Neft İxrac Edən Ölkələr Təşkilatı (The Organization of the Petroleum Exporting Countries) – OPEC və qeyri-OPEC ölkələrinin (yaxud OPEC+) əldə etdikləri razılığa görə neftin hasilatı azaldılır. May-iyun aylarında 23 faiz, bu ilin sonunadək 18 faiz, 2022-ci ilin aprelinədək isə 14 faiz azalma olacaq. Bunu başqa cür ifadə etsək birinci mərhələdə hasilatda 9,7 milyon barrel, sonra isə 8 və 6 milyon barrel azalma olacaq.
Bunu Teleqraf.com-a açıqlamasında “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib.
Qeyd edək ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələrinin energetika nazirlərinin videokonfrans vasitəsilə keçirilən iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.
Bu qərarın nəticələri haqqında danışan İlham Şaban qeyd edib ki, neftin qiymətinin növbəti dövrdə daha da artması ölkələr tərəfindən razılaşmaya nə dərəcədə riayət olunmasından asılı olacaq:
“Artıq bu qərarın nəticəsi kimi neft bazarında qiymətlərin qalxması ilə canlanma müşahidə olunur. Belə ki, bu qərardan sonra artıq birjalarda “qara qızıl”ın qiyməti 30 dollardan yüksək olub. Halbuki, ötən həftənin sonunda neftin qiyməti 20-25 dollar ətrafında idi. Qiymətlərin bundan sonra da qalxması mayın 1-dən sonra gələcək informasiyalardan bilavasitə asılı olacaq. Düzdür, bəziləri daha yüksək artım gözləyirdilər. Ancaq nəzərə almaq lazımdır ki, bir həftə bundan öncə bazar özünü məhz bu qiymətlərə kökləmişdi. Yəni ABŞ Prezidenti Donald Trampın məlum tvitindən sonra neftin qiyməti 30 dollardan yuxarı idi. İndi növbəti artımı biz məhz mayın 1-də bu kvotalara əməl edilməsindən sonra müşahidə edə biləcəyik. Yəni hər şey mayın 1-dən sonra daha dəqiq məlum olacaq".
İlham Şaban qeyd edib ki, neftin qiyməti həm də koronavirusun yayılma coğrafiyası və pandemiyanın təsirlərinin nə zaman minimumlaşacağından asılır:
“Əgər yaxın aylarda qlobal iqtisadiyyat mərhələli şəkildə əvvəlki vəziyyətinə qayıdarsa neftə tələbat yenidən yüksələcək. Bu da “qara qızıl”ın qiymətini artıracaq. Bax, OPEC və OPEC+ ölkələrinin qərarı o zaman özünün dolğun qiymətini alacaq”.
Qeyd edək ki, OPEC və OPEC+ ölkələrinin energetika nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutan Əməkdaşlıq Bəyannaməsi qəbul edilib. Videokonfransa OPEC plus+ ölkələri ilə yanaşı ilk dəfə olaraq Kanada, Norveç, Argentina, Braziliya, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də qatılıb. İclasda OPEC+ ölkələri gündəlik neft hasilatının müxtəlif müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə ediblər.
Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaldacaq. Beləliklə, mayın 1-dən iyulun 1-dək Azərbaycanda gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzində Azərbaycangündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.