30 Sentyabr 2014 12:33
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi beynəlxalq konfransda iştirak edir

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov “Eurogeographics” təşkilatının Baş Assambleyasında müasir xəritəçəkmənin inkişaf tendensiyaları ilə bağlı müzakirələrdə iştirak edir.

28-30 sentyabr 2014-cü ildə Moldovada baş tutan beynəlxalq tədbirdə ölkəmizi DTXK-nin nümayəndələri təmsil edir. Nümayəndə heyətinə tərkibinə komitənin Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev, Abşeron rayon şöbəsinin müdiri Mübariz Vəliyev və Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru Elçin Məhərrəmov da daxildir.

Komitədən Teleqraf.com-a verilən xəbərə görə, DTXK-nin bu tədbirdə iştirakında məqsəd torpaq, geodeziya və kartoqrafiya sahələri üzrə Avropanın qabaqcıl təcrübəsinin öyrənilib, Azərbaycanda tətbiq edilməsidir. Bu səbəbdən DTKX öz fəaliyyət istiqamətlərində Avropa ölkələri ilə əməkdaşlığı genişləndirməkdədir.

DTXK “EuroGeographics”-in Baş Assambleyalarında, eləcə də biliklər mübadiləsi şəbəkələrinin iclaslarında yaxından iştirak edir.

46 Avropa ölkəsini təmsil edən, 61 təşkilatı özündə birləşdirən “EuroGeographics” assosiasiyası qurumun İdarəetmə Şurasının illik hesabatı, Şuraya yeni üzvlərin seçilməsi, 2015-ci il üçün fəaliyyət planı və büdcə kimi cari məsələlərlə yanaşı, bir sıra konseptual problemlərə də xüsusi yer ayırıb. Bunlardan kadastr məsələlərinin gələcəyinə cəmiyyətin təsiri, Avropa Məkan Platformasının milli xəritəçəkmə və kadastr təşkilatları üçün üstünlükləri kimi qlobal mövzuları xüsusilə qeyd etmək lazımdır. Dəyirmi masa ətrafında Avropa ölkələrinin müvafiq qurumlarının rəhbərləri milli xəritəçəkmə qurumlarının rolunun geoməkan informasiyasının brokeri olaraq təsbit edilməsi, böyük verilənlər inqilabı, yeni texnologiyaların milli xəritəçəkmə və kadastr təşkilatlarına təsiri və gələcəyin kadastrı mövzularında geniş müzakirələr aparırlar. Onların çatdırmaq istədikləri başlıca mesajlar aşağıdakılardır:
Cəmiyyətin gözləntiləri dəyişib, xəritəçəkmə qurumları da onlara cavab olaraq dəyişməlidir;
Avropa Məkan Platforması milli geodeziya istinad məlumatlarına və xidmətlərinə vahid nöqtədən əlçatanlığın təmin olunması tələbinə assosiasiya üzvlərinin cavabıdır;
Maliyyə, texniki və təşkilatı dəyişikliklər milli xəritəçəkmə və kadastr təşkilatları üçün yeni imkanlar yaradır.

Birləşmiş Krallığın xəritəçəkmə xidmətinin keçmiş rəhbəri doktor Vanessa Lourensin “milli kadastr, torpaq reyestri və xəritəçəkmə fəaliyyətləri Avropanın gələcəyində” mövzusunda çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, 3 dekabr 2013-cü ildə Avropa Parlamentində Avropa Məkan Platformasının təqdimatına həsr olunmuş “Gələcək üçün xəritələr” adlı tədbirdə iştirak edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Avropanın milli xəritəçəkmə, kadastr və torpaq qeydiyyatı qurumlarının fəaliyyəti mövzusunda sözügedən parlamentin üzvləri ilə bir sıra müzakirələr aparıb.

SEVİL


Müəllif:

Oxşar xəbərlər