Vaxtilə “ABA” telekanalında “100%” verilişi ilə teleməkanda fərq yarada bilmiş, hazırda ABŞ-ın Minnesota ştatında yaşayan Günel Musəvi Teleqraf.com-un suallarını cavablandırıb.
Koronavirus pandemiyası ilə əlaqədar ABŞ-dakı son durumdan danışan tanınmış aparıcı ilə müsahibəni təqdim edirik:
- Günel xanım, koronavirusa qarşı necə mübarizə aparırsınız, özünüzü, övladınızı necə qoruyusunuz?
- Biz də başqa ölkələrdə olduğu kimi karantin qaydalarına əməl edirik. Evdə qalmağa çalışırıq, harasa getmək məcburiyyətində olanda maska və əlcək taxırıq, əl yumağa imkan olmayanda isə dezinfeksiyaedici spreylərdən istifadə edirik.
Təbii ki, dünyanın koronavirus pandemiyası ilə üz-üzə qalması üzücü haldır, amma əlimizdən ancaq bu gəlir. Ümid edirəm, hamı karantin qaydalarına riayət etsə, tez bir zamanda yoluxanların sayı azalar.
Qızımı da evdə saxlayıram, yaşadığımız Minnesota ştatında bağçalar açıq olsa da, 4 həftədir övladımı bağçaya qoymuram. Demək olar ki, başqa uşaqlarla görüşdürmürəm və immunitetini qaldırmaq üçün vitaminlər verirəm.
- Yaşadığınız Minnesota ştatında insanlar karantin rejiminin qaydalarına əməl edirlərmi? Yoxsa hələ də bu virusa qeyri-ciddi yanaşanlar çoxluq təşkil edir?
- Minnesota ştatı Amerikanın mərkəzi-şimalıdir. Bizim ştatda karantin rejimi mayın 4-nə qədər elan olunub, amma uzadılacağı istisna deyil. Covid-19-a yoluxanların və infeksiyadan ölənlərin sayı başqa ştatlarla müqayisədə nisbətən azdır, 1300-ə yaxın aktiv xəstələnənlər, 75 nəfər ölü qeydə alınıb. Sakinlərin əksəriyyəti karantinə əməl edir, lakin məcbur işləyənlər işə normal qaydada gedib-gəlirlər.
Dükanlarda və küçələrdə adamları maskada və əlcəklərdə görmək olur. Təbii ki, qeyri-ciddi yanaşanlar da var, onlar ya yeniyetmələr, ya da hər şeydə bir konspirasiya axtarananlardır.
- Qeyd etdiniz ki, bağçalar açıqdır. Məktəblər də fəaliyyət göstərirmi? Karantin rejimi hansı səviyyədədir?
- Bütün təhsil ocaqları artıq 5 həftədir bağlıdır, yalnız bağçalar vacib olduğu üçün açıq qalıb. Karantinə yanaşma ciddidir. Restoranlar, bütün əyləncə və alış-veriş mərkəzlər bağlıdır. Avqusta qədər bütün aquaparklar, çimərliklər bağlı qalacaq. Təkcə supermarketlər açıqdır.
- Bəs Prezident Donald Trampın ABŞ tarixində ilk dəfə genişmiqyaslı fəlakət rejimi barədə qərarını sadə amerikalılar necə qarşıladı?
- Amerikalılar demokrat və respubikaçılara bölündüyü üçün fikirlər müxtəlifdir. Amma əksəriyyət Donald Trampın gec tərpəndiyini deyirlər. Əgər ABŞ prezidenti yanvar və ya fevraldan vəziyyətin ciddiliyini anlsaydı, fəlakəti önləyər, çox adamın həyatını xilas edə bilərdi.
- Trampa qarşı iddialar irəli sürüldüyünü vurğuladınız. Hazırda ABŞ KOVİD-19-a yoluxma və ölüm sayına görə ilk yrdədir. Sizcə, ABŞ niyə bu virusa məğlub olur? Qabaqlayıcı tədbirlərin gec görülməsinin təsiri böyükdürmü?
- Amerika həm də əhalisinin sayına görə böyük dövlətdir. Rəsmi məlumatlara görə, ölkədə 328 milyondan çox adam yaşayır, qeyri-rəsmi rəqəmlərdə 1-2 milyon çox olduğu deyilir. Donald Tramp əvvəl bu virusa qeyri-ciddi yanaşmışdı, sadəcə adi qrip xəstəliyi olduğunu düşünürdü. Vəziyyətin ciddi olduğunu anlayanda gec idi. Əgər ilin əvvəlində məsələ ilə bağlı ciddi addımlar atsaydı, vəziyyət bu həddə gəlib çıxmazdı.
-Rəsmilərin təlimatı nədən ibarətdir? Koronavirus simptomlarını özündə hiss edən şəxs səhiyyə işçiləri ilə hansı formada əlaqə saxlayır? Xəstəxanalarda vəziyyət necədir?
- Vəziyyət ağırlaşmayana qədər virusa yoluxmuş xəstələrə evdə oturub izolasiya məsləhəti verirdilər. Klinikaların çoxu telefonla və ya video bağlantı ilə konsultasiyalar edirlər.
- Supermarketlərdə istənilən məhsulu tapmaq olurmu? Maska və əlcək ehtiyaclarınızı təmin edə bilirsiniz?
- Əvvəl karantin rejimi başlayanda tualet kağızı, spirt, əlcək, maska, virus və bakteriya öldürən salfetlər, təmizlik ləvazimatları yoxa çıxmışdı, amma indi yavaş-yavaş peyda olur.
- Günel xanım, məlumdur sərhədlər bağlanıb, Azərbaycandakı doğmalarınıza necə dəstək verirsiniz?
- Azərbaycanla əlaqəni sosial media, votsap, feysbuk üzərindən yaradıram.
- Koronavirus pandemiyası həyatınıza necə təsir etdi? Bu virusun yayılmasından öncəki yaşayışınız barədə məlumat vermənizi istərdik...
- Depressiv bir vəziyyət yaranıb. Mən də daxil olmaqla insanların virusdan qorunma mübarizəsi paranoya halı alıb. Həyatm dəyişib, evimə dostlarım gəlmir. Dükana gedəndə belə qorxu yaranır ki, birdən infeksiyaya yoluxaram. Səmimi desəm, insanların içində olmaq üçün darıxmışam. Səhiyyə sektorunda çalışıram, virus yayılanda işdən də uzaqlaşdım.
- Yaşadığınız ərazidə azərbaycanlılar var? Əlaqə saxlayırsınızmı?
- Bizim ştatda 300-dən çox Azərbaycan ailəsi yaşayır. Şəxsən mən Minnesotada diaspor üzrə çalışıram. “Azerbaijani Association of Minnesota” cəmiyyəti yaratmışam. Bu cəmiyyət çərçivəsində həmvətənlərimiz bir araya gəlir, onlara dəstək veririk, eləcə də Vətənimizi tanıtmaq üçün işlər görürəm.