Hazırda koronavirus bütün dünyada tüğyan edir. Bir çox aparıcı dövlətlər pandemiya ilə mübarizədə çətinlik çəkir. Azərbaycan Respublikası, ölkə başçısı başda olmaqla bütün rəhbərlik, Operativ Qərargah, eyni zamanda vətəndaş cəmiyyəti bu bəlanın aradan qaldırılması ilə əlaqədar bacardığı addımları atır. İstər pandemiyanın qarşısının alınması, istər bu çətin dövrdə əhalinin sosial-iqtisadi və mənəvi cəhətdən dəstəklənməsi ilə bağlı dövlət səviyyəsində çox çevik siyasət həyata keçirildi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeynu deyib.
O, dövlət tərəfindən vətəndaşların sosial təminatına yönəlik iqtisadi planı yüksək qiymətləndirib: "Kütləvi İnformasiya Vasitələrinin xalqımızın, vətəndaşlarımızın ruhdan düşməməsi ilə bağlı çox böyük təbliğatını xüsusilə qeyd etmək lazımdır. Vətəndaş cəmiyyəti də ictimai nəzarəti həyata keçirdi ki, əhalimiz pandemiya təhlükəsindən xəbərdar olsun, dünyada gedən proseslərdən məlumatlı olsun.
Aydın məsələdir ki, dünyada belə problem varsa, bizdən də yan keçməyəcək. Statistika göstərir ki, biz də onun bir hissəsiyik".
Rauf Zeyni pandemiyanın qarşısını almaqdan ötrü görülən tədbirlərdə karantin rejimi və sosial dəstəyin verilməsi məsələsini xüsusi vurğulayıb: "Hətta "Azərişıq" səviyyəsində ödənişlərdə müəyyən güzsəştlərin həyata keçirilməsi dövlət tərəfindən aparılan siyasətin bir tərkib hissəsidir. Bu göstərdi ki, prezident bu çətin dövrdə vətəndaşın yanındadır. Vətəndaş özünü rahat hiss etsin, güclü olsun və bu epidemiyanın yayılmasının qarşısının alınmasında o da bir sipər kimi dayansın. Ona görə də aparılan bu sosial-iqtisadi siyasət vətəndaş cəmiyyəti tərəfindən çox yüksək qiymətləndirilir".
Rauf Zeyni qeyd edib ki, 190 manat böyük məbləğ olmasa da, dövlət bu istiqamətdə maksimum çalışır: "Belə bir aforizm var, dövlət insanları xoşbəxt etmək üçün yox, onları bədbəxtlikdən xilas etmək üçündür. Dövlət vəsaiti verəndə imkanları, büdcəni və vətəndaşların sayını nəzərə alır. Əlbəttə ki, imkanlar daha yüksək səviyyədə olsaydı, bu məbləğ 500-1000 manat da ola bilərdi.
Bu gün Azərbaycan sosial dövlət olduğunu göstərdi. Həm sahibkarlara, həm vətəndaşlara bütün səviyyələrdə yardımların göstərilməsi milyardlarla vəsait tələb edir. Dövlət bu gün cəmiyyəti, dövlətçiliyi qoruyub saxlamaq üçün bu risklərə gedir".