 2020-ci il 13 aprel tarixinədək portalın yeni funksional imkanlarından istifadə edərək əvvəllər sistemə daxil etdikləri şəxslər arasından xidmət müqavilələri bağladıqları şəxslərin qeydiyyatını aparsınlar.

Hüquqi və fiziki şəxslər tərəfindən əmək müqavilələri və ya icaze.e-gov.az portalında qeydiyyatı aparılmış xidmət müqavilələri olmadan qeydə alınmış icazələr 2020-ci il 13 aprel tarixindən etibarən avtomatik rejimdə ləğv ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər