12 Aprel 2020 14:30
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl düz söz dediyinə görə Afaq Bəşirqızını başlarının üzərinə qaldıranlar bu dəfə yenə düz söz dediyinə görə onu ayaqlarının altına atmaq istəyirlər. Niyə? Çünki kütlə səndən düz danışmağını istəmir, onun xoşuna gələn tərzdə danışmağını istəyir. Amma əsl cəsarətli insan odur ki, öz fikirləşdiyini deyərkən hakimiyyətdə olanlardan çəkinmədiyi kimi, kütlədən də qorxmasın.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov Xalq artisti Afaq Bəşirqızının səsləndirdiyi fikirlərə görə linç edilməsinə münasibət bildirərkən deyib.

Baş redaktor hesab edir ki, ona görə də kütlə cəsarətli insanları əslində heç vaxt tam sevməyəcək:

"Ümumiyyətlə, onun sevgisi lənətin bir növüdür, hər an başqa tərəfini çevirə bilər.
Afaq xanım nə deyib ki? Onun ifadə tərzilə işim yox, mahiyyətinə baxıram. İstənilən ölkədə kəndli və şəhərli olmalıdır. Kəndli kəndliliyini etməli, öz işilə məşğul olmalı, torpağını əkməli, heyvanını saxlamalı, imkan düşən kimi, qaçıb şəhərdə kirayə otaq tutub, taksi sürmək arzusu ilə yaşamamalıdır. Bizdə kəndli kəndli olmağı bacarmır və ən pisi, istəmir. Halbuki, kəndli olmaqda pis və ayıb heç nə yoxdur, əksinə, kənd - iqtisadiyyatın çox vacib seqmentidir. Xəstə urbanizasiyadan və urbanizasiya xəstəliyindən sağalmanın dərmanı olmalıdır kənd. Amma bizdə əksinədir: Kəndli ələbaxanlığa öyrəşib, işləmək, təsərrüfat qurmaq istəmir, dövlətdən ianə gözləyir. Halbuki, torpaq onun əlindədirsə, heç bir ianəyə ehtiyacı olmamalıdır. Kəndli qaçıb şəhərdə taksi sürmək, fəhləlik etmək haqqında yox, öz torpağında inək saxlamaq, kartof əkmək haqqında düşünməlidir. Afaq xanımın dediyi bir az kobud tərzdə alınsa da, bax, bütün bunlardır. Kobud alınmasına qarışmıram - hər kəs öz fikirini ifadə etməkdə sərbəstdir. Amma mahiyyətilə yüzdə-yüz razıyam!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər